Mövsüm “Soyqırımı tarixinin dastanı” ilə açılıb
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 138-ci mövsümünü sentyabrın 15-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası ilə açıb.
Səhnə əsərinin nümayişindən əvvəl teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev çıxış edərək ötən mövsümün nəticələrindən, yeni mövsümdə təqdim olunacaq tamaşalardan danışıb. Qeyd edib ki, mövsüm açılışı bu günə ona görə təyin edilib ki, əsərdə 1918-ci ilin 15 sentyabrında Bakını daşnak işğalından azad etmiş Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın obrazı da yer alıb. Əsər həmin tarixi dövrdə baş verən hadisələri əhatə edir.
Tədbirdə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və Türkiyədən dəvət olunmuş Anadolu Aydınlar Ocağının başqanı, professor İbrahim Öztək çıxış edərək İrəvan teatrının kollektivinə yeni mövsüm münasibətilə təbriklərini çatdırıb, uğurlar arzulayıblar.
Sonra “Soyqırımı tarixinin dastanı” tamaşası nümayiş olunub. Səhnə əsərində ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər əksini tapıb. Çətin məqamlarda Nuru paşanın türk bayrağı altında qoşunu ilə Azərbaycana gəlişi, Milli Qəhrəmanımız Mübariz İbrahimovun nəşinin Vətənə gətirilməsi səhnələri və Prezident İlham Əliyevin o zaman dediyi “Biz hər birimiz torpaqlarımızın azadlığı uğrunda şəhid olmağa hazırıq, təki Vətən sağ olsun!” sözlərinin səsləndirilməsi tamaşaçılara ruh yüksəkliyi bəxş edib.
Tamaşanın quruluşçu
rejissoru və səhnə tərtibatçısı
İftixar Piriyev, bəstəkarı
Muxtar Abseynov, rejissor assistenti Bəhruz
Hikmətoğlu, musiqi tərtibatçısı
Çingiz Xəlilovdur. Rollarda
Natiq Həziyev, Niyaməddin Səfərəliyev,
Əmrulla Nurullayev, Müdvər Nemətova,
Sevinc Hüseynova,
Ruhiyyə Eyvazova, Güney
Əliyeva, Rövşən Cəfərov və
başqaları çıxış ediblər.
Mədəniyyət.- 2019.- 18
sentyabr.- S.5.