Tariximizin daş yaddaşı – Gilan türbəsi
Kim bilir neçədir dünyanın yaşı,
Tarixin nə qədər yazısı vardır.
Hər saxsı parçası, hər məzar daşı,
Nəsildən, nəsilə bir
yadigardır!
Səməd Vurğun
Azərbaycan qədim tarixi-mədəniyyət
abidələri ilə
zəngin ölkədir. Keçmişimizi
bu günə, bu günümüzü gələcəyə daşıyan
memarlıq abidələrimiz
həm də tariximizin
qoruyucusu – daş yaddaşıdır. Belə daş
yaddaşlarımızdan biri
də Gilan türbəsidir.
Tarixdən məlumdur ki, Gilan şəhəri Orta əsrlərdə indiki Ordubad rayonu ərazisində, Araz çayının sol
sahilində salınıb. Feodal ara müharibələri
nəticəsində şəhər
dağıdılıb. Yalnız
Gilan türbəsinin bir hissəsi dövrümüzədək salamat
qalıb...
1979-cu ildə Gilan
şəhəri xarabalıqlarında
tədqiqatçılar elmi
axtarışlar aparıb. Təpəlikdə tikilmiş türbədən
(Xaraba Gilan türbəsi) maddi mədəniyyət nümunələri
aşkar edilib. Türbədə qəbirüstü sərdabə uçub-dağıldığından
məzarın kimə
məxsus olduğu müəyyən olunmayıb.
Gilan türbəsinin aşağı
hissəsi Möminə
xatın məqbərəsinə
oxşadığından həmin
tikilinin XII yüzilliyə
aid olduğu ehtimal olunub.
Gilan türbəsi
qədim şəhər
xarabalıqlarının mürəkkəb
relyefində, iri bir təpənin yamacında inşa edilib. Mütəxəssislər qeyd edirlər
ki, sərdabə daxildən səkkizbucaqlı,
xaricdən isə düzbucaqlıdır. İçərisində
sonradan tikildiyi aydın görünən
və iç quruluşu ilə uyuşmayan alçaq səki var. Gilan türbəsinin sərdabəsi
Azərbaycan və qonşu ölkələrin
orta əsr memarlığında geniş
yayılmış səkkizüzlü
sərdabələrdən giriş
qapısı ilə üzbəüz dərin taxçasına və örtük konstruksiyasına
görə fərqlənir.
Gilan sərdabəsində
örtüyün ortası
iç məkanın
mərkəzində ucalan
– yuxarıya doğru göbələkvarı genişlənən
sütuna dayanır.
Buna bənzər mərkəzi
dayaq sütunu Azərbaycan ərazisində
indiyədək iki abidədə -
Marağadakı qırmızı günbəz
(1148) və Naxçıvandakı
Möminə xatın
(1186) türbələrinin sərdabələrində aşkar
edilib.
Gilan türbəsi
quruluşca sadədir
və tikinti texnikasının səviyyəsinə
görə həmin türbələrdən geri
qalır. Maraqlıdır ki, hər üç abidə Azərbaycanın mərkəzi
hissəsində - Naxçıvan-Marağa
memarlıq məktəbi
zonasındadır.
Ancaq Gilan türbəsinin konstruksiya
baxımdan ən yaxın analogiyası Türkiyə ərazisindədir. Mütəxəssislərin
fikrincə Gilan sərdabəsi memarlıq
quruluşuna görə
Şərqi Anadolunun
Kemah qəsəbəsindəki Menqucuq Qazi türbəsi
(XII əsr) ilə eyniyyət təşkil edir. Hətta hər iki sərdabənin ölçüləri,
həcmi və hündürlüyü də
bir-birinə olduqca uyğun gəlir. Ancaq nisbətlərin ağırlığı
memarlıq elementlərində
və inşaat işlərində aydın
görünür. Bu sadəlik onu Türkiyədəki abidədən
bir qədər fərqləndirir.
AMEA-nın müxbir üzvü, Səlcuqlar dövrü Azərbaycan memarlıq abidələrinin
tədqiqatçısı Cəfər Qiyasinin fikrincə, Kemahdakı türbə də Naxçıvan-Marağa memarlıq
məktəbi nümayəndəsinin
işi ola
bilər. Belə ki, həmin
illərdə Menqucuqların
əsas tikililərini
iki azərbaycanlı memar inşa edib. Onlardan biri memar Əhməd Əbubəkr
oğlu Mərəndli
olub. Onun Sivasda ucaltdığı
abidə isə Keykavus türbəsidir.
Bu memarlıq abidəsi
görünüşcə Gilan və Kemah türbələrinə çox
bənzəyir...
Gilan sərdabəsində
türbənin tikilmə
tarixini bildirən kitabə dağıdılıb. Ancaq yuxarıda
göstərilən xüsusiyyətlər,
bir də uçuqlar içində
qalan bəzək fraqmentləri abidənin tikilmə dövrünü
aydınlaşdırmağa imkan verib. Gilan türbəsinin bəzək
ünsürləri və
materialları (bişmiş
və firuzəyi rəngli şirli kərpiclərdən yığılmış
həndəsi naxışlar
və kufi xəttli yazı parçaları, gəc üzərində oyma naxışlar) XII əsrdə
Mərkəzi Azərbaycan
şəhərlərində tikilmiş bürcvarı türbələrin memarlıq
bəzəyi və materialları ilə uyğun gəlir. Bu türbə də
Marağa və Naxçıvan türbələrinin
çoxu kimi alt kürsüsü daşdan,
üst qatı kərpicdən tikilən,
memarlıq dekorunda şirli kərpiclər işlədilən monumental abidə
olub. Bütün
bu xüsusiyyətləri
nəzərə alan mütəxəssislər
türbənin XII əsrin
sonlarında tikildiyini
söyləyiblər.
Araşdırmalardan belə qənaətə gəlinir
ki, Gilan türbəsinin aşkar edilməsi dünya memarlığında bənzərsiz
konstruktiv sistemləri
olan Möminə xatın türbəsi sərdabəsinin prototipini
aydınlaşdırmağa yardım edib...
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2019.- 13
sentyabr.- S.6.