Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı

 

 

Artıq neçə ildir ki, ölkədə teatr mövsümünün başlanğıcı sentyabr ayının ortalarında ayrıca bir gündə və hər dəfə fərqli məkanda teatr ictimaiyyəti tərəfindən xüsusi mərasimlə qeyd edilir. Budəfəki mərasimin ünvanı Şuşa teatrı oldu.

Sentyabrın 17-də Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycanda peşəkar milli teatrın 147-ci mövsümü açıldı.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 6 ünvanında keçmişSavalan” kinoteatrının binası Şuşa teatrının ixtiyarına verilib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə aparılmış tikinti və yenidənqurma işlərindən sonra ötən il dekabrın 24-də teatrın binasının açılışı keçirilib. Burada kollektivin yaradıcı fəaliyyəti üçün şərait – 110 nəfərlik tamaşa salonu, müasir səhnə, rahat məşq və qrim otaqları var.

1992-ci ildən məcburi köçkün həyatı yaşayan, şəraitsizlik üzündən nizamlı yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilməyən Azərbaycanın ən qocaman teatr kollektivlərindən olan Şuşa teatrı üçün bu bina da müvəqqəti bir məkandır. Çünki teatrın kollektivi də, bütün şuşalılar kimi, öz doğma şəhərinə qayıdacağı günü gözləyir. Lakin o zamana qədər teatrın müvafiq şərait və imkanları olmalıdır ki, zəngin sənət tarixinə layiq yaradıcı fəaliyyət göstərə bilsin...

Beləliklə, Şuşa Dövlət Musiqili Dram Teatrı yeni binasının qapılarını milli teatr mövsümünün açılışına təşrif buyuranların üzünə açdı.

Mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, yeni teatr mövsümünün açılışının bu məkanda keçirilməsinin mənası dərindir. Bu gün Şuşa işğal altında olsa da, biz gələcəyə nikbin baxırıq. Bakıda qaçqınlıq həyatı yaşayan teatr normal yaradıcılıq şəraitində çalışmağa, tamaşalar oynamağa başlayır: “Azərbaycan xalqı yaradıcı xalqdır, hər bir şəraitdə çalışmağa hazırdır. Biz əminik ki, ölkə rəhbərliyinin yeritdiyi siyasət sayəsində torpaqlarımız işğaldan azad ediləcək. İnanırıq ki, Şuşa teatrı da gələn mövsümlərdə öz şəhərində mövsümü açacaq, biz də həmin mərasimdə iştirak edəcəyik”.

Əbülfəs Qarayev qeyd etdi ki, zəngin tarixi olan İrəvan teatrı da bizim diqqətimizdədir: “Harada İrəvan xanlığının adı varsa, onu yaşatmaq mənəviyyat məsələsidir. Ümidvaram ki, gələn mövsümdə İrəvan teatrının binasının açılışında iştirak edəcəyik”.

Nazir bildirdi ki, Tiflis Azərbaycan teatrının yeni bina ilə təmin olunması məsələsi də aktualdır. Azərbaycan və Gürcüstan hökumətləri arasında bu məsələ  həllini tapacaq. Həmçinin Dərbənd Azərbaycan teatrının məkanı genişlənməlidir: “Azərbaycan peşəkar teatrının tarixinin mühüm səhifələri Bakı ilə yanaşı, Şuşa,  Tiflis, İrəvan və digər şəhərlərdə başlayıb və həmin şəhərlərdə də davam etməlidir”.

Əbülfəs Qarayev onu da qeyd etdi ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə Gəncə Dövlət Dram Teatrının yeni binasının Heydər Əliyev Fondu tərəfindən təmir-bərpası aparılır. Təmirdən sonra Gəncə Dövlət Dram Teatrının çox möhtəşəm binası olacaq.

Nazir 2019-2020-ci il sənət mövsümündə teatr ictimaiyyətini gözləyən mühüm hadisələri də diqqətə çatdırdı: “Bu il Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dövlət teatrı kimi fəaliyyətinin 100, Yuğ teatrının 30 illik yubileylərini qeyd edəcəyik”.

Ölkə başçısının teatr sənətinə xüsusi qayğısını qeyd edən Əbülfəs Qarayev bu qayğı sayəsində teatrlarımızın beynəlxalq səviyyədə də uğurla təmsil olunduğunu vurğuladı. Bildirdi ki, 1 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın yaradıcı ziyalılar ilə görüşündə teatr xadimlərinin təklif və təşəbbüsləri dövlət başçısı tərəfindən müsbət qarşılanıb.

Nazir çıxışını bu sözlərlə bitirdi: “Teatr canlı orqanizmdir, onun ağrıyan, axsayan məqamları olsa da, sağlamdır. Bu kiçik salondan böyük teatr ictimaiyyətinə müraciət edərək deyirəm ki, sizin – Azərbaycan teatr sənəti fədailərinin bu sənətin yaşamasında rolu böyükdür. Haqqınızı halal edin, hadisəyə çevriləcək uğurlar qazanın”.

***

Açılış mərasimi bitəndən sonra ev sahibi kollektiv bu mövsümün ilk premyerasını təqdim etdi. “Kitabi-Dədə Qorqud” dastanının boyları əsasında yazıçı-dramaturq Altay Məmmədovun qələmə aldığı “Dəli Domrulpyesi oynanıldı.

Tamaşaya teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov quruluş verib. Səhnə əsərinin rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Əsas rollarda Əməkdar artist Azad Məmmədov, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Zəhra Salayeva,  Mobil Qurbanov, Hamlet Qənbərov, Emin Sevdiməliyev çıxış edirdilər.

***

Sentyabr ayında yeni tədris ili ilə bərabər, yeni teatr mövsümünün başlanması özlüyündə əlamətdar haldır. Çünki dərin düşünəndə görürsən ki, elə teatr da məktəbdir, özü də həyatımız boyunca bitirə bilmədiyimiz məktəb. Səhnədə gördüyümüz tamaşalarda oynanılan hadisələr, göstərilən talelər bizə özgələrinin səhvlərindən öyrənmək şansı verir, qarşılaşa biləcəyimiz olaylardan bizi tam sığortalamasa da, hər halda oxşar situasiyada necə davranmağın yollarını cızır...

Yeni sənət mövsümünün başlanması münasibətilə sənətçilərimizi də, tamaşaçıları da təbrik edirik.

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 18 sentyabr.- S.1-2.