Növbəti tədris ilinə böyük inamla
Sentyabrın 16-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin təmirdən sonrakı vəziyyəti ilə tanışlıq və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirildi.
Əvvəlcə məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli qonaqları məktəbin təmirdən sonrakı vəziyyəti ilə tanış etdi. Bildirildi ki, məktəb Mədəniyyət Nazirliyinin dəstəyi ilə təmir edilib və yeni avadanlıqlarla təchiz olunub. Məktəbin kiçik iclas zalı, nəzəriyyə otaqları, rəqs zalı, eləcə də binanın fasad hissəsində abadlıq işləri həyata keçirilib. Təhsil ocağının nəzdində fəaliyyət göstərən skripka sexi də istifadəyə verilib. Tanınmış skripka ustası Orxan Hüseynov bu emalatxanada təkcə məktəb üçün deyil, həmçinin xarici ölkələrdə sərgilər üçün alətlər hazırlayır.
Məktəbin müəllim və şagird kollektivi yeni dərs ilində onlara yaradılan şərait üçün təşəkkürünü bildirdi.
Tədbirin rəsmi hissəsində Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov çıxış edərək kollektivi yeni dərs ilinin başlanması münasibətilə nazir Əbülfəs Qarayevin adından təbrik etdi. Sektor müdiri bildirdi ki, son illərdə respublikanın bir çox uşaq musiqi və incəsənət məktəbləri üçün yeni binalar tikilib, istifadədə olan tədris binaları əsaslı təmir edilib. Bu, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bədii təhsil sahəsinə göstərdikləri diqqət və qayğının təzahürüdür.
Sektor müdiri hazırda Heydər Əliyev Fondu tərəfindən V.Mustafazadə adına 2 saylı Uşaq incəsənət məktəbində əsaslı təmir işlərinin aparıldığını bildirdi. Qeyd etdi ki, Mədəniyyət Nazirliyi tərəfindən bu il 33 saylı Uşaq musiqi məktəbi əsaslı təmir olunub. Həmçinin 10 məktəbdə cari təmir işləri aparılacaq və istilik sistemi mövcud olmayan təhsil müəssisələrinin bu problemi aradan qaldırılacaq.
Mərkəzi İncəsənət Məktəbinin ötən tədris ilini uğurla başa vurduğunu deyən Vüqar Baxışov bildirdi ki, məktəbin 77 məzunu olub, o cümlədən 5 nəfər təhsili fərqlənmə attestatı ilə başa vurub. Məzunlardan 2019-2020-ci tədris ilində mədəniyyət və incəsənət sahələri üzrə təhsilini davam etdirmək üçün ali məktəblərə 7 nəfər, orta ixtisas məktəblərinə isə 2 nəfər daxil olub.
Qeyd olundu ki, nazirlik tərəfindən 2019-2020-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə müsabiqədən uğurla keçən 6 müəllim Mərkəzi İncəsənət Məktəbinə işə qəbul olunub. Onlardan iki nəfəri müsabiqədə ən yüksək nəticə göstərən müəllimlərdir: “Məktəbin müəllim və şagirdləri müxtəlif beynəlxalq və respublika müsabiqə, festival və sərgilərində uğur qazanıblar. Onlar dövlət tədbirlərində, bayram və əlamətdar günlərdə yaxından iştirak edirlər. Ümidvaram ki, yeni tədris ilində də kollektiv daha səylə çalışacaq və bədii təhsilimizin inkişafına öz töhfələrini verəcək”.
Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov kollektivi təbrik edərək yeni dərs ilində uğurlar arzuladı, il ərzində məktəblə birgə təşkil edilən tədbirlərin əhəmiyyətindən söz açdı.
Daha sonra yeni pedaqoji kadrlar kollektivə təqdim olundu. Məktəbin ali və orta ixtisas məktəblərinə qəbul olunan məzunlarına təşəkkürnamələr təqdim edildi.
Tədbir konsert proqramı ilə davam etdi. Məktəbin direktoru
Əziz Qarayusifli və müəllimlər
Hacı Məmmədzadə,
Tatyana Qarayusiflinin ifasında
F.Krommerin “İki klarnet üçün konsert”, şagirdlərin ifasında D.Dadaşovun “Skerso”, K.Dmitreskunun “Kəndli rəqsi” və “Sarı gəlin” Azərbaycan xalq mahnısı səsləndi.
LALƏ
Mədəniyyət.- 2019.- 18
sentyabr.- S.3.