KONFUTSİ –

 

 

 

“Tacsız hökmdar”, “Yüz min nəslin atası” qəbilli onlarla qiymətin, “Başqalarına özün kimi baxmaq – humanizm incəsənətidir!” kimi yüzlərlə deyimin müəllifi

 

Eramızdan əvvəl 551-ci ildə Çinin Lu vilayətində doğulub yetmiş il ömür sürmüş,  adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına düşmüş bu adamın tərcümeyi-halı milyon-milyardlarınkından o qədər də fərqlənmir; 19 yaşında ailə qurub, 22 yaşında (72-si görkəmli şəxsiyyət olmuş 3 mindən çox şagirdin ustadı olası) müəllimliyə başlayıb...

Tarixi sənədlərdə bu “qeyri-adi bəşər övladı”nın dolanışıqçün çobanlıq da etdiyi, anbar gözətçisi işlədiyi, siyasi karyeraya 50 yaşında başlayıb yüksək mövqelərə (ədalət naziri) yol tapdığı, ictimai-siyasi həyatda böyük rol oynadığı, lakin intriqalara dözməyərək istefa verdiyi də göstərilir. 10 illik müddətə bütün Çini səyahətə çıxması, “Yaz və payız”, “Tarix”, “Şeir və mahnı”, “Dəyişiklik” kimi klassik əsərlərin müəllifi, tərtibçisi olması isə konkret faktlardandır.

Hər gün dahiliyə yürüyən bu mütəfəkkirin siyasi və etik görüşləri şagirdləri tərəfindən tərtib edilmiş “Söhbətlər və mülahizələr” (“Lun yuy”) kitabında o dərəcə-mərtəbədə ifadə edilir ki, e.ə. II əsrdə rəsmi ideologiya kimi qəbul olunmuş Konfutsiçilik dövlət dini səviyyəsinə də qalxır və bugünədək çinlilərin dünyagörüşü və həyat tərzinə əsaslı təsir göstərməkdədir.

“Yüz min nəslin atası” hesab edilən –

 

Konfutsiyə görə –

 

dövlət böyük ailə, ailə kiçik dövlətdir” və hər ikisində hökmdar – ata, qalanlar (təbəələr) isə – əsas borcu onlara (ümumən “böyüklər”ə) sədaqət və itaətdən ibarət olan övladlardır.  

Siyasi idealı – xeyirxah aristokratların gerçəkləşdirdiyi bir hakimiyyətdən, hər bir insanın öz vəzifəsinə ciddi riayət edib, müsbət məfkurəli mərasimləri daim qutlamasından ibarət olan filosof ictimai düzənin saxlanmasında mənəviyyata hədsiz əhəmiyyət verib. Onun İDEAL İNSAN (tszyun-tszı) konsepsiyasında hər kəs mənşəyinə görə deyil, tərbiyəsinə və öz bacarığını inkişafetdirmə qabiliyyətilə alicənab sayılır. “İnsan ilk növbədə humanist, ədalətli, sadiq, səmimi olmalı, daim biliklərə can atmalı, valideynlərinə, yaşlılara hörmətlə yanaşmalı, ailə bağlarına hörmətsizliyin Göy tərəfindən cəzalandırılacağı düşüncəsilə yaşamalıdır”.

Öz təlimində “Xalqın etibarını qazanmayan hökumət ayaqda dayana bilməz” fikrini xüsusi vurğulamış Konfutsi “qarşılıqlı anlaşma”, “ortaq yol” rəhbərliyini müdafiə etmişdir.

Çinin sosial-siyasi kataklizmlər (patriarxal normaların dağıldığı, məmurların acgözlüyü nəticəsində xalqın cana doyduğu) dönəmində yaşayan və ötən əsrləri “özününkü”ndən üstün tutan Konfutsi bu müqayisə əsasında “tzyun-tszı” (xeyirxah-mükəmməl xadim) idealı arzusuna düşür. Həmin “ideal” iki vacib üstünlüyə – humanizm və borcluluq duyğusuna malik olmalı idi. Bu konsepsiyanın əsası isə: “özünə arzulamadığını, başqasına da rəva bilmə” prinsipidir. 

