Onun bütün filmləri yüksək peşəkarlığı ilə seçilir

 

 

Rejissor Niyazi Bədəlovun 110 illik yubileyi qeyd olundu

 

Sentyabrın 10-da Azərbaycan Dövlət Film Fondunda ilk sənədli film rejissorlarımızdan Niyazi Bədəlovun (1909-1997) 110 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qeyd etdi ki, Niyazi Bədəlov Azərbaycanda milli sənədli kinonun yaradıcılarından olub. O həm Ümumittifaq Kinematoqrafiya İnstitutunun ilk azərbaycanlı məzunlarından idi görkəmli rus rejissoru Sergey Eyzenşteynin tələbəsi olmuşdu.

Qeyd olundu ki, Azərbaycan kino salnaməsinin daha da zənginləşməsində Niyazi Bədəlovun mühüm xidmətləri var. Onun yaratdığı filmlərə nəzər salanda müxtəlif sahələrdən sənədli ekran əsərləri çəkdiyinin şahidi oluruq. Rejissorun bütün filmləri yüksək peşəkarlığı, öz yozumu, quruluşu, ideya-sənətkarlıq xüsusiyyətləri ilə seçilir. Bu gün sənədli filmlər çəkilərkən rejissorun zəngin irsindən istifadə olunur.

Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə Niyazi Bədəlovun həyat sənət yolundan söhbət açdı, onunla bağlı xatirələrini bölüşdü: “Ölkəmizin kino tarixində elə yaradıcı şəxsiyyətlər var ki, onların yaradıcılığı ictimai həyatla sıx bağlı olub. Niyazi Bədəlov da belə sənətkarlardandır. Onunla şəxsən tanış olduğumdan deyə bilərəm ki, bu insan sənət üçün, xalq üçün necə can yandırırdı. Onun yaratdığı ekran əsərləri kino salnaməmizin ən yaxşı sənədli filmlərindəndir”.

Qeyd olundu ki, Şəkidə doğulan Niyazi Bədəlov əmək fəaliyyətinə 1927-ci ildə şəhərdəkiYeni yolkinoteatrında kinomexanik köməkçisi kimi başlayıb. 1931-1936-cı illərdə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb. Bakı kinostudiyasında əmək fəaliyyətini davam etdirən gənc rejissorSovet Azərbaycanı”, “Ordenli Azərbaycan”, “Gənc nəsil”, “General Həzi Aslanov”, “Dağlıq Qarabağ”, “Məhəmməd Füzuli”, “Hanı mənim övladlarım?”, “Xalq şairi Səməd Vurğun”, “Dağlarda ada”, “Onun adı Serafino idi”, “Xəzər üzərində körpü” – ümumilikdə 40-dək sənədli film, MoskvanınGünün xəbərləri”, “Sovetlər ölkəsindəkinojurnalları üçün yüzlərlə süjet çəkib.

Niyazi Bədəlov yaradıcılığının ilk illərində sovet filmlərinin Azərbaycan dilində səsləndirilməsində yaxından iştirak edib. 1930-cu illərin sonlarında Azərbaycan Dövlət Teatr Texnikumunun Kino aktyorluğu şöbəsində kino texnikası fənnindən dərs deyib. Həmçinin respublikamızda həvəskar kino hərəkatının təşkilatçılarından olub. Sənətkar 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin sərəncamına əsasən özfəaliyyət dram dərnəyi bazasında Salyan Dövlət Dram Teatrını yaradıb.

Tədbirdə daha sonra rejissorun həyat fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.

 

Fariz HÜSEYNOV

 

Mədəniyyət.- 2019.- 11 sentyabr.- S.1-2.