Xalq rəssamı Əşrəf
Heybətovun Şəkidə sərgisi
Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Almaniyada yaşayan həmyerlimiz, Xalq rəssamı, UNESCO Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Əşrəf Heybətovun “Ekspress” adlı sərgisi açılıb.
Sərginin açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova və Azərbaycan Rəssamlar İttifaqı Şəki bölməsinin rəhbəri Tahir Həmidli çıxış edərək, rəssamın yaradıcılığı və fəaliyyəti barədə məlumat veriblər.
Bildirilib ki, Əşrəf Heybətovun əsərlərinin əsas mövzusu doğma Azərbaycanla bağlıdır. Rəssamın indiyədək dünyanın bir çox ölkələrində fərdi sərgiləri təşkil edilib. Əşrəf Heybətov, eyni zamanda Rusiya Rəssamlıq Akademiyasının, Azərbaycan Rəssamlar İttifaqının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür.
Xalq rəssamı çıxışında Şəkini çox sevdiyini vurğulayaraq, sərginin təşkilinə göstərdikləri dəstəyə görə şəhər İcra Hakimiyyətinin və Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirib.
Sərgidən əvvəl Əşrəf Heybətov
“Yuxarı Karvansara” mehmanxana
kompleksinin həyətində Şəkinin
gənc rəssamları üçün ustad dərsləri də təşkil edib.
Mədəniyyət.- 2019.- 11
sentyabr.- S.3.