Mənsub olduğu ölkədə dindən də güclü bir məfkurə hesab edilən Konfutsi təlimi bütün dövrlərin siyasi-inzibati sistemi, iqtisadi-sosial proseslərin əsas tənzimləyicisi, Çin həyat tərzinin özülü kimi qiymətləndirilib. Bu təlim 2500 ildir ki, çinlilərin ağıl və duyğularının formalaşmasına, onların məişət, inanc, psixologiya, düşüncə və davranışlarına ciddi təsir etmədə, mənsub olduğu ölkədən kənar cəmiyyətlərdə belə milli mədəniyyətlərin bir çox çalarlarına ali rənglər qatmaqdadır.

 

“Humanizm”...

 

Çağımızda çox işlənən xoş terminlərdən biri.

İki min beş yüz yaşlı Konfutsi, insanlara sevgi, rəhmdillik, ləyaqət, təvazö-təmənnasızlıq kimi məziyyətləri ehtiva edən bu keyfiyyəti daha çox, qədim insanların malik olduğu bir ideal hesab edir və öz konsepsiyasında (“tzyun-tszı”) bunların humanistlikçün yetərli (kifayət) olmadığını bildirir, bu ifadə çərçivəsində borcluluq duyğusunu əsas sayır. Bu mənəvi öhdəlikdən xali insanın daim ictimai hədəfə yox, şəxsi mənafeyə işləyəcəyi fikrini vurğulayan Konfutsi bu kimi qənaətlərə gəlir: “Xeyirxah adam həmişə boynuna düşən ictimai borc haqda düşünür, rəzil adam isə yalnız şəxsi mənfəət haqda”, “İnsan hər zaman “qızıl orta”nı gözləməli, heç zaman ifrata varmamalıdır – nə qatı nifrət, nə əndazəsiz məhəbbət!”.

İbrətamiz məziyyətlərə malik bu mücərrəd idealı – “alicənab insan”lığı ən uca sosial nüfuz və şərəf hesab edən Konfutsi, bu kultu dövlətçilik törələrini əhatə edən bütün səviyyələr üçün stimul sayırdı. O bu “ideal”da mərasimlərə (nikah, dəfn, qurbankəsmə və s.) rəğbəti də mühüm keyfiyyət hesab edir, bunlara – insanlar arasında ən vacib qayda-qanunlar mübadiləsinin təsdiqi olaraq – Səma ilə Yerin ortam əlaqəsi kimi baxırdı.

Konfutsinin fikrincə, xalqı “tale ümidi-alın yazısı”na (özbaşına, özxoşuna) buraxmaq olmaz. Cəmiyyət həyatında təbiilik, qanunlar arasında harmoniya hökm sürməlidir. “Təbiət sünilikdən irəlidə olanda barbarlıq, sünilik təbiəti ötəndə isə ikiüzlülük alınır. Xeyirxah insan yalnız təbii və süninin tarazlığında yaranır” deyən filosof  əhalini dörd kateqoriyaya bölürdü: Anadangəlmə müdriklər; Müdriklik qazana biləsilər; Çətinliklə təlim görəsilər; Bilik əldə edə, müdriklik qazana bilməyən camaat.

Özünü “hərşeyibilən”lərdən hesab etməyən Konfutsi həyatın mənası, Allah və ölümsüzlük haqda suallara cavab aramamış, axtaranları isə belə cavablamışdır: “Biz həyatın nə olduğunu bilmiriksə, ölümün nə olduğunu hardan bilək?!”.

 

“Dövlət – böyük ailə –

 

ailə isə – kiçik dövlətdir” formulunun müəllifi əcdadlara sitayişə dərin məna verir, bunu hər bir çinlinin ilkin vəzifəsi hesab edirdi. “Bunun əksi – “üzünü itirmək”dir. Sələfliyə normal sitayiş xələfliyin eqoizmə yuvarlanma təhlükəsindən xilasıdır”. Böyük keçənəklər platformasında dayanıb, hələlikdə iki yarım minillik gələnək fenomeninə çevrilmiş bu müdrik ümuməxlaqi-siyasi intizamın bir hissəsinin süni kultlaşdırma olduğu qənaətinə gələrək deyirdi: “Əgər əcdadlarımız qarşısında olan borcumuzun ödənilməsinə cəhd etməsək, ümuməxlaq dayanıqlığından danışmağa dəyməz”.   

Konfutsiçiliyin başlıca triumfunu Konfutsinin canının büsbütün çinli ana südü ilə yoğurulması ilə izah edənlər var. Yazırlar ki, insanları onun mistisizmdən xali rasional etikası cəlb edir, “o öz humanizm, mötədillik və ortalıq ruhu ilə ürəkləri fəth edir! Onun əhdi konkret, dünyəvi və hamı tərəfindən başa düşüləndir. Sadə xalq ona öz maraqlarının müdafiəçisi, imkanlı təbəqə – hüquqlarının təminatçısı, bütün millət – ona tərəqqi bəxş etməyə qabil dahi rəhbər kimi baxır”.

Bu məqamda vurğulayaq ki, uğurca bəşər miqyaslı –

 

Bu irsi –

 

rədd etmək cəhdləri tarixən uğursuzluqla nəticələnib. Məsələn, bu təlim 206-cı ildə yeni Xan sülaləsinin hakimiyyətə gəlməsilə yenidən dirçəldildiyi, qəbrinə qurban gətirən imperator tərəfindən Konfutsi rəsmi olaraq “Millətin ən müdriki”, “Səma elçisi”, “Tacsız hökmdar”ı elan edildiyi, irsi rəsmi ideologiya statusu aldığı halda, e.ə. III yüzilliyin ortalarında taxta çıxan və Çində ilk “mədəni inqilab”a başlayıb, “dövlət ideologiyasına zidd” hesab etdiyi bu təlimləri səpki-sərgiləyən bütün kitab və ədəbiyyatı yandırmaq (lakin... bütün siyasi imperatorların fövqündə dayanan bu filosof-imperatorun əlyazmalarını qoruyan və hətta başdan-ayağa əzbərləyib yaddaşında saxlayanlar da varmış!), yüzlərlə qatı konfutsiçini diri-diri torpağa basdırmaq, “şübhəli”ləri Böyük Sədd tikintisindəki “qul əməyi”nə göndərmək əmri verən Tsin Şi-Xuandinin sülaləsi məhz bu cəhdin nəticəsi olaraq süquta uğrayıb.  

Bu təlimi ikinci “mədəni inqilab” dövründə (XX əsr) “basdırmağa” cəhd edən Mao-Tszedun da uğursuzluğa uğrayıb. Beləliklə, onun ölkəsi 2000 ildən çoxdur bu filosofun “İnsanın mövcudluğu üçün tərbiyə və təhsil maddi tələbatlar qədər zəruridir” əminliyilə yaşamaqdadır.

Mütəxəssislər içərisində konfutsiçilik ruhunun hələ ibtidadan “Çin çərçivəsi”lə    məhdudlaşmadığı fikrində bulunanlar qeyd edirlər ki, rasionalizm və maarifçiliyin hökmranlığı dövründə bu təlimin Qərb şöhrəti daha vüsətli olub. İyirminci əsrin əvvəllərinədək Çində rəsmi ideologiya, 1949-cu ilə qədərsə hakim ruhani mövqe tutmuş bu təlim 1960-cı illərin kommunist-ideoloji darmadağınından sonra bