Vyana mədəniyyət həftəsində
Azərbaycan gecələri
Modelyer Gülnarə Xəlilovanın
kolleksiyası xüsusi maraqla
qarşılanıb
Avstriyanın
paytaxtı Vyanada sentyabrın 1-dən 6-dək davam edən “Mədəniyyətlərarası
bağlılığın uzun gecələri” mədəniyyət
həftəsində Azərbaycan da fəal təmsil olunub. Mənzil-qərargahı
Vyana şəhərində yerləşən Beynəlxalq Mədəni
Müxtəliflik Təşkilatının (İnternational
Cultural Diversity Organization – İCDO) təşkil etdiyi silsilə
tədbirlərə Azərbaycan Mədəniyyət Mərkəzi
də tərəfdaş kimi qoşulub.
Həftə ərzində Azərbaycanın milli rəqs və geyimlərinə həsr olunmuş tədbirlər, qadınların cəmiyyətdə roluna dair podium diskussiyası və qala gecəsi keçirilib.
Mədəniyyət həftəsində ümumilikdə 60-dək ölkənin nümayəndələri iştirak edib.
Tədbirin bədii hissəsində gənc musiqiçilər kiçik konsert proqramı ilə çıxış ediblər. Gənc azərbaycanlı pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə Azərbaycan bəstəkarlarının əsərlərini, eləcə də özünün bəstələdiyi “Xocalıya” kompozisiyasını ifa edib və bu ifa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Podium diskussiyasında müxtəlif ölkələrin səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri və Vyana meriyasının rəsmiləri çıxış ediblər.
Çıxışçı qismində dəvət olunan Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova gender bərabərliyindən danışarkən diqqətə çatdırıb ki, hələ yüz il öncə Azərbaycan Xalq Cümhuriyyətində etnik, dini və sosial mənşəyindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar, o cümlədən qadınlara seçki hüququ verilmişdi. Bildirilib ki, Azərbaycanın tanınmış xeyriyyəçilərindən olan Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə Bakıda müsəlman qızlar üçün ilk dünyəvi məktəb açmış, 1908-ci ildə isə Qarabağ xanlığının son hökmdarının varislərindən Həmidə Cavanşir oğlan və qızların birlikdə oxuduğu məktəb təşkil etmişdi.
Bütün bu addımlar hələ XX əsrin əvvəlində Azərbaycanda gender bərabərliyi istiqamətində görülən işlər idi.
Podium diskussiyasında cəmiyyətdə və dövlət idarəçiliyində gender bərabərliyi, idarəçilik orqanlarında qadınların sayının artırılması, sülhün qorunması və qadınların cəmiyyətdə mövqeyinin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Mədəniyyət həftəsinin yekununda müxtəlif ölkələrin milli geyimlərindən ibarət dəfilə təşkil edilib.
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan milli geyimləri də dəfilədə təqdim edilib. Azərbaycanlı dizaynerin milli geyimlərdən ibarət kolleksiyası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Kolleksiyada Azərbaycanın müxtəlif regionlarının (Qarabağ, Bakı, Gəncə-Qazax) yüksək bədii ustalıqla tikilmiş kişi və qadın geyimləri də sərgilənib.
Tədbirin moderatoru iştirakçılara Gülnarə Xəlilovanın yaradıcılığı və onun rəhbəri olduğu Milli Geyim Mərkəzi barədə məlumat verib, milli geyimlərin moda sərgisində nümayişi üçün göstərdiyi dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.
“Mədəniyyətlərarası
bağlılığın uzun gecələri”
mədəniyyət həftəsi qala gecəsi
ilə başa çatıb.
Mədəniyyət.- 2019.- 11
sentyabr.- S.8.