Yer kürəsinə təbəssüm
bəxş edək...
Dənizkənarı Milli Parkda “Nargis”
Nəşriyyat Evinin
“Make the Earth Smile” “resaykling” (təkrar emal) sərgisi açılıb. Sentyabrın 9-da açılışı keçirilən
sərgi ətraf mühitin qorunması probleminə həsr edilib. Açılışa
Heydər Əliyev Fondunun vitse-prezidenti,
İDEA-nın (“Ətraf
Mühitin Mühafizəsi
naminə Beynəlxalq
Dialoq” İctimai Birliyi) təsisçisi Leyla Əliyeva, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən
nümayəndələr, rəsmilər,
sənətkarlar, layihəyə
tərəfdaş şirkətlərin
təmsilçiləri qatılıblar.
Layihə çərçivəsində səkkiz heykəltəraş
müxtəlif istehsalat
tullantılarından qurulmuş
13 instalyasiya təqdim
olunub. Sərgi “Nargis” jurnalının
“Ekologiya” mövzusuna həsr olunmuş 63-cü
nömrəsi ilə eyni vaxta təsadüf
edib. Jurnal üz qabığında
– İDEA-nın təsisçisi
Leyla Əliyevanın fotosu ilə nəşr edilib.
“Nargis” komandası
ətraf mühitə
laqeyd olmayan insanlardır. Nəşr hər birimizin Ana Yer kürəsinin qorunmasını təşviq
və təbliğ etməkdə öz məsuliyyətini hiss edir.
“Make the Earth Smile” adlı ekoloji layihə – insanın həyat fəaliyyətinin 13 ən
vacib, Yer kürəsinə xüsusilə
zərər verən böhranlı sahəsini özündə əks etdirən instalyasiyalardan ibarətdir. Layihənin məqsədi gənc
nəsli müsbət
nəticələrlə yekunlaşan
yeni həyat tərzinə alışdırmaqdır.
Sərgidə iştirakçılara ətraf mühitə kömək etmək üçün tövsiyə
olunan 13 faydalı vərdiş təsvir edilmiş “Nargis” kitabçaları paylanıb.
Rəşad Ələkbərov, Orxan
Hüseynov, Kənan Əliyev, Sabit Zamanov, Teymur Qəribov, Fərid Rəsulov, Nurəli Şahbazov, Nazim Şükürov öz instalyasiyalarını onlara
tərəfdaşlıq edən
şirkətlərlə birgə
yaradıblar.
Sərgini ziyarət edən Təhsil naziri Ceyhun Bayramov təhsil sistemi çərçivəsində “Nargis” Nəşriyyat Evi ilə gələcək
əməkdaşlıq üçün
ekoloji layihə təklif edib. Daha sonra
nəşriyyat evinin rəhbəri Ülviyyə
Mahmudova və əməkdaşlar bulvarda
zeytun ağacı əkiblər.
Bu, “Nargis” komandasının təşkil etdiyi ilk sərgi deyil: nəşriyyat evi bu ilin aprel
ayında İstanbulda
jurnalın mövcud olduğu altı il ərzində
çəkdiyi eksklüziv
fotoşəkillərdən ibarət sərgi təqdim etmiş, iyul ayında isə Bakıdakı Müasir İncəsənət
Muzeyində “Women, Children and Well-Being” adlı xeyriyyə sərgisi keçirmişdi.
“Make the Earth Smile” sərgisi oktyabrın 5-dək davam edəcək.
Mədəniyyət.- 2019.- 13
sentyabr.- S.8.