Onu niyə sevirik?...
Peşəkar kinematoqrafçıların ümdə arzularından biri də həyatın inikası kimi qəbul edilən kinonu ciddi sənət növü olaraq tamaşaçıya sevdirməkdir. Onlar istəklərinin gerçəkləşməsinə bilik və bacarıqları, istedad və zəhmətləri vasitəsilə nail olurlar.
Maraqlı və məzmunlu ekran əsərlərilə Azərbaycan kinosuna dəyərli töhfələr verən görkəmli rejissor, Əməkdar incəsənət xadimi Arif Babayev də kinonu zamanın güzgüsü timsalında bizə sevdirən, ekran obrazlarını müasirimizə, həmsöhbətimizə çevirən sənətkarlarımızdandır. Onu həmkarlarının xatirələrinə istinadən dost-tanışları qədər yaxından tanıyırıq deyə bilərik. Buna görə də filmlərindəki həssaslığın və kövrək hisslərin nədən, haradan qaynaqlandığını anlayırıq. İstedadlı rejissorun unudulmamasına səbəb də məhz könlünün gözü ilə çəkdiyi, ruhunun gözəlliyindən pay böldüyü ekran əsərləridir.
Hisslərini tərənnüm edən filmlər
Ədiblərimizdən biri haqlı olaraq qeyd edib: “Sənətkar insanları öz daxilinə yönəldir və qəlbin hamı üçün ümumi olan sirlərini açıb göstərir”. Arif Babayevin “Azərbaycanfilm” kinostudiyasında quruluş verdiyi ekran əsərləri də incə qəlbinin, həssas duyğularının, ülvi hisslərinin tərənnümüdür. Belə olmasaydı, çəkdiyi müxtəlif janrlı filmlərdə həyat üçün vacib olan faktorlar, insanlıq meyarı qabarıq şəkildə əksini tapmaz, yüksək mənəvi dəyərləri təbliğ edən kadrlar həyat məktəbinə çevrilməzdi. Quruluş verdiyi 9 bədii filmdə müsbət xarakterlər toplusu yaratmağa müvəffəq olan rejissor cəmiyyətin sevə-sevə qəbul etdiyi personajların təfsirində örnək timsallı ömür yolu olan insanların həyat tərzini ekranlara gətirib.
Arif Babayevin çəkdiyi filmlərin hər birində hüznlü xatirələr var. Müasirlərinin həyatını, əxlaq normalarını, ətrafdakılara münasibətini məntiqli şəkildə şərh edən rejissorun yaradıcılığındakı bu kimi jestləri dost və doğmalarına, uşaqlıq və gənclik illərinə sədaqəti, etibarı adlandırmaq olar.
“Bizi bağışlayın” filmində Nərimanın söylədiyi sözlər – “Mənim uşaqlıq illərimdən heç nə qalmayıb. Ağırdır, anlaşılmazdır. Sanki məni aldadıb, mənə çox əziz olanları əlimdən alıblar” – əslində, Arif Babayevin illərin axıb getməsi ilə barışmadığını, uşaqlıq dostlarını, dəyərli insanları itirməyi qəbul etmədiyini sübut edir.
Fəlsəfi-estetik əhəmiyyətə malik olan realist yaradıcılığını novatorcasına təqdim edən rejissor hər bir filmində yeni-yeni forma və üslub tətbiq edərək kameranın köməyi ilə riyazi hesablamalar qədər dəqiq təsvir etdiyi detal və xarakterləri səbir və aramla izləyir, ekran qəhrəmanlarının həyat tarixçəsini təfsilatı ilə, emosionallıqla tamaşaçıya nəql edir. Onun üçün ən vacib şərtlərdən biri də təsvir və dialoqların, mahnı və melodiyaların, texniki təchizatın hər birinin film qəhrəmanlarının xarakterinin açılmasına xidmət etməsi idi. Bu mənada personajların xarakter və psixologiyasını təsvir edən kadrlar, sözün əsl mənasında, vizual tədris vasitəsidir.
İstər televiziya, istərsə də kino fəaliyyətində müxtəlif həyat hekayələrini kameranın obyektivindən könlünün gözü ilə təqdim və təhlil edən, həmçinin münasibət bildirən rejissor qəlblərə toxunmağı, düşüncələrə sirayət etməyi bacarıb. Onun yaradıcılığının ümdə sirri çəkdiyi hər bir kadrın hisslərlə dolu olmasında, yaşarı təqdim edilməsindədir. Uğurlu ekran taleyini yaşayan filmlərinin məzmun və forma zənginliyi bu mənada həyat hekayələrinin səmimi təfsilatını nəql edir, kinonun ibrətamiz tərəflərini göstərir.
