Moskva Beynəlxalq Kitab
Sərgi-Yarmarkasında işgüzar
görüşlər
Xəbər verdiyimiz kimi, sentyabrın 4-dən 8-dək Moskvada keçirilən 32-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz də təmsil olunub. Azərbaycan stendində 200 adda, 400 nüsxədən çox kitab nümayiş olunub. Mədəniyyət Nazirliyi ilə yanaşı, “Azərnəşr” və “Şərq-Qərb” nəşriyyatları, “Azərkitab” kitab ticarəti mərkəzi də sərgidə iştirak edib.
36 kvadratmetr sahədə, xüsusi dizaynda qurulmuş stendimiz sərgi-yarmarkanın iştirakçı və qonaqları tərəfindən maraqla qarşılanıb. Sərgi-yarmarka müddətində bir sıra görüşlər keçirilib.
Rusiya Federasiyasının Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyinin Kitab sərgiləri və mütaliənin təbliği şöbəsinin müdiri Aleksandr Voropayev stendimizi ziyarət edib. Kitablarımızla tanış olan A.Voropayev milli ekspozisiya haqqında yüksək fikirlər bildirərək uğurlar arzu edib. Söhbət zamanı qarşılıqlı olaraq Bakı və Moskva kitab sərgilərində ölkələrimizin daha geniş şəkildə iştirak imkanları müzakirə edilib.
32-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasının fəxri qonaq ölkəsi olan Belarus Respublikasının İnformasiya naziri Ales Karlyukeviç də Azərbaycan stendinə baş çəkib. Təqdim olunan nəşrlərə baxan nazir ölkəmizdə kitab sənətinin yüksək səviyyədə olduğunu bildirib. İki ölkə arasında mümkün nəşr layihələri, qarşılıqlı olaraq Bakı və Minsk kitab sərgilərində iştirakın genişləndirilməsi və s. barədə fikir mübadiləsi aparılıb.
Belaruslu nazir
Azərbaycanın Minsk kitab
sərgisində fəxri qonaq ölkə kimi iştirakından məmnun
olacaqlarını söyləyib. Qonağa
bu il MDB-nin
“Kitab sənəti” Beynəlxalq müsabiqəsinin
ən yüksək mükafatını – “Qran-Pri”ni qazanmış nəşr – Nizami
Gəncəvinin “Xosrov və Şirin” kitabı və digər nəşrlər
hədiyyə edilib.
Mədəniyyət.- 2019.- 11
sentyabr.- S.4.