“Kontrabas”ın Boston səfəri
Hansı yaradıcı şəxs desə ki, əsərinin (oxu: ifasının, rolunun, rəsminin) daha çox tanınmasını istəmir, inanmayın. Hətta böyük simfonik orkestrdə iri əsərlərin ifasında cəmi bir neçə notu öz alətində səsləndirən musiqiçi də istəyir ki, onun çalğısına qiymət yetirən tapılsın. Yazıçılar da elə. Hətta Patrik Züskind kimi tərki-dünya həyat tərzini seçən, müsahibə verməkdən və şəkil çəkdirməkdən qətiyyətlə boyun qaçıran yazıçı-dramaturq da insan qəlbini və düşüncəsini lərzəyə salan əsərlərinin dünya şöhrətindən gərək ki məmnundur.
Elə biz də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynovun illərdən bəri ifa etdiyi “Kontrabas” monotamaşasının uğurundan məmnunuq.
Budur, 22 il öncə Teatr Xadimləri İttifaqının monotamaşalar festivalı üçün hazırlanmış, onlarla festivalda oynanılmış və neçə qastrolda alqışlanmış “Kontrabas” (quruluşçu rejissor – mərhum Xalq artisti İrina Perlova) tamaşasının sorağı bu dəfə okeanın o tayından – ABŞ-ın Boston şəhərindən gəldi. “Kontrabas” həm də Birləşmiş Ştatlara qastrol səfəri etmiş ilk dramatik tamaşa kimi milli teatr sənəti tarixinə adını yazdırdı. Sözü verək “kontrabas”çımız Şövqi Hüseynova, özü bu barədə danışsın.
- Artıq iyirmi ikinci ildir ki, “Kontrabas”ı oynayıram. Hər il də ən azı bir dəfə onunla festivalda çıxış etmişəm. Elə il olub ki, hətta üç festivala getmişəm. Orta hesabla otuza yaxın festivalda göstərilib, qastrolda da olmuşam. Hələlik sonuncu səfərimiz də qastrol idi.
- Boston şəhərinə qastrol səfəri ideyası necə yarandı?
- Əvvələn, onu deyim ki, bizi dəstəkləyən, bu səfərlərin maliyyə-təşkilati məsələlərini həll edən insanlar, qurumlar var. Buna görə də Mədəniyyət Nazirliyinə təşəkkür edirəm ki, hər zaman bizim festival, qastrol təklifimizə dəstək verib. Çalışdığım teatrın rəhbərliyinə də minnətdaram ki, səfər cari repertuardakı tamaşamla üst-üstə düşərsə, festival, ya qastrolda iştirak üçün şərait yaradırlar. “Kontrabas” həm dəvət edən, həm də dəvət alan üçün rahat tamaşadır: bütün dekorasiyası, kostyumu, rekvizitləri bir çamadana sığışır. Heyəti də iki nəfərdir: bir aktyor və bir texniki işçi. Mənimlə Bostona teatrımızın quruluş hissə müdiri Zaur Abbasov getmişdi.
Bostona bizi orada fəaliyyət göstərən “Kruq” teatrı dəvət etmişdi. Bu teatrın yaradıcısı və rəhbəri Yuri Rubençik əslən bakılıdır, təxminən qırx ildir Bostonda yaşayır. Ustadım, Xalq artisti Cənnət Səlimova ilə çoxdanın tanışdırlar. Özünün teatr təhsili olmasa da, teatrdan uzaq adam deyil, Bostonda özəl teatr yaradıb. “Kruq” teatrı peşəkar sayılmasa da, müntəzəm tamaşalar oynayır, dünyanın müxtəlif yerlərindən rusdilli teatrları qastrola dəvət edir. Bir yaddaqalan məqam da oldu ki, bu vaxtadək icarəyə götürülmüş salonlarda tamaşa oynamış “Kruq” teatrı bu mövsümdən öz binasında çıxış edəcək. 70 nəfərlik tamaşa salonu olan həmin binanın açılışı isə məhz Azərbaycan teatrının tamaşası ilə oldu. Avqustun son günlərində gerçəkləşən səfərimizdə “Kontrabas” tamaşasını üç dəfə oynadıq. Tamaşaya əsasən keçmiş bakılılar, azərbaycanlılar gəlsələr də, şəhərin digər rusdilli sakinləri də baxdılar. Hətta çoxdan Bostonda yaşayan soydaşımız Ziya Zadə tamaşadan sonra çəkdiyi tablonu mənə bağışlayaraq dedi ki, bu əsəri sizin tamaşadan ilhamlanaraq çəkmişəm.
- Yəqin ki, səfəriniz təkcə tamaşa oynamaqla bitmədi…
- Elədir, hər tamaşadan sonra ziyalılar, sənət adamları, “Kruq” teatrının kollektivi ilə sənətdən söhbət edir, onların Azərbaycan mədəniyyəti, ölkəmizdə keçirilən sənət festivalları barədə suallarına cavab verirdik. Düzdür, internetlə Azərbaycanda nələrin baş verdiyindən xəbər tuturlar, amma üzbəüz əyləşib söhbət etməyin təsiri başqadır.
- Bilirik ki, “Kontrabas”ı həm Azərbaycan, həm də rus dilində oynayırsınız. Bostonda hansı dildə çıxış etdiniz?
- Rus dilində. Mən bütün monotamaşalarımı həm Azərbaycan, həm də rus dilində oynaya bilirəm. Festivallarda qulaqcıqla sinxron tərcümə, subtitrlər imkanı olanda tamaşanı Azərbaycan dilində oynayıram ki, qoy daha bir yad səhnədə Azərbaycan dili səslənsin. Amma rus dilində oynamaqla daha çox diqqət və tamaşaçı yığmaq imkanı varsa, rus dilində çıxış edirəm.
- Səfərinizin uğuru ümumilikdə teatrımızın uğurudur. Bir zaman bu tamaşaya quruluş vermiş İrina xanımın da ruhu şad olsun!
- Bəli, sentyabr ayı bizim üçün həm də İrina Perlova ayıdır. İrina Aleksandrovna sentyabr ayında həm dünyaya gəlib, həm də dünyasını dəyişib. Məzarı Azərbaycanda olmadığı üçün biz – tələbələri, onunla işləmiş aktyorlar yaşadığı binanı ziyarət edirik.
- Biz alışmışıq aktyor Şövqi Hüseynov ya “Kontrabas”, ya da “Dəlinin qeydləri” monotamaşaları ilə tez-tez festivallarda ölkəmizi təmsil edir. Yaxın vaxtlarda hansı dəvətlər var?
- Elə bir məqama yetişmişik ki, artıq festivalları seçmək, Azərbaycan teatrını hansı səviyyəli sənət baxışında təmsil etmək məsələsi üzərində də düşünə bilirik. Bəzən dəvətlər digər vacib işlərlə üst-üstə düşür deyə, imtina etmək lazım gəlir. Düzdür, yenə də “Kontrabas”, “Dəlinin qeydləri” dəvətlər alır, amma istəyirəm ki, yeni bir tamaşa üzərində işləyim. Tanınmış dramaturq Roberto Atayyadın “Madam Marqarita” monopyesi üzərində işləyirəm. İstəyirəm ki, qəhrəmanı qadın olan əsərdə də özümü sınayım. Gənc Tamaşaçılar Teatrında, Akademik Musiqili Teatrda hazırlanan yeni tamaşalarda da məşğulam, cari repertuarda da varam.
- Sizə uğurlar arzulayırıq. Təki sizin də, digər aktyorların, tamaşaların, bütövlükdə Azərbaycan teatrının uğurları bol olsun.
Gülcahan
MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 18
sentyabr.- S.5.