Ölkəmizin Rusiya regionları ilə əlaqələri inkişaf edir

 

 

Mədəniyyət Nazirliyində Sverdlovsk vilayətinin nümayəndə heyəti ilə görüş

 

Sentyabrın 11-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev  Bakıda səfərdə olan Rusiya Federasiyası Sverdlovsk vilayətinin Mədəniyyət naziri Svetlana Uçaykinanı qəbul etdi.

Görüşdə Sverdlovsk vilayətinin Beynəlxalq və xarici iqtisadi əlaqələr nazirinin müavini İvan Detçenya, vilayətin qanunverici orqanının deputatı Mixail Zubarev, Sırset şəhər dairəsinin rəhbəri Dmitri Nikovski iştirak edirdi.

Əbülfəs Qarayev qonaqları salamlayaraq Azərbaycanın Rusiyanın Sverdlovsk vilayəti ilə əlaqələrində mədəniyyət sahəsinin də yer almasından məmnunluğunu bildirdi. Diqqətə çatdırdı ki, ölkəmiz Rusiyanın və dünyanın müxtəlif şəhərləri ilə mədəniyyət sahəsində müxtəlif layihələr reallaşdırır. Teatr, musiqi, rəssamlıq və digər sahələrdə təcrübə mübadiləsi həyata keçirilir. Yaradıcı gənclər birgə layihələrdə yaxından iştirak edirlər. Birgə tamaşalar, dirijorların orkestrlərlə çıxışları, aktyor və musiqiçilərin səfərləri bu əməkdaşlıq sahəsində mədəniyyətləri bir-birinə daha da yaxınlaşdırır.

Nazir Azərbaycanın zəngin mədəniyyəti haqqında qonaqlara məlumat verdi. Bildirdi ki, ölkəmizdə mədəni irsin qorunması və təbliği istiqamətində beynəlxalq əlaqələrin qurulmasına xüsusi önəm verilir.

Qarşılıqlı əlaqələrin perspektivlərindən söz açan Əbülfəs Qarayev vurğuladı ki, Azərbaycanda musiqinin müxtəlif janrlarını əhatə edən beynəlxalq festivallar keçirilir. Nazir Sverdlovsk vilayətinin incəsənət xadimlərini bu festivallarda iştiraka dəvət etdi. Bildirdi ki, 18 sentyabrMilli Musiqi Günündə Bakıda XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı işə başlayacaq. Festivalda bir çox ölkələrdən tanınmış musiqiçilər iştirak edəcək.

Sverdlovsk vilayətinin Mədəniyyət naziri Svetlana Uçaykina səmimi qəbula görə minnətdarlığını bildirdi. Vurğuladı ki, Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi geniş nümayəndə heyəti Azərbaycana gəlib. Prezident İlham Əliyev nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Rusiyanın ayrı-ayrı vilayətləri, o cümlədən də Sverdlovsk vilayəti ilə əlaqələrin genişlənməsindən məmnunluq ifadə edilib: “Bu əlaqələr sırasında mədəniyyətə də önəm verilməsi bizləri çox sevindirir. İstərdik ki, Azərbaycanda bizi təkcə sənaye mərkəzi kimi deyil, həm də mədəniyyət mərkəzi olaraq tanısınlar”.

Qonaq qeyd etdi ki, Sverdlovsk vilayətinin Azərbaycanla musiqi əlaqələri həmişə olub: “Bu əlaqələri daha da genişləndirmək istəyirik. Bir neçə gün əvvəl “Yekaterinburq Ekspo” tədbirinin təntənəli açılışında Ural Akademik Filarmoniyasının orkestri ilə birgə Azərbaycanın Xalq artisti Yusif Eyvazov və Rusiyanın Xalq artisti Anna Netrebko da səhnəyə çıxdılar. Tamaşaçılar onların çıxışlarını böyük sevgi və alqış ilə qarşıladılar”.

Rusiyalı nazir Azərbaycanla mədəni əlaqələrin inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğuladı.

Söhbət zamanı müvafiq təhsil ocaqları arasında əməkdaşlıq, o cümlədən teatr sahəsində çalışan gənc kadrların mübadiləsi, tədris ocaqlarının qarşılıqlı əlaqə imkanlarının nəzərdən keçirilməsi məsələləri müzakirə edildi. Bu xüsusda keçiriləcək görüşlərin, ustad dərslərinin bu münasibətlərin inkişafına təkan verəcəyi vurğulandı. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Azərbaycana gələn geniş nümayəndə heyətinə regional qanunverici məclisin sədri, deputatları, vilayət hökumətinin üzvləri, Ural regionunun aparıcı ali təhsil müəssisələrinin rektorları, sahibkarlar daxildir.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 13 sentyabr.- S.3.