Bakıda Dünya Mətbuat
Şuraları Assosiasiyasının illik
toplantısı
Bakıda Dünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilir. Sentyabrın 12-də işə başlayan tədbirdə Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən nümayəndələr, BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların təmsilçiləri, yerli media qurumlarının rəhbərləri və ekspertlər iştirak edirlər.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açılış sözündə diqqətə çatdırıb ki, Dünya Mətbuat Şuraları Assosiasiyası 1992-ci ildə yaradılıb. Qurumun illik toplantılarında media sahəsi ilə bağlı aktual məsələlər müzakirə olunur, problemlərin aradan qaldırılması ilə bağlı təkliflər səsləndirilir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov toplantı iştirakçılarını dövlət başçısı İlham Əliyev və hökumət adından salamlayıb. Qeyd edib ki, Azərbaycan milli mətbuatı yüz ildən artıq bir tarix çərçivəsində müxtəlif inkişaf mərhələlərini keçərək ictimai həyatımızın ayrılmaz tərkib hissəsinə və vətəndaş cəmiyyətinin hərəkətverici qüvvələrindən birinə çevrilib. Əli Həsənov Prezident Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı fərmanla KİV üzərində senzuranın ləğv edilməsi, sonrakı dövrdə kütləvi informasiya vasitələri, informasiyanın əldə olunması, milli teleradio yayımı, informasiya azadlığı və digər sahələrlə bağlı yeni qanunların qəbul olunması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan söz açıb.
Bildirib ki, ölkədə KİV-lərin, xüsusən də yazılı medianın inkişafına mühüm təsir göstərən əsas addımlardan biri də 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul edilməsi və həmin sənədin tələblərinə uyğun olaraq 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması olub. 2009-cu ildən başlayaraq KİV layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən mediaya və jurnalistlərin ehtiyacı üçün on milyonlarla manat vəsait ayrılıb. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamları ilə jurnalistlər üçün çoxmənzilli iki yaşayış binası tikilib istifadəyə verilib, üçüncünün tikintisi davam edir. Ötən illərdə yüzlərlə jurnalist fəxri ad və dövlət mükafatları ilə təltif olunub.
Diqqətə çatdırılıb ki, Azərbaycanda rəsmi qeydiyyatdan
keçmiş KİV-lərin ümumi sayı 5000-dən çoxdur.
KİV-lərin kəmiyyət göstəricilərinə
görə Azərbaycan MDB və Şərqi Avropa
ölkələri arasında birincilər sırasındadır.
Ölkədə 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal
və digər media nümunələri nəşr
olunur. 300-ə yaxın
xəbər və analitik internet
saytı, 20-yə yaxın informasiya agentliyi, rayonlarda və
bölgələrdə isə 100-ə yaxın KİV fəaliyyət
göstərir. Ölkəmizdə 11 ümumrespublika, 4 peyk,
17 kabel, 25 internet televiziyası
və 13 regional televiziya,
14 radio fəaliyyətdədir. 2005-ci ildən İctimai Televiziya və Radio fəaliyyət göstərir.
50-dən artıq jurnalist təşkilatı
qeydə alınıb,
hazırda 30-dək təşkilat
fəaliyyət göstərir.
Mətbuat yayımını həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı
23-ə çatıb.
İnternet və sosial şəbəkələrin fəaliyyəti
haqqında məlumat verən Əli Həsənov deyib ki, ölkədə
internet istifadəçilərinin sayı ümumi əhalinin 80 faizindən çoxdur və bu göstəricilərə
görə Azərbaycan
dünya ölkələri
arasında birinci sıralardadır. Az. domenində qeydiyyatdan keçən internet saytlarının
sayı 20 mini ötüb.
Eyni zamanda vətəndaşların “Facebook”,
“Twitter”, “YouTube”, “İnstagram” kimi sosial şəbəkələrə
sərbəst çıxışı
təmin edilib. 10 milyon əhalisi
olan Azərbaycanda sosial şəbəkə
istifadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır.
Hakimiyyət sosial şəbəkələrdə
qaldırılan məsələlərə
mütəmadi olaraq öz münasibətini bildirir, internetə məlumat mənbələrindən
biri kimi yanaşır və ondan istifadə edir.
Prezidentin ictimai-siyasi məsələlər
üzrə köməkçisi
deyib ki, son illərdə sosial şəbəkələr ictimai
rəyin formalaşmasına
təsir imkanlarını
artırmağa çalışır. Lakin sosial
şəbəkələrin rolunu müsbət xarakterizə edən cəhətlərlə yanaşı,
mənfi meyillər də özünü göstərir. Sosial şəbəkələrin
meydana gəlməsi bir tərəfdən söz və öz fikrini ifadə etmək azadlığının təmin
olunmasında yeni perspektivlər açır.
Digər
tərəfdən, sosial
şəbəkələrlə insan hüquqları arasındakı qarşılıqlı
təsir bəzən xoşagəlməz vəziyyət
yaradır. Məsələn, sosial şəbəkələrdə
insanların şərəf
və ləyaqətinin
alçaldılması halları
baş verir. Təəssüf ki, bu cür mənfi hallar bəzən transmilli medianın fəaliyyətində də
özünü göstərir.
Transmilli
media qurumlarının verilişlərinin
ölkədə yayılmasının
müsbət cəhəti
bundan ibarətdir ki, əhali dünyada baş verən proseslərlə bağlı operativ məlumatlar əldə etmək imkanı qazanır. Burada özünü göstərən
mənfi xüsusiyyət
isə ondadır ki, bəzən müxtəlif siyasi dairələrin və yaxud lobbi qruplarının
təsiri ilə transmilli media qurumları ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır,
obyektivlik və bitərəflik kimi prinsiplərə zidd olaraq qərəzli, subyektiv informasiyalar yayır.
Əli Həsənov çıxışını
bu fikirlərlə tamamlayıb: “Azərbaycan
hakimiyyəti söz və mətbuat azadlığının, KİV-in inkişafının təmin
edilməsini dövlət
siyasətinin əsas istiqamətlərindən biri
hesab edir. Azərbaycan hələ 1998-ci ildə Mətbuat və İnformasiya Nazirliyini ləğv edib və mətbuatın dövlət tənzimlənməsindən
birmənalı şəkildə
imtina edib. Ölkə jurnalistləri öz ümumi toplantılarında
vahid ictimai təşkilat olan Mətbuat Şurasını
yaradıblar. Bu qurum uğurlu fəaliyyət göstərir
və bugünkü möhtəşəm toplantı
da bunun əyani sübutudur”.
Türkiyənin Azərbaycandakı səfiri
Erkan Özoral tədbirdə çıxış
edərək iki ölkənin sıx tərəfdaşlığının media sahəsində də inkişaf etdiyini deyib.
BMT-nin Qlobal Kommunikasiyalar
Departamentinin Azərbaycan
üzrə təmsilçisi
Rəşad Hüseynov,
Avropa Şurasının
Bakı ofisinin nümayəndəsi Pərvanə
Bayramova və digər çıxış
edənlər Dünya
Mətbuat Şuraları
Assosiasiyasının fəaliyyətindən,
müasir medianın üzləşdiyi problemlərdən
və qarşısında
duran vəzifələrdən
bəhs ediblər.
Dünya Mətbuat
Şuraları Assosiasiyasının illik
toplantısı sentyabrın 13-də başa
çatacaq.
Mədəniyyət.- 2019.- 13
sentyabr.- S.1;3.