Xalq rəssamı Sakit Məmmədovun İstanbulda sərgisi açılıb

 

 

İstanbulda Azərbaycanın Xalq rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü, professor Sakit Məmmədovun “Opalizmmövzusunda sərgisi açılıb.

Memar Sinan Gözəl Sənətlər Universitetinin Tophanə-i-Amirə Mədəniyyət və Sənət Mərkəzində açılan sərgi Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR-ın Türkiyədəki törəmə şirkəti – “SOCAR Türkiye Enerjinin dəstəyi ilə təşkil olunub.

Sərginin açılışında hər iki ölkənin rəsmiləri, “SOCAR Türkiye Enerjinin rəhbər şəxsləri, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, incəsənət xadimləri iştirak ediblər.

Sakit Məmmədov ekspozisiyada 160-dan çox əsərinin yer aldığını bildirib. Sərgilənən əsərlərin əksəriyyəti müxtəlif vaxtlarda dünyanın bir çox ölkəsində sənətsevərlərə təqdim edilib. Rəssamın pastel və yağlı boya ilə çəkilən “On dörd gözəl”, “Yozulmamış yuxular”, “Qırx üç otağın açarı” kimi məşhur əsərləri də sərgiyə çıxarılıb.

S.Məmmədov sərgisinin Türkiyənin bu nüfuzlu sənət mərkəzində keçirilməsinin onun üçün böyük qürur olduğunu deyib: “Mənim üçün çox dəyərli biri olan Memar Sinanın ruhunun bu gün şad olduğunu hiss edirəm”.

Sərgidə daha çox xanım portretlərinin nümayiş olunduğunu deyən rəssam fəlsəfi mövzularda hazırlanan rəsm əsərlərinin sənətsevərlər tərəfindən böyük maraqla qarşılandığını bildirib. Rəssam əsərlərində insanlara xoş və gözəl mesajlar ötürdüyünü deyib: “İnsanların problemləri çoxdur. Ona görə də tablolarımda daha çox ruhları sevindirən rənglərə və mövzulara toxunuram”.

Rusiya İmperator Rəssamlıq Akademiyasının, eləcə də bir sıra ölkələrin sənət akademiyalarının fəxri üzvü olan Sakit Məmmədov 30 ildən çoxdur bədii yaradıcılıqla məşğuldur və dünyanın ən mötəbər sərgi salonlarında, qalereyalarında keçirilən sərgilərin iştirakçısı olub.

Memar Sinan Universitetindəki sərgi oktyabrın 5-dək davam edəcək.

 

Mədəniyyət.- 2019.- 6 sentyabr.- S.1;8.