İsmayıllı rayonunda antropoloji ekspedisiya

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ArxeologiyaEtnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin əməkdaşları “Şahdağ qrupuna daxil olan xalqların müasir etnomədəni və etnososial durumunu tədqiq edirlər.

İnstitutdan bildiriblər ki, avqust ayında mərkəzin direktoru, antropologiya elmləri doktoru Əliağa Məmmədlinin rəhbərliyi ilə İsmayıllı rayonundaŞahdağ qrupuna daxil olan hapıtlar haqqında məlumat toplanılıb.

İsmayıllı rayonunun Mollaisaqlı və Hacıhətəmli kəndlərində kompakt şəkildə yaşayan hapıtlar vaxtilə Quba rayonunun Hapıt kəndindən köçüb gəliblər. İsmayıllı rayonunda Hapıtlı kəndi də mövcuddur. Aparılan araşdırmalar göstərdi ki, bu kəndin əhalisi “azərbaycanlı” kimliyi ilə özünü dərk edir və sakinlər arasında ünsiyyət əsasən Azərbaycan dilindədir.

Ekspedisiyanın əsas məqsədi polietnik ərazilərdə yaşayan azsaylı etnik qruplar arasında müasir etnomədəni və etnososial proseslərin öyrənilməsidir. Hapıtlar arasında aparılan müşahidələr, sorğular, müsahibələr zamanı əsas diqqət etnik identiklik (kimlik), tarixi yaddaş, ana dilinin funksionallığı, qonşu etnik qruplarla qarşılıqlı münasibət kimi problemlərə, iqtisadisosial amillərin gündəlik həyata təsiri məsələlərinə yönəlib. Məsələn, hapıtlar arasında etnik identikliyi araşdırarkən maraqlı proseslər müşahidə olunur. Hapıt dili Şimali Qafqaz dillər ailəsinin Nax-Dağıstan qrupunun ləzgi yarımqrupuna aiddir. Bəzi tədqiqatçılar hesab edirlər ki, bu dil qrız dilinin bir dialektidir.

Onların fikrincə, bu dialektlər arasında həm də Əlik və Cek kəndlərinin sakinlərinin danışdığı dillər yer alır. Ekspedisiya zamanı qeyd olunan kəndlərdə aparılan sorğular və müsahibələr bu dillərin, həqiqətən də, qohumluq əlaqələrində olduğunubu kəndlərin sakinlərinin bir-birini anlamalarını təsdiq edir. Lakin dil baxımından yaxın olan bu icmaların nümayəndələri özlərini vahid etnik birliyə aid etmirlər. Yəni etnik identiklik baxımından hapıtlar özlərini qrızlardan fərqli etnosa aid edirlər. Öz adət-ənənələri, davranış qaydaları, tarixi şəxsiyyətləri haqqında məlumat verərkən onlar etnik identikliklərini doğma kəndləri ilə əlaqələndirirlər.

Hapıtlar tarixən müxtəlif səbəblərdən aran bölgələrə köçərək məskən salmış və hazırda İsmayıllı, Qəbələ, Ağdaş rayonlarında bir neçə kəndin əsasını qoymuşlar. Bu kəndlərin çoxunun sakinləri etnik mənsubiyyətlərini hapıt kimi müəyyən edirlər. Hətta qarışıq etnik mühitdə yaşayan şəhər sakinləri olan hapıtlar etnik identikliklərini qoruyub saxlayırlar.

Toplanan məlumatlar və aparılan təhlillər qrızları və hapıtları eyni etnosa aid etməyə əsas vermir. Aydın məsələdir ki, əgər hər hansı sosial qrupun üzvləri özlərini müəyyən adla adlandırırsa və bu qrup daxilində həmrəylik prinsipi əsasında özünüdərketmə mövcuddursa, bu qrupu başqa eyni formada təşkil olunmuş qrupla eyniləşdirmək düzgün deyil.

Araşdırmalar göstərir ki, etnik qrupların nümayəndələrinin böyük bir hissəsində müəyyən dərəcədə mürəkkəb strukturlu etnik identiklik müşahidə olunur. Bu, tədqiqata cəlb olunmuş hapıtlara da aiddir.

 

Mədəniyyət.- 2019.- 11 sentyabr.- S.4.