Yaradıcı qadınlara stimul verən layihə
Sentyabrın 11-də
“Landmark” hotelində Avropa
İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin
təşkilatçılığı ilə 17-27 sentyabr tarixində Bakıda gerçəkləşəcək “Qız qalası. Qadın olmaq”
müasir incəsənət
festivalı ilə bağlı mətbuat konfransı keçirildi.
Tədbirdə Aİ-nin Azərbaycan
üzrə nümayəndəliyinin
rəhbəri Kestutis Jankauskas, 1-ci müşaviri Denis Daniilidis,
festivalın kuratoru, Əməkdar rəssam
Sabina Şıxlinskaya və
Avropa İttifaqına
üzv dövlətlərin
səfirlikləri iştirak
edirdi.
Kurator Sabina Şıxlinskaya
bildirdi ki, festivalın adı təsadüfən “Qız
qalası. Qadın olmaq” seçilməyib.
Bu mövzu Azərbaycan
qadınlarının təməl
hüquq və azadlıqlar, o cümlədən
seçki hüququ əldə etməsinin 100
illiyi ilə əlaqəlidir. Layihənin proqramına
müxtəlif səpkidə
müasir incəsənət
kontekstində beynəlxalq
sərgi, ictimai incəsənət, videoart,
poeziya gecəsi, tematik film nümayişləri,
ustad dərsləri daxildir.
Aİ-nin Azərbaycan üzrə nümayəndəliyinin
1-ci müşaviri Denis Daniilidis
bildirdi ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 101 yaşı
tamam oldu.
Bu respublika o dövrdə
bir sıra Avropa ölkələrindən
əvvəl qadınlara
azadlıq vermişdi. Bu, təqdirəlayiq hal idi.
Qeyd olundu ki, festivalda
Avstriya, Almaniya, Hollandiya, İsveç, İsveçrə, Macarıstan,
Gürcüstan, Moldova, Ukrayna,
İran, İsrail, Türkiyə, Argentina, Meksika,
Braziliya və Kolumbiyadan sənət xadimləri, mədəniyyət
mütəxəssisləri, muzey direktorları, kurator və rəssamlar iştirak edəcəklər.
Meksikanın Azərbaycandakı səfiri
Xuan Rodriqo Labardini gender bərabərsizliyinin
hələ də bir sıra ölkələrdə
qalmasına təəssüfləndiyini
bildirdi:
“Bu məsələni həll etmək üçün biz təsirli
addımlar atmalıyıq. Qadınlar haqqında
yaradılan zərərli
stereotipləri aradan qaldırmaq lazımdır.
Mən bu festivalı Azərbaycanda qadın haqlarına verilmiş töhfə hesab edirəm”.
Aİ-nin Azərbaycan üzrə nümayəndəliyinin
rəhbəri Kestutis Jankauskas qeyd etdi ki, Avropa
Şurası və Avropa Birliyi insan haqlarını birləşdirən dəyərdir:
“Bu təqdimat da bunun bir parçasıdır.
Festival bizi qadınların
problemləri haqqında
düşünməyə, müsbət tendensiyalar ətrafında birləşməyə
vadar edir”.
Sonra media nümayəndələrinin
sualları cavablandırıldı.
Qeyd edək
ki, “Qız qalası. Qadın olmaq” layihəsi “İmagine-Avro Tolerantlıq”
və “Fantaziya” mədəni irs
festivallarından sonra
Avropa İttifaqı nümayəndəliyi tərəfindən
maliyyələşdirilən üçüncü böyük
tədbirdir.
Nurəddin MƏMMƏDLİ
Mədəniyyət.- 2019.- 13
sentyabr.- S.3.