Nuru paşaQafqaz İslam Ordusu rəsm əsərlərində

 

 

Sentyabrın 12-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə “Nuru paşaQafqaz İslam Ordusumövzusunda sərginin açılış mərasimi keçirildi.

Sərgi 1918-ci ilin 15 sentyabrında Osmanlı (Türkiyə) dövləti tərəfindən Azərbaycanın istiqlalına köməyə göndərilmiş Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 101-ci ildönümünə həsr olunmuşdu.

Sərginin açılışında çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirdi ki, biz eyni mədəniyyəti, eyni taleyi paylaşan dövlətlərik. Bu, dünən də belə idi, sabah da belə olacaq: “101 il öncə Qafqaz İslam Ordusu da bu taleyi qardaş Azərbaycanla bölməyə gəldi. Qafqaz İslam Ordusunun 1918-ci ilin 15 sentyabrında Bakını azad etməsi Azərbaycanın müstəqilliyinə gedən yolun bir hissəsi idi. Bu gün Azərbaycanda 14 şəhidlikdə 1130 türk oğlu qardaş torpağın bağrında uyuyur. Biz dövlət başçılarımızın qardaşlıq siyasətinə var qüvvəmizlə dəstək olaraq  bu qardaşlığımızı daim yaşatmalı və tariximizi, mədəniyyətimizi gələcək nəsillərə ötürməliyik”.

Səfir çıxışının sonunda sərginin təşkilatçılarına təşəkkür etdi.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qonaqları salamlayaraq sərginin əhəmiyyətindən söz açdı. Bildirdi ki, ötən il bu tarixi hadisə böyük möhtəşəmliklə qeyd olundu. Türkiyə-Azərbaycan dostluğu əbədiyaşardır. Atatürk və Heydər Əliyev kimi siyasətçiləri olan xalqlar daima bu siyasi öndərlərin qardaşlıq, dostluq siyasətini daha da möhkəmləndirməlidir.

Xalq rəssamı, Rəssamlar İttifaqının Qrafika şöbəsinin müdiri Arif Hüseynov sərgini gənc nəsillər üçün tarixi öyrənmək baxımından mühüm addım adlandırdı.

Layihənin kuratorları Elnurə və Aygün İsgəndərovalar sərginin təşkilinə dəstək olan səfirliyin əməkdaşlarına, Rəssamlar İttifaqına, Yasamal Rayon İcra Hakimiyyəti və rayon Heydər Əliyev Mərkəzinə minnətdarlıqlarını bildirdilər. Diqqətə çatdırıldı ki, sərgidə Azərbaycanın regionları da daxil olmaqla 35 rəssamın 40-dan artıq əsəri nümayiş olunur.

Daha sonra rəssamlara təşəkkür diplomları təqdim edildi. Sonda qonaqlar sərgi ilə tanış oldular.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 13 sentyabr.- S.2.