“Zirvə” ilə başlanan yol
Uzun illər televiziyada çalışmasına, kamera ilə məharətlə işləməsinə, kino texnikasının sirlərinə yaxşı bələd olmasına baxmayaraq, Arif müəllim böyük kinoya qısametrajlı filmlə gəldi. 1964-cü ildə İmran Qasımovun ssenarisi əsasında “Cazibə qüvvəsi” kinoalmanaxına daxil olan “Zirvə” novellasına quruluş verdi. Kinonovellada bir qrup alpinistin qarlı dağa çıxmasından və çətin sınaq qarşısında olan gənclərin məğrurluğundan danışılır. Mövzu mahiyyət etibarilə insanın daxili məni ilə çarpışması, şəxsiyyəti, vicdanı qarşısında hesabat verməsi, vəhşi təbiətə qarşı qalibiyyət iddiası, məqsəd və niyyətinin arxasınca gedərək gücünü təsdiqləməsindən ibarətdir.
Bundan başqa, istedadlı rejissorun filmoqrafiyasında xarakterlər toplusu təqdim edən “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi” kinopovestləri, “Gün keçdi” lirik kinopovesti, “Ömrün ilk saatı” bioqrafik filmi, “Alma almaya bənzər” lirik ekran əsəri, “Arxadan vurulan zərbə” detektiv filmi, “Bizi bağışlayın” televiziya-bədii filmi, “Birisigün, gecəyarısı…” sənədli-macəra filmi var.
Mövzu və janrı müxtəlif olan ekran əsərlərində ali ideyaları təbliğ edən qəhrəmanların hər biri filmin leytmotivini tamamlayan xüsusiyyətləri, yaşarı təqdimatları ilə diqqət çəkir. Fərqli və nümunəvi ekran obrazlarının fərdi cəhətləri, həyat missiyası ictimaiyyətin düşüncə mənbəyi, təlimatıdır. Belə ki, insanlıq və mərdlik mücəssəməsi olan ekran qəhrəmanları (Ramiz, Qurban, Nəriman, Baba Əliyev, Rüstəm və s.) seçdikləri çətin və şərəfli məsləklərinin mühafizəkarı, müdafiəçisidirlər. Filmlərin dolğun və tamamlanmış ekran həllinə nəzər saldıqda rejissorun mövzulara böyük diqqət və qayğı ilə yanaşdığını görürük.
Dəniz neftçilərinin çətin həyat şəraitini əks etdirən “İnsan məskən salır” dramında dəmir estakadalar üzərində çalışan insanların əmək fəaliyyətinin çətinliyi ilə yanaşı, onların ülvi hisslərinə, mənəvi dünyalarının mətin və kövrəkliyi mövzusuna da toxunulub. Qurudan kilometrlərlə uzaqda salınan qəsəbədə yaşayan, fırtınalı dənizin qadası-qovğası ilə çarpışan insanların da məqsədi-məramı var. Bəs görəsən, uzaqdan görünüşü ilə insanı vahiməyə salan qasırğalı-fırtınalı dənizin dəli dalğaları ilə vuruşmağa, çətin neftçi peşəsini seçməyə onları nə vadar edib? Niyə bu insanlar daimi məskən kimi məhz dənizin ortasını, dəmir estakadaları seçiblər? Cavab ekranda, obrazların təfsirində, filmin ümumi mənzərəsindədir. Sadə, bəsit həyat tərzi ilə barışmamaq, məqsədyönlü yaşamaq, şəxsiyyətlərini, fərqliliklərini zəhmətkeşlikləri sayəsində sübut etmək…
Lakin filmdən də gördüyümüz kimi, qəhrəmanların şəxsiyyətindəki daxili əzəməti, qorxmazlığı, zəhmətkeşliyi təsdiqləmək heç də onlara asan başa gəlmir. Deməli, ictimai mahiyyəti dərin olan, həyatın, mühitin qanunauyğunluğunu təmsil edən obrazlar heç də sadə deyil və filmlərdə də rejissor tərəfindən haqlı olaraq fərdilik prizmasından təhlil obyektinə çevrilib.
