MövsümSolğun çiçəklər”lə başlasa da...

 

 

 

Sentyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrı 51-ci mövsümün ilk tamaşasını oynayacaq. Kollektiv 120 illiyi ölkə başçısının sərəncamı ilə qeyd edilən böyük dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” dramının premyerasını təqdim edəcək.

Elşən Zeynallının quruluş verdiyi tamaşada əməkdar artistlər Cəlal Məmmədov (Bəhram), Sədaqət Nuriyeva (Gülnisə), İzaməddin Bağırov (Əbdül), aktyorlar Şəhla Məmmədova (Sara), İlahə Səfərova (Pəri), İlqar İbrahimov (Hacı) çıxış edirlər. “Solğun çiçəklər”in quruluşçu rəssamı Şahin Hüseynovdur.

Bazar günü, sentyabrın 22-də oynanılacaq tamaşa da yubiley münasibətilə hazırlanıb. Teatrın 50-ci, yubiley mövsümünün sonunda təhvil verilmişSevgilim Sumqayıt” tamaşası gənclik şəhərinin bu il qeyd edilən 70 yaşına teatrın hədiyyəsidir. Əsərin müəllifi Əli Əmirli, quruluşçu rejissoru teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Hacıyevdir. Tamaşada əməkdar artistlər Fəranə Musayeva, İlahə Səfərova, Cəlal Məmmədov, Xatirə Süleymanova, aktyorlar  Kamran Muradlı, Şəms Abdullayeva,  İlahə Səfərova və b. çıxış edirlər.

Sentyabrın son  həftəsonunda da iki tamaşa göstəriləcək. Ayın 28-də Mirzə Fətəli Axundzadənin “Hacı Qara”sı səhnəyə çıxacaq. Rejissor Firudin Məhərrəmovun rəssam Mustafa Mustafayevlə yaradıcılıq tandeminin məhsulu olan bu tamaşada Akif  Mirzəyev Hacı Qara, Habil Xanlarov Heydər bəy, İlahə Səfərova Sona xanım, Əməkdar artist İlahə Səfərova isə Tükəz rollarında çıxış edirlər.

Bazar günü, ayın 29-da isə teatr öz repertuarındakı xarici dramaturgiya nümunələrindən birini təqdim edəcək. Ötən əsrin məşhur Amerika dramaturqlarından olan Con Patrikin çox populyar “Əziz Pamela” (ikinci adı – “Qocanı öldürməliyik”) pyesi əsasında hazırlanmış tamaşada əməkdar artistlər İlahə Səfərova, Rauf Atakişiyev, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, İzaməddin Bağırov və aktyor Yalçın Səlimov məşğuldur.

 

Mədəniyyət.- 2019.- 13 sentyabr.- S.5.