Berlində Nəsiminin 650 illik yubileyi münasibətilə konsert
Sentyabrın 11-də Almaniyanın paytaxtı Berlində Azərbaycan Bəstəkarlar İttifaqının
təşkilatçılığı ilə böyük şair və mütəfəkkir İmadəddin
Nəsiminin 650 illiyinə
həsr olunmuş bəstəkarlarımızın əsərlərindən ibarət
konsert təşkil edilib.
Konsertdən əvvəl çıxış
edən Azərbaycanın
Almaniyadakı səfiri
Ramin Həsənov iştirakçılara İmadəddin
Nəsiminin (1369-1417) ömür
yolu və bənzərsiz yaradıcılığı
haqqında məlumat verib.
Səfir
Şamaxı şəhərində
dünyaya göz açmış İmadəddin
Nəsiminin Yaxın Şərqin görkəmli
mütəfəkkirlərinin əsərlərini mütaliə
etdiyini, dövrünün
təriqətlərinə maraq
göstərdiyini, Azərbaycan
ədəbiyyatında bədii-fəlsəfi
poeziyanın əsasını
qoyduğunu, söz sənətimizi forma və
məzmunca zənginləşdirdiyini,
özündən sonrakı
nəsillər üçün
böyük ədəbi
irs qoyub getdiyini nəzərə çatdırıb.
Azərbaycanın dünya musiqisinə böyük töhfə verdiyini qeyd edən səfir R.Həsənov müsəlman
dünyasında ilk operanın,
o cümlədən ilk balet
musiqisinin Azərbaycanda
ərsəyə gəldiyini
nəzərə çatdırıb. Rəngarəngliyi ilə seçilən Azərbaycan musiqi məktəbinin ənənəviliklə
yanaşı, müasir
formaları da özündə ehtiva etdiyini vurğulayıb.
Azərbaycan muğamından söz
açan diplomat ölkəmizdə
muğamın klassik musiqi ilə sintez edildiyini qeyd edib. Azərbaycanda klassik musiqinin
əsasının qoyulmasında
xidmətlərinə görə
dahi bəstəkar Üzeyir Hacıbəylini
xatırladan səfir Firəngiz Əlizadə və onun həmkarlarının
dahi bəstəkarın
layiqli davamçıları
olduğunu diqqətə
çatdırıb.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin yaradıcılığından
söz açan Ramin Həsənov onun 2008-ci ildə UNESCO-nun
“Sülh artisti” adına layiq
görüldüyünü, Azərbaycan mədəniyyətinin
xaricdə tərənnüm
edilməsinə, eləcə
də dünya musiqisinə böyük töhfə verdiyini nəzərə çatdırıb.
O, bəstəkarın Nəsiminin
əsərləri əsasında
ərsəyə gətirdiyi
“Dərviş”, “Zikr”,
“Nəsimi passionu” kimi əsərlərinin olduğunu bildirib.
Sonra konsert proqramı təqdim edilib.
Konsertdə Firəngiz Əlizadə
ilə yanaşı digər Azərbaycan bəstəkarlarının – Aliyə
Məmmədova, Səid
Qəni, Tahir İbişov, Firudin Allahverdi, Cəlal Abbasovun böyük şair və mütəfəkkir İmadəddin
Nəsiminin şeir və qəzəllərinin
əsasında hazırlanmış
əsərləri ifa
olunub. Xanəndə –
Qədim musiqi alətləri ansamblının
solisti, Xalq artisti Teyyub Aslanov, eləcə də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
solisti Mütəllim Dəmirov, Əməkdar
artist, soprano Afaq Abbasova
tərəfindən əsərlər
ifa edilib. İmadəddin Nəsimi obrazını
Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov canlandırıb.
Konsertdə yerli mədəni
ictimaiyyətin, Almaniyadakı səfirliyimizin və diasporumuzun nümayəndələri iştirak ediblər.
Mədəniyyət.- 2019.- 13
sentyabr.- S.1;3.