Bu bizim üçün ən gözəl hədiyyədir”

 

 

İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət sarayı möhtəşəm görkəm alıb

 

Sentyabrın 14-də İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət sarayının əsaslı təmirdən sonra açılışı olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva açılışda iştirak ediblər.

İvanovkalılar Mehriban Əliyevanı duz-çörəklə qarşılayıblar.

Birinci vitse-prezident Mədəniyyət sarayında yaradılan şəraitlə tanış olub.

İvanovka kəndindəki Nikitin adına kollektiv təsərrüfatın Müşahidə şurasının sədri Olqa Jabina binada görülən işlər barədə məlumat verib, yenilənən Mədəniyyət sarayının sakinlərə gözəl hədiyyə olduğunu deyib.

Mədəniyyət müəssisəsinin musiqi kollektivi ilə görüşən Mehriban Əliyeva binanın əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırıb. “İvanovka kəndində olmağıma çox şadam. Sizin yanınıza həmişə böyük məmnuniyyətlə gəlirəm”, - deyə Birinci vitse-prezident bildirib.

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva Mədəniyyət sarayının musiqi kollektivinin ifalarını dinləyib.

İvanovka Mədəniyyət sarayı 1985-ci ildə tikilib. Binada uzun müddət əsaslı təmir işləri aparılmadığından yararsız vəziyyətə düşmüşdü və mədəniyyət müəssisəsi fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdı. Prezident İlham Əliyevin 2018-ci ilin sentyabrında imzaladığı sərəncama əsasən, İvanovka kənd Mədəniyyət sarayının əsaslı təmiri, zəruri avadanlıq və inventarlarla təmin edilməsi üçün Prezidentin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,5 milyon manat vəsait ayrılıb, binanın əvvəlki memarlıq üslubu saxlanılmaqla əsaslı təmir edilib. Burada akt, banket zalları, musiqi məktəbinin fəaliyyət göstərdiyi otaqlar, rəqs salonu, kitabxana əvvəlki görkəmi saxlanılmaqla əsaslı təmir olunub.

Sonda Birinci vitse-prezident mədəniyyət müəssisəsinin kollektivinə uğurlar arzulayıb, onların konsertlərini dinləməyə gələcəyini deyib.

 

Mədəniyyət.- 2019.- 18 sentyabr.- S.2.