Cəmiyyətdəki vacib və maraqlı faktları yaradıcılığında təhlil edən Arif Babayevin ekran qəhrəmanları tipik (əsasən müsbət) keyfiyyət daşıyıcılarıdır. Bu mənada həyatın mürəkkəb olayları içərisindən ictimai mahiyyəti təmsil edən obrazları əks etdirən rejissorun ideya və təfəkkürünün məhsulu olan filmləri realist sənət nümunələridir.
Kinoya gəlməklə həm özü, həm də Azərbaycan kinosu üçün doğru seçim etdiyini yaradıcılığında təsdiqləyən Arif Babayevin ömür yolu, sözün əsl mənasında, bir örnəkdir. Həmkarlarının və doğmalarının xatirələrinə istinadən belə nəticə çıxarmaq olar ki, istedadlı rejissor bir çox müsbət cəhətlərini mizan verdiyi obrazların təfsirində göstərib. Müdriklərimiz “Həqiqi sənətkar təkcə başının ağlı ilə deyil, həm də ürəyin ağlı ilə yaşayır”, - deyirlər. Bu mənada çəkdiyi filmlərə ürəyinin ağlı ilə nəfəs, könlünün gözü ilə nur verən rejissorun bütün filmləri ali və kövrək hisslərinin tərənnümüdür.
İntuitiv yanaşma
Sevdiyi peşəsinə böyük hörmətlə yanaşan, bunu da hər bir filmində sübut edən, daha çox romantik-poetik üslubda işləyən rejissor tarixi-bioqrafik və detektiv janra müraciət etməklə ampluasız kino xadimi olduğunu təsdiqlədi. Eyni zamanda o, bu tendensiyanı filmləri vasitəsilə tamaşaçılara sevdirdiyi aktyorların yaradıcılığında da tətbiq edib.
Məsələn, Azərbaycan kinosunun simalarından olan, ekran obrazları vasitəsilə yaradıcılığı məktəb sayılan Xalq artisti Həsən Məmmədovun Arif Babayevin filmlərində rol alması aktyorla rejissorun yaradıcılıq tandeminin uğurudur. Kinorejissor Həbib İsmayılovun quruluş verdiyi “Böyük dayaq” (1962) filmindəki sakit təbiətli Qaraş surətindən sonra “Zirvə” kinonovellasında çılğın, iddialı Kamil obrazını Həsən Məmmədova böyük inamla həvalə edən Arif Babayev yaxşı bilirdi ki, kinoya yeni gələn gənc istedad daxili potensialını müxtəlif obrazlarda dolğun təqdim etməyə qadirdir. Düzgün mizan verdiyi Kamil surəti ilə də aktyorun bacarığını təsdiqlədi, ardıcıl kino obrazlarının yaranmasına stimul verdi.
Rejissor ideyasını yaradıcIlığında dolğun əks etdirən Həsən Məmmədovun emosional, yaşarı oyunu tərəf-müqabillərinin də ifalarını dəqiq çatdırmalarına imkan yaradırdı. “Zirvə” filmindən sonra o, Arif Babayevin ekranlaşdırdığı “Gün keçdi” filmində Oqtay, “Alma almaya bənzər”də Qurban, “Arxadan vurulan zərbə”də Qəmərli, “Bizi bağışlayın”da Nəriman, “Birisigün, gecəyarısı…” filmində Baba Əliyev rollarına çəkildi. Bu isə yaradıcılığının təfsirində Arif Babayev nəzərləri ilə müxtəlif dövrlərdə yaşayan fərqli insanların ictimai şərait xüsusiyyətlərini, məqsədlərini, ən başlıcası isə idrak fərqliliyini cilalamaq, çatdırmaq demək idi.
Yaradıcılıq prosesində kompozisiya tamlığına, bədii keyfiyyətin üstünlüyünə diqqət yetirən Arif Babayev üçün filmlərinin hər bir kadrının daxili dinamikası, emosional təsir gücü olmalı idi. Kadrların mənalı və dolğunluğunun təminatı üçünsə o, düzgün işıqlandırmadan, operator işindən, aktyor peşəkarlığından, hadisələrlə uzlaşan musiqi və mahnılardan məharətlə istifadə edir, istək və məqsədini gerçəkləşdirdi. “Zirvə”dən görünən, növbəti filmlərilə zirvələrə doğru yönələn önəmli xüsusiyyətləri də ona unudulmazlığı, sənət dostlarına (yaradıcı heyətə) tükənməz alqışları, biz tamaşaçılara isə mənəvi gözəllikləri bəxş etdi.
Şəhla ƏMİRLİ
Kinoşünas
Mədəniyyət.- 2019.- 13
sentyabr.- S.7.