Ölkəmiz Özbəkistanda xalq tətbiqi sənəti festivalında təmsil olunub

 

 

 

Özbəkistanın Kokand şəhəri 10-15 sentyabr tarixində 1-ci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalına ev sahibliyi edib. Dünyanın 70-dən çox ölkəsindən xalq tətbiqi sənətinin peşəkarları və ekspertlərin qatıldığı festivalda Azərbaycan da təmsil olunub.

Sentyabrın 14-də şəhərdəki Xudayar xan sarayında festivalın rəsmi açılış mərasimi olub. Mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti də iştirak edib. Heyətdə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Günel Aslanova yer alıb.

Ölkəmizin nümayəndə heyəti, habelə festivalın digər qonaqları əvvəlcə Kokand şəhər mərkəzi parkında  müxtəlif ölkələrdən olan sənətkarlar tərəfindən hazırlanan əl işləri və tətbiqi sənət nümunələrinin nümayiş etdirildiyi stendlərlə tanış olublar.

Festivaldakı Azərbaycan guşəsinə də baxış keçirilib. Ölkəmizin müxtəlif bölgələrindən olan sənətkarlar tərəfindən hazırlanmış əl işləri və yeni sənətkarlıq nümunələrinin nümayiş etdirildiyi Azərbaycan stendi ilə tanış olan nazir Əbülfəs Qarayev sənətkarlarla söhbət edib, əl işlərinə baxıb və onlara öz tövsiyələrini verib.

Mərasimdə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tədbirə qatılan ölkələrin nümayəndə heyətlərini salamlayaraq bildirib ki, tətbiqi sənət hər bir xalqın həyatında mühüm yer tutur. Belə festivalın keçirilməsi üçün bu qədim şəhər təsadüfən seçilməyib. 2 min illik tarixi olan Kokand Fərqanə vadisinin incisidir və qədim şəhər təkrarsız koloriti ilə fərqlənir. Dövlət başçısı vurğulayıb ki, Fərqanə vadisi dünya elminə və mədəniyyətinə böyük şəxsiyyətlər bəxş edib. Əhməd Fərqani, Burxoniddin Marqilani, Zaxiriddin Məhəmməd Babur, Babaraxim Maşrab kimi şəxsiyyətləri tanımayan yoxdur.

Prezident Şavkat Mirziyoyev festivalın fəxri qonaqları, o cümlədən nazir Əbülfəs Qarayevlə görüşüb, qısa söhbət edib.

Açılış mərasimi Özbəkistan incəsənət ustalarının geniş konsert proqramı ilə başa çatıb.

***

Mədəniyyət naziri Əbülfəs Qarayev Özbəkistana səfəri çərçivəsində sentyabrın 14-də Daşkənd şəhərində yenicə fəaliyyətə başlamış Daşkənd Prezident Məktəbində olub. Nazir Əbülfəs Qarayev Özbəkistanın Xalq Təhsil naziri Şirzod Şermatovla birlikdə məktəbin fəaliyyəti ilə tanış olub.

Məlumat verilib ki, məktəb dövlət başçısı Şavkat Mirziyoyevin təşəbbüsü ilə təsis olunub. Təhsil ocağı xüsusi metodlar və ən müasir innovasiyalarla təchiz edilib. Məktəbdə mədəniyyətin müxtəlif sahələrinə dair dərnəklər, kurslar fəaliyyət göstərir.

Söhbət əsnasında mədəniyyətin müxtəlif sahələrinə dair Azərbaycan kitablarının, musiqi alətlərimizin, eləcə də Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin dəstəyi ilə özbək dilində işıq üzü görən nəşrlərin məktəbə hədiyyə olunmasının vacibliyi vurğulanıb.

Əbülfəs Qarayev səfər çərçivəsində Daşkənd şəhərində yeni istifadəyə verilən “Minor” məscid kompleksini də ziyarət edib.

Nazir ziyarət zamanı Azərbaycanın təşəbbüsü ilə keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumundan danışıb, ölkəmizdə müxtəlif mədəniyyətlər, dini icmalar üçün yaradılmış şərait haqqında məlumat verib.

Naziri müşayiət edən Şerzod Şermatov da Özbəkistanın bu sahədə təcrübəsi barədə söz açaraq ölkədə çoxsaylı məscidlərin, dini mərkəzlərin inşa edildiyini, İslam Sivilizasiyalar Mərkəzi və İslam Akademiyasının yaradıldığını diqqətə çatdırıb.

Məscidin kitabxanası ilə də tanış olan Əbülfəs Qarayev İslam memarlığının nümunəsi, geniş şəraitə malik dini ibadət kompleksini yüksək qiymətləndirib.

 

Müsabiqənin qalibləri sırasında azərbaycanlı sənətkarlar da var

 

I Beynəlxalq Kokand Xalq Tətbiqi İncəsənət Festivalında Azərbaycandan beş xalq tətbiqi-dekorativ sənət ustası iştirak edib.

Ölkəmizin stendi dizaynı, sənətkarlıq məhsullarının hazırlanma texnologiyası, milli geyimlərimiz ilə yerlixarici qonaqların diqqətini çəkib. Stenddə Azərbaycan xalçaları, ağactaxta üzərində oyma nümunələri, kəlağayılar, təkəlduz, miniatür suvenirlər, ipək üzərində rəsm əsərləri tədbirdə nümayiş olunub, həmin nümunələrin hazırlanması əyani şəkildə göstərilib, ustad dərsləri təşkil edilib.

Festival çərçivəsində əl işlərinin müxtəlif nominasiyalar üzrə müsabiqəsi də keçirilib. Beynəlxalq münsiflər heyəti tərəfindən sənətkarların əsərləri qiymətləndirilib. 11 nominasiya üzrə qaliblər sırasında Azərbaycan təmsilçiləri də yer alıb. Nahid Vahabovun əl işləri “Ən canlı sənət işi” nominasiyası üzrə qalib elan edilərək pul mükafatına layiq görülüb.

 

Mədəniyyət.- 2019.- 18 sentyabr.- S.4.