Mənfi obrazlar
ustası
Kinosevərlərin yaddaşında yaşayan rus aktyoru Andrey Fayt Azərbaycan kinosunda da maraqlı obrazlar yaradıb. O, Azərbaycanda yaratdığı obrazlara görə sevilməsə də, hamının yaxşı tanıdığı bir aktyordur.
Rejissor Əlisəttar Atakişiyevin “Bir qalanın sirri” filmində Göygöz kosa, rejissor Tofiq Tağızadənin “Uzaq sahillərdə” filmində isə Mazelli obrazını məharətlə yaradıb. Məşhur aktyor ömrünün sonunadək kinoya çəkilib, amma, demək olar ki, heç bir filmdə müsbət rol almayıb.
Andrey Àndråyeviç Fayt 29 avqust 1903-cü ildə Rusiyanın Nijni Novqorod şəhərində həkim ailəsində dünyaya göz açır. Atası inqilabçı təmayüllərə yaxın olub, buna görə də tez-tez həbs edilib. Növbəti dəfə həbs edildikdə Sibirə sürgün olunur. Lakin sürgünə aparılarkən öz pasiyentlərinin köməyi ilə qaçmağa müvəffəq olur. Fransaya gedir. Bir müddət sonra həyat yoldaşı iki oğlu ilə onun arxasınca gəlir. Onlar bir neçə il Paris yaxınlığındakı rus icmasında yaşayırlar. Andrey orada liseyə gedir. Birinci Dünya müharibəsi başlayanda atası fransız ordusunun həkimi kimi cəbhəyə gedir. Anası isə uşaqlarla birlikdə Moskvaya qayıdır.
Fayt gimnaziyanı Rusiyada başa vurur. Hava Donanması Mühəndisliyi
İnstitutuna daxil olur. Bu arada Sergey Eyzenşteynin “Potyomkin” filminə çəkilir.
Bundan sonra mühəndis olmaq fikrindən daşınır, aktyor olmaq həvəsinə düşür. Dövlət Kinematoqrafiya İnstitutuna qəbul olunur. 1927-ci ildə təhsilini
başa vurur. Onu da qeyd edək
ki, bu, peşəkar
sovet kinoaktyorlarının
ilk buraxılışı idi.
Aktyor sonralar xatirələr kitabında belə yazırdı: “1922-ci ilin qışı fəsl idi. Bilirdim ki, Moskvada Kinematoqrafiya İnstitutu
var. Üzümü taraş
etdim və təmiz köynək geyindim. Bu unikal
institutun yerləşdiyi
əraziyə getdim.
Təsəvvür edin, ilin ortasında cavan bir oğlan instituta gəlir və tələbə olmaq arzusunu bildirir. İnstitutun rəhbəri onu imtahana buraxır...”.
Bundan sonra o ard-arda filmlərə çəkilir. Həmişə də onu mənfi rollara dəvət edirlər.
O, personajın xarakterini
açmaq üçün
öz üzərində
çox işləyirdi.
Hər obraza uyğun hərəkətlər, baxışlar
tapırdı. Bununla
da tamaşaçını
obrazın mənfi xüsusiyyətinə inandırmağa
nail olurdu.
Andrey Fayt kinoda 60-dan çox rol oynayıb. Yaratdığı mənfi obrazlara görə, o, sovet ekranının “baş yaramaz”ı kimi tanınıb. Rejissorlar Faytı
təkcə rollara uyğun xarici görünüşünə görə deyil, mənfi rolların mənəvi aləmini çox yaxşı ifadə etdiyinə görə çəkilişə
dəvət ediblər.
Aktyor “Ələddinin sehrli çırağı”nda Məğribli
cadugər və “Əyri güzgülərin
krallığı” filmindəki
nazir Nuşrokov rollarını məharətlə
oynayıb.
Andrey Fayt xatirələr kitabında yazıb: “Məndən soruşurlar,
nə üçün
mənfi rolları oynayırsan? Bu, çətindirmi?
Əlbəttə, qəhrəmanları oynamaq xoşdur. Xüsusən, gənclikdə sənə
zillənən ilhamlı
gözləri seyr etmək məftunedicidir.
Amma bu baxışlar
mənə tanış
deyil. Mən ekranda sui-qəsdlər
törətmişəm, satqınlıq
və diversiyalara rəhbərlik etmişəm.
Ən qərarverici məqam isə mənim öz məqsədimə çatmağım olub.
Sonda mənim planlarım alt-üst olub və
cəzalanmışam. Zalda isə qopan alqışlar mənə yox, qəhrəmana ünvanlanıb...”.
Andrey Fayt qocalana qədər yaxşı formada olub. Filmlərdə tryuk səhnələrini
özü oynayıb.
60 yaşında “Əyri
güzgülərin krallığı”
filminin çəkiliş
meydanında atın üzərinə özü
tullanıb…
Görkəmli aktyor 72 yaşında, 16 yanvar 1976-cı ildə vəfat edib.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2019.- 11
sentyabr.- S.6.