Dünya uşaq ədəbiyyatının səsli kitabxanası

 

 

 

Bakı şəhəri 216 nömrəli tam orta məktəbdə “Dünya uşaq ədəbiyyatının səsli kitabxanası” layihəsinin təqdimatı keçirilib.

Məktəbin direktoru Elnur Bayramov layihənin Təhsil Nazirliyinin həyata keçirdiyi III qrant müsabiqəsində ümumtəhsil məktəbləri kateqoriyasında qalib olduğunu söyləyib.

Bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması, sosial inteqrasiyası ölkənin təhsil siyasətinin vacib istiqamətlərindən biri kimi qeyd edilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb edilməsi müasir dövrün əsas problemlərindən biridirbu istiqamətdə müxtəlif metodlar tətbiq edilir. Sözügedən layihə çərçivəsində də bu istiqamətdə uşaq və yeniyetmələr üçün yeni nəsil kitabxana yaradılacaq.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan və dünya ədəbiyyatının müxtəlif nümunələri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşr olunaraq oxucuların ixtiyarına verilib. Layihə üzrə həmin əsərlərin bəziləri səsli formada məktəblilərin istifadəsinə veriləcək. 100 cildlikDünya uşaq ədəbiyyatı kitabxanası”ndan seçilən əsərlər peşəkar qiraətçilər tərəfindən studiya şəraitində səsləndiriləcək və yaradılacaq www.seslikitabxana.az saytına yerləşdiriləcək.

Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı qeyd edib ki, layihə çərçivəsində yaradılacaq səsli kitabxana görmə imkanları məhdud uşaqların, eyni zamanda ölkədəki ümumtəhsil məktəbləri şagirdlərinin böyük marağına səbəb olacaq.

Bakı şəhəri 186 nömrəli məktəbin direktoru Şakir Mikayılov və digər çıxış edənlər də layihənin əhəmiyyətindən bəhs ediblər.

 

Mədəniyyət.- 2019.- 13 sentyabr.- S. 7.