Yardımlıda Kür-Araz
mədəniyyətinə aid kurqanlar aşkarlanıb
Yardımlı rayonunun Kürəkçi kəndi ərazisindəki kurqanlarda arxeoloji qazıntılar aparılır. Qazıntılar nəticəsində Kür-Araz mədəniyyətinə aid kurqanların təxminən 5 min il tarixə malik olduğu aydınlaşıb.
Kurqanlar türk xalqlarının dəfn mədəniyyətində xüsusi yer tutur. Ölkəmizdə saysız kurqan mövcuddur və onların ən geniş yayıldığı ərazi Qarabağdır. Yardımlı rayonu ərazisində isə kurqanların tədqiqatına son illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi ekspedisiya qrupu tərəfindən başlanılıb. Komanı, Sarıbulaq, Şahnişin yaylaqlarında yüzlərlə kurqan abidələri mövcuddur. Yarımköçəri maldar tayfalara məxsus bu kurqanlar Erkən Tunc dövründən başlayaraq tarixin müxtəlif mərhələlərini əks etdirir.
Arxeoloji ekspedisiyanın rəhbəri deyib: “Kurqan abidələrinin qazıntısı zamanı biz e.ə. III minilliyin sonlarına, yəni Erkən Tunc dövrünün son mərhələsinə aid qəbir abidələri aşkar etmişik. Bu, bölgədə yaylaq və yüksək dağlıq ərazilərin e.ə. III minillikdən başlayaraq mənimsənildiyini sübut edən əsas faktlardan biridir”.
Komanı yaylağı deyilən, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən ərazidə Erkən Tunc dövrünə aid növbəti kurqan qazılır. Araşdırılan fərqli ölçülü kurqanlarda müxtəlif dəfn adətlərinə rast gəlinir. Dəfn edilən insanın ətrafına qoyulmuş əşyalar da müxtəlifdir. Misal üçün, son tədqiq olunan kurqandan tapılan heyvan cəmdəyi axirət dünyasına inamla bağlıdır. Həmin dövrdə yaşayan insanlar ölən şəxsin o biri dünyada bununla qidalanacağına inanıblar.
Anar Ağalarzadə bildirib ki, yeni kurqanın qazıntısı zamanı cənub bölgəsində ilk dəfə olaraq sümükdən hazırlanan iy başlığı tapılıb. Bu, bir daha sübut edir ki, bölgədə maldarlıq (qoyunçuluq) təsərrüfatı geniş yayılıbmış.
Minilliklərlə yer altında qalan bu yadigarlar Azərbaycan xalqının qədim dövr tarixinin öyrənilməsi üçün dəyərli mənbədir. Arxeoloji tədqiqatların əsas məqsədi Erkən Tunc dövründən başlayaraq yüksək dağlıq ərazilərdə insanların məskunlaşması və bu ərazilərin onlar tərəfindən necə mənimsənilməsi faktını ortaya qoymaqdır.
“Araşdırmalar göstərir ki, bölgənin tarixi çox qədim və zəngindir. Bu
araşdırmaların nəticəsində belə qənaətə
gəlmək olar ki,
Azərbaycanın cənub bölgəsində üzə
çıxarılan qədim abidələrlə Yaxın
Şərq bölgəsinin abidələri arasında bir sıra oxşarlıqlar var”,
- deyə A.Ağalarzadə bildirib.
Mədəniyyət.- 2019.- 6
sentyabr.- S.5.