Azərbaycan ədəbiyyatı: dövrləşdirmə
konsepsiyası və inkişaf mərhələləri
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyası çap olunub.
İnstitutdan bildirilib ki, “Elm” nəşriyyatında işıq üzü görən kitab Azərbaycan ədəbiyyatı tarixinin elmi-nəzəri cəhətdən dövrləşdirilməsinə həsr edilmiş ilk monoqrafik tədqiqatdır. Akademik İsa Həbibbəyli tərəfindən hazırlanmış sistemli dövrləşdirmə konsepsiyası əsasında çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələləri müəyyən edilib. Elmi yeniliyi və əhəmiyyəti nəzərə alınaraq, tədqiqat işi çap olunmamışdan qabaq AMEA Rəyasət Heyətinin, AMEA Humanitar Elmlər Bölməsinin, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi şurasında və Beynəlxalq Türk Akademiyasının (Nur-Sultan) iclaslarında geniş müzakirə olunub.
Kitabda Azərbaycan ədəbiyyatı tarixinin təzkirəçilikdən elmi icmallara, ədəbiyyat tarixlərinə qədər inkişaf yolu izlənilib təhlil olunub. Bundan başqa, Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirməsi zamanı Azərbaycan xalqının milli maraqlarından və dövlətçilik meyarlarından çıxış edilərək azərbaycançılıq məfkurəsi, sivilizasiya faktoru, Azərbaycanda ədəbi cərəyanlar və ədəbi-tarixi prosesin reallıqları, prinsipləri əsas götürülüb. 450 səhifədən ibarət olan monoqrafiyada Azərbaycan ədəbiyyatı tarixinin on inkişaf mərhələsi göstərilib və hər bir ədəbi mərhələ elmi-nəzəri cəhətdən geniş şəkildə əsaslandırılıb.
Monoqrafiyada milli ədəbiyyat tariximiz mərhələlər üzrə dövrləşdirilərkən uzun illər ərzində əsas meyar kimi qəbul edilmiş marksist ictimai formasiyalar nəzəriyyəsinin tətbiqindən imtina olunub. Hələlik Müstəqil Dövlətlər Birliyi ölkələrinin heç birində, həmçinin qonşu ölkələrdə ədəbiyyat tarixinin dövrləşdirilməsi üzrə elmi-nəzəri təsnifat aparılmayıb.
Ciddi elmi-nəzəri əhəmiyyətə malik olan “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyasının elmi redaktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, məsul redaktoru filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərlidir.
Kitab tədqiqatçılar,
ali məktəb müəllimləri və
tələbələri üçün
faydalı mənbə ola bilər.
Mədəniyyət.- 2019.- 11
sentyabr.- S.6.