Tərəfdaş və hədiyyəni harada axtararlar? – Sərgidə!

 

 

Sərgi bir anlayış olaraq nə qədər çoxmənalı olsa da, məğzi birdir: olanı göstərmək, təklif etmək, olmayanı axtarmaq.

Sentyabrın 12-də “Bulvar Hotel Bakuda başlayan II Azərbaycan Beynəlxalq hədiyyələr və promo məhsullar (“Gift & Promo Fair 2019”), reklamçap işləri (“AdPrint 2019”) sərgiləri də olan nailiyyətləri göstərmək, yeni imkanlar təklif etmək və həm də axtardığını tapmaq niyyəti daşıyır. KiçikOrta Biznesin İnkişafı Agentliyinin (KOBİA) də dəstək göstərdiyi iki sərgidə 50-dək yerlixarici şirkətin, o cümlədən qadın sahibkarların məhsulları və əl işləri, sosial sahibkarlıq layihələri təqdim olunur. “Hədiyyələr və Promo Məhsulları Sərgisi”nin kataloqunda Azərbaycanla yanaşı, Rusiya Federasiyası və Türkiyə Respublikası şirkətlərinin də adı keçir.

Açılışda çıxış edən KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov ölkəmizdə qeyri-neft sektorunun inkişafı və iqtisadi sahələrin genişlənməsi üçün bu cür sərgilərin çox mühüm olduğunu dedi. Bildirdi ki, artıq ayrı-ayrı sahələrdə fəaliyyət göstərən kiçikorta biznes subyektlərinin sayı davamlı olaraq artır: “Maraqlıdır ki, bu inkişafda ənənəvi xalq tətbiqi-dekorativ sənəti ilə məşğul olan fiziki şəxslərin, ailə biznesinin xüsusi rolu var. Elə bizbu tədbirdə Azərbaycan milli mədəniyyətini, xalq sənətkarlığını yaşadan  iştirakçıları daha çox aradıq. Axı, hətta gündəlik işlədilən ev əşyalarının, mənzil və ofis dizaynına millilik duyğusu, sərhədlərimizdən kənarda isə Azərbaycan koloriti bəxş edən bəzək və suvenirlərin istər fərdi, istərsə də kütləvi istehsalı vacibdir”.

“ABAD” – Ailə Biznesinə Asan Dəstək mərkəzinin loqosu ilə sərgilənən milli naxışlı kaşı çay servizləri, interyer bəzəkləri, kiçik xalça məmulatları ziyarətçilər arasında daha çox diqqəti cəlb edirdi. Qurum təmsilçisindən öyrənirik ki, “abad”çılar sərgiyə əlliyədək çeşiddə məhsul çıxarıblar.

 Zaman keçdikcə məhsul çeşidini artıran  “İ love Bakuilk milli suvenir brendinin stendinə də əcnəbi ziyarətçilər daha çox maraq göstərirdilər.

“Rəsm” zərgərlik brendinin məhsullarına tamaşa edən əcnəbi qonağın rus dilində fikirlərini izah etməyə çalışdığını  eşidən kimi tanışlıq fürsətini ötürmürük. Ondan nə ilə daha çox maraqlandığını soruşuruq. Demə, özünü “sadəcə Conkimi təqdim edən amerikalı ziyarətçi qonaq sayılmazmış. Bakıda ofisi olan əcnəbi şirkətdə çalışan Con Azərbaycana da, onun mədəniyyətinə də kifayət qədər bələddir. Bu gün isə gələn həftə doğum gününü qeyd edəcək xanımı Saraya eksklüziv hədiyyə tapmaq niyyətindədir. Sözarası onu da eşitdirir ki, rus dili bilgisi əvvəl çalışdığı Rusiya şirkətində keçən illərin yadigarıdırsa, Sara Azərbaycan dilində ondan xeyli yaxşı danışır, kiçik qızı Lora isə Bakıda doğulubdilimizi bilir.

Cona xoş arzularımızı bildirib digər stendə yaxınlaşırıq. Qulaq müsafiri olduğumuz söhbətdən başa düşürük ki, ziyarətçi poliqrafiyareklam işləri ilə məşğul olan şirkətin nümayəndəsinə öz xidmətini, daha doğrusu, nəfis bloknotların üz qabığı üçün öz rəsmlərini təklif edir. Belə sərginin ən vacib cəhətinin tərəfdaş tapmaq olduğunu nəzərə alıb söhbətə qarışmırıq.

Yeri gəlmişkən, reklamçıların, öz səhifələrində mütaliəlik yazılardan daha çox yeni məhsulların reklamına yer verən yerliRusiya dərgilərinin sərgidə tez-tez gözə dəyməsi müsbət haldır: reklam bazarının gur fəaliyyəti istehsaldan asılıdır. Eyni məkanda paralel keçən “AdPrint 2019” sərgisində də sahənin yenilikləri, eləcə də reklamçap işləri sahəsinin innovativ məhsul və xidmətləri təqdim edilir. Sərgidə vizual reklam texnologiyaları, reklam xidmətləri, reklam qablaşdırması və etiketlər, çap-poliqrafiya xidmətləri, avadanlıq və ləvazimat çeşidləri də boldur.

Əslində, bu sayaq sərgilərin bəhrəsi bir neçə saatın içində bilinmir. Gələcək əməkdaşlıq təkliflərinin dəyərləndirilməsi, seçilməsi üçün zaman lazımdır.

Sərgi sentyabrın 13 və 14-də davam edəcək.

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 13 sentyabr.- S.4.