Yeniləşən tədris ocaqları

 

 

33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib

 

Sentyabrın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 33 nömrəli Uşaq musiqi məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev dərs ilinin başlanması münasibətilə kollektivə təbriklərini çatdırdı, yeni uğurlar arzuladı. Nazir qeyd etdi ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində mədəniyyət sahəsinin inkişafı istiqamətində əhəmiyyətli layihələr həyata keçirilir: “Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, mədəniyyət müəssisələri bərpa olunur, maddi-texniki bazası möhkəmləndirilir. Bu istiqamətdə həyata keçirilən işlərə Heydər Əliyev Fondu da böyük dəstək verir. Bizöz növbəmizdə paytaxtdaregionlarda fəaliyyət göstərən onlarla məktəbdə lazımi şəraitin yaradılması üçün addımlar atırıq”.

Diqqətə çatdırıldı ki, əsaslı təmir olunan yeddiillik musiqi məktəbində 330-dan çox şagird təhsil alır. 80-dən çox müəllim 11 fənni tədris edir: “İnanıram ki, paytaxtın Nizami rayonunda yerləşən bu təhsil ocağı musiqiyə meyilli gənclərimizin yaradıcılıq potensialının üzə çıxarılmasına təkan verəcək”.

Əbülfəs Qarayev vurğuladı ki, həm nazirlik, həm də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr dünyada Azərbaycan musiqisinə marağı artırır. Bu istiqamətdə səyləri artırmalı, xüsusi ifaları, dərsləri, musiqi parçalarını internetin imkanlarından istifadə edərək, “YouTube” vasitəsilə dünyaya yaymalı, daha geniş ictimaiyyətə çatdırmalıyıq: “Təəssüf ki, Azərbaycan musiqiçilərinin əsərləri virtual şəbəkəyə az daxil olur. Bəstəkarlarımızın notlarına əlçatanlığı təmin etməliyik. Musiqiçilərimiz dərslərini, ifalarını virtual şəbəkəyə yerləşdirməlidirlər”.

Pedaqoji kadrların musiqi məktəblərinə işə qəbuluna toxunan nazir bu prosesin şəffaf şəkildə həyata keçirildiyini dedi: “Bu il müəllimlərin işə qəbulu üçün respublika üzrə 230, Bakı şəhəri üzrə 130 vakant yer elan etmişdik.  500-dən çox müraciət qəbul olundu. Əfsus ki, yalnız 130 nəfər imtahanlardan keçə bildi”.

Əbülfəs Qarayev həm kadr, həm texniki islahatlar, həm də müəllimlərin maaşlarının artırılması ilə bağlı ciddi işlərin həyata keçirildiyini diqqətə çatdırdı: “Üzümü musiqi məktəblərinin müəllimlərinə tutaraq deyirəm ki, hər bir şagirdin bacarığının, istedadının, yaradıcı potensialının üzə çıxarılmasında sizin üzərinizə böyük məsuliyyət düşür. Fəaliyyətinizi gücləndirib Azərbaycanın musiqi tarixinə yeni adlar, yeni imzalar bəxş etməyinizi arzulayıram”.

Sonda Əbülfəs Qarayev məktəbin yenidən qurulmasında iştirak edən, zəhməti olan hər kəsə təşəkkür etdi.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov da çıxışında təhsil ocağının təmirində əməyi olan hər kəsə təşəkkürünü bildirdi, kollektivə uğurlar arzuladı.

Sonra qonaqlar məktəbdə yaradılan şəraitlə tanış oldular.

Məktəbin şagirdlərinin ifasında konsert proqramı təqdim edildi.

Qeyd edək ki, bu il 33 nömrəli Uşaq musiqi məktəbinin 35 illik yubileyidir. Nizami rayonu R.Rüstəmov küçəsi 35 ünvanında yerləşən məktəbin binası ötən müddətdə təmir olunmayıb. 2018-ci ilin noyabr ayından əsaslı təmir işlərinə başlanılıb. 6 sinif otağı və kitabxana yaradılıb, 9 sinif otağında havalandırma sistemi quraşdırılıb. Hazırda təhsil ocağında 21 sinif otağı, 50 nəfərlik zal, kitabxana, qəbul otağı (dəftərxana), direktor otağı mövcuddur. Məktəbin bütün inventar və avadanlıqları yenilənib.

 

FARİZ

 

Mədəniyyət.- 2019.- 18 sentyabr.- S.3.