Maestronun ruhunun yaşadığı məkan

 

 

 

Sentyabrın 18-də görkəmli Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, C.Nehru adına beynəlxalq mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazinin mənzil-muzeyinin 25 yaşı tamam olur. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan muzeyini açılışı 1994-cü il sentyabrın 18-də keçirilib.

Açılış mərasimində mədəniyyət və elm xadimlərinin ev-muzeylərinin yaradılmasının təməlini qoymuş ulu öndər Heydər Əliyev şəxsən iştirak etmişdi. Ümummilli lider öz çıxışında böyük sənətkarın xatirəsini yad edərək muzeyin açılışını musiqi mədəniyyətimiz üçün çox mühüm hadisə kimi qiymətləndirmiş, muzeyin xatirə kitabında ürək sözlərini yazmışdı.

Maestro Niyazi bu mənzildə 1958-ci ildən ömrünün sonunadək – 1984-cü ilədək yaşayıb-yaratmışdır. Muzey 5 otaqdan ibarətdir: yemək otağı, yataq otağı, otağı (memorial otaqlar), ekspozisiya zalı və qonaq otağı.

Məlum olduğu kimi, muzey maddi və mənəvi abidələrin toplanması, mühafizəsi, tədqiqi, təbliği və nümayişi ilə məşğul olan elmi-maarif müəssisəsidir. Niyazinin mənzil-muzeyi də öz fəaliyyətini Niyazi irsinin toplanması, qorunması, tədqiqi, təbliği və nümayişi istiqamətində qurmuşdur. Hər bir muzeyin siması onun zəngin fondları və eksponatlarıdır. Niyazinin mənzil-muzeyi yaradılarkən əldə olunmuş materialların sayı 4707 ədəd olmuşdur. Hazırda muzeydə 6500-ə yaxın eksponat qorunub saxlanılır və nümayiş olunur. Bunlar əsasən Niyazinin müəllif not əlyazmaları, konsertlərinin proqramları, afişaları, müxtəlif sənədlər, kitablar, rəsm əsərləri, qramplastinkalar, fotoşəkillər, maestronun şəxsi əşyalarıdır.

Qeyd etmək lazımdır ki, Niyaziyə dair materiallar eyni zamanda Milli Azərbaycan Tarix Muzeyində (273 ədəd), S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində (1604 qovluqda 4905 ədəd), Mərkəzi Dövlət Səsyazıları Arxivində (214 ədəd) də saxlanılır.

Son iki il ərzində muzey tərəfindən Niyaziyə dair bir çox materiallar əldə  olunmuşdur. Bunlar əsasən fotolar, kitablar, proqramlar, sənədlər, afişalar, rəsm əsərləri, DVD və CD disklərdir. 2018-2019-cu illərdə əldə olunmuş materialların sayı 67 ədəd olmuşdur.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Niyazi irsinin tədqiqi və təbliği istiqamətində xeyli işlər görmüşdür. Muzey arxivləri ilə ictimaiyyətin tanış olması üçün onların nəşr olunması istiqamətində  məqsədyönlü aparılır. Piano üçün pyeslər” not kitabı, Niyazinin mənzil-muzeyinin bukleti (Azərbaycan və rus dillərində) və “Təsviri sənət əsərləri Niyazinin mənzil-muzeyində” açıqca dəsti (rəssamlar Böyükağa Mirzəzadə, Həsən Haqverdiyev, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, heykəltəraşlar Cəlal Qaryağdı, Ömər Eldarov, Tokay Məmmədov, Cümşüd İbrahimov və başqalarının əsərləri), “Niyazinin arxiv materialları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində” illüstrasiyalı  kataloqu bu qəbildən layihələrdəndir. Bütün bu layihələr Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdir.

2008-ci ilin may ayından Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində “Klassik Musiqi Həvəskarları Klubu” fəaliyyət göstərir. İndiyədək klubun 130-dan artıq yığıncağı – görkəmli musiqiçilərə, şairlərə, muğam, balet, caz musiqisinə, rəqs sənətinə həsr olunmuş tədbirlər, tanınmış sənətkarlar, ifaçılarla görüşlər, ədəbi-musiqili gecələri keçirilmişdir. Yığıncaqlar hər ayın birinci çərşənbəsi təşkil olunur.

Bundan əlavə, Niyaziyə aid fond materiallarından istifadə üçün muzeyə müraciət edən şəxslərə, təşkilatlara, tədris, elm və mədəniyyət müəssisələrinin nümayəndələrinə, media təmsilçilərinə, filmveriliş çəkilişi üçün televiziyalara imkanlar yaradılmışdır. Muzey Bakı şəhərinin musiqi məktəbləri ilə sıx əməkdaşlığını davam etdirir. Hər il musiqi məktəbləri şagirdlərinin hesabat konsertləri təşkil olunur, şagirdlər tədbirlərimizdə ifa etmək üçün dəvət olunur. Eyni zamanda Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Mədəniyyət və İncəsənət Universitetinins. tədris ocaqlarının tələbələri muzeydə tədris təcrübəsi keçirlər.

Muzey Azərbaycan xalqının yüksək musiqi mədəniyyətinə, incəsənətə malik olduğunu təbliğ etmək və Niyazi irsinin gələcək nəsillərə çatdırılması naminə fəaliyyətini davam etdirir.

 

Rza BAYRAMOV

Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi

 

Mədəniyyət.- 2019.- 18 sentyabr.- S.6.