Mədəniyyət və ədəbiyyat xadimlərinə dövlət təltifləri təqdim olunub

 

 

 

Prezident İlham Əliyevin 16 may 2019-cu il tarixli sərəncamı ilə Xalq artisti, tanınmış rəqqasə Roza Cəlilova “Şöhrət” ordeni ilə təltif edilib. Dövlət başçısının 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə şairlər Vahid Əziz, Ramiz Rövşən və Musa YaqubXalq şairi”, yazıçı-dramaturqlar Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsud “Xalq yazıçısı” fəxri adlarına layiq görülüb.

Sentyabrın 4-də Mədəniyyət Nazirliyində dövlət başçısının müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət və ədəbiyyat xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev təltif olunanları təbrik edərək ölkəmizdə mədəniyyət və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilməsi ənənəsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, ümummilli liderin bu müdrik yanaşması ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir: “İnsanın əməyinin qiymətləndirilməsi onun fəaliyyətini stimullaşdırır, yaradıcılıq prosesinə müsbət təsir göstərir. Dövlətimiz yaradıcı insanların işini diqqət mərkəzində saxlayır, əsərlərinin təbliğinə dəstək verir. Prezidentin sərəncamları ilə görkəmli ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri geniş şəkildə qeyd olunur, adları əbədiləşdirilir, əsərləri çap olunur. Bütün bunlar ölkə rəhbərliyinin mədəniyyətə böyük sevgisinin göstəricisidir”.

Nazir bu gün təltif edilən incəsənət və ədəbiyyat xadimlərinin Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən insanlar olduğunu qeyd edib. Bildirib ki, Xalq artisti Roza Cəlilovanın Azərbaycan peşəkar rəqs sənətinin inkişafında özünəməxsus yeri var. Roza xanım bu gün ömrünün müdrik çağında da ruhən bağlı olduğu xoreoqrafiya sənətinin gələcəyi üçün çalışır.

Nazir qeyd edib ki, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla görkəmli ədəbiyyatşünas, dilçi alim olmaqla yanaşı, oxucuların rəğbətlə qarşıladığı yazıçı-dramaturqdur. Onun əsərləri ölkəmizin hüdudlarından kənarda da böyük maraqla oxunur. Kamal Abdulla Azərbaycanın malik olduğu multikultural dəyərlərin dünyada təbliğ olunmasında böyük xidmətlər göstərir.

Əbülfəs Qarayev yazıçı, ssenarist Natiq Rəsulzadənin 40 ildən çoxdur ədəbi yaradıcılıqla məşğul olduğunu deyib. Vurğulanıb ki, müəllifin əsərləri bir çox dillərə tərcümə edilib, müxtəlif ölkələrdə çap olunub, mükafatlara layiq görülüb. Natiq Rəsulzadənin ssenariləri əsasından çəkilən filmlər tamaşaçılar tərəfindən maraqla qarşılanır.

Nazir Azərbaycan Dövlət Tərcümə Mərkəzi İdarə heyətinin rəhbəri, yazıçı Afaq Məsudun bədii yaradıcılığından və fəaliyyətindən də söz açıb. Bildirib ki, Afaq xanım ədəbiyyatımıza və ədəbiyyatşünaslığımıza dəyərli əsərlər bəxş edən görkəmli ziyalılar nəslinin davamçısıdır. Onun rəhbərlik etdiyi Dövlət Tərcümə Mərkəzi tərəfindən Azərbaycan ədəbiyyatının dəyərli nümunələrinin müxtəlif xalqların dillərinə, eləcə də bir sıra dünya müəlliflərinin əsərlərinin dilimizə tərcümə edilərək oxucularımıza çatdırılması istiqamətində təqdirəlayiq işlər görülür. Eyni zamanda Afaq Məsud çağdaş Azərbaycan nəsrinin zənginləşməsinə sanballı töhfələr verir.

Görkəmli şair, ssenarist Ramiz Rövşənin Azərbaycan oxucusunun ən çox sevdiyi qələm sahiblərindən olduğunu deyən nazir onun C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətini yüksək qiymətləndirib. Vurğulanıb ki, Ramiz Rövşənin ssenariləri üzrə çəkilən ekran əsərləri Azərbaycan kinematoqrafiyasının qiymətli nümunələrindəndir.

Sonra Əbülfəs Qarayev dövlət təltiflərini mədəniyyət xadimlərinə təqdim edib, onlara möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıb.

Təltif olunanlar Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Mədəniyyət.- 2019.- 6 sentyabr.- S.3.