Cümhuriyyət yadigarının 100 illiyi Vyanada qeyd olunub

 

 

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin yol keçib. Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı əsasında ali təhsil ocağının yubiley tədbirləri ölkə hüdudlarından kənarda da qeyd edilir.

Avropanın mədəniyyət paytaxtlarından olan Vyana şəhərində Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi təntənə ilə keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) təşkil olunan yubiley tədbirinə BDU-nun rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Avstriya ictimaiyyətinin nümayəndələri, mədəniyyət və elm xadimləri, bu ölkədəki azərbaycanlı icmasının nümayəndələri qatılıblar.

Mərasim BDU tələbələrinin ifasında Azərbaycanın dövlət himninin səsləndirildiyi videokadrın nümayişi ilə başlanıb.

AMM-in rəhbəri Leyla Qasımova, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilovBDU-nun rektoru Elçin Babayev çıxış ediblər.

Leyla Qasımova bildirib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, cəmi 23 ay ömrü olsa da, tarixdə önəmli izlər qoyub. Onlardan biri də Bakı Dövlət Universitetinin təsis olunmasıdır. Cümhuriyyətin qurucuları Avropa nümunəsi əsasında ali təhsil ocağının əsasını qoymaqla yanaşı, oraya dövrün tanınmış alim və mütəxəssislərini dəvət etmişdilər.

Səfir Qalib İsrafilov çıxışında qeyd edib ki, bu ali təhsil ocağının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər Bakı Dövlət Universitetini “Azərbaycan xalqının milli sərvəti” kimi yüksək dəyərləndirib, onun məzunu kimi universitetin regionda qabaqcıl təhsil ocağına çevrilməsi üçün çox işlər görüb.

BDU-nun rektoru Elçin Babayev yubileyin yüksək səviyyədə qeyd olunmasına görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, 100 il əvvəl iki fakültə ilə fəaliyyətə başlamış universitetdə bu gün 16 fakültədə 22 mindən çox tələbə təhsil alır. Regionun qabaqcıl elm və təhsil müəssisəsi olan BDU-nun bu gün iki elmi tədqiqat institutu, zəngin laboratoriyaları, elmi mərkəzləri, 125 kafedrası, 3 milyona yaxın kitab fondu olan böyük kitabxanası var.

Universitetin 150 mindən artıq məzunu arasında dünya şöhrətli alimlər, siyasi xadimlər, görkəmli şəxsiyyətlər var. Ümummilli lider Heydər Əliyev, Nobel mükafatı laureatı Lev Landau, əfsanəvi kimyaçı Yusuf Məmmədəliyev, görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayev, dünya şöhrətli riyaziyyatçı Zahid Xəlilov, tanınmış şərqşünas alim Aida İmanquliyeva və digər onlarla məşhur sima bu şərəfli siyahıda yer tutur.  Çıxışının sonunda rektor Elçin Babayev AMM-in rəhbəri Leyla Qasımovaya BDU-nun fəxri fərmanını təqdim edib.

Tədbirin bədii hissəsində gənc dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə “Xəzər virtuozları” kamera orkestri konsert proqramı təqdim edib. Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Solistlər Cəmilə Qaraçaylı (skripka), Arslan Növrəsli (tar) və Etibar Əsədlinin (fortepiano) ifaları maraqla qarşılanıb.

Tədbirdə BDU-nun 100 illik tarixini əks etdirən videoçarx göstərilib. Mərkəzin zallarında BDU-nun 100 illik fəaliyyəti haqqında tariximüasir fotoşəkillərdən ibarət sərgi nümayiş olunub.

 

Mədəniyyət.- 2019.- 13 sentyabr.- S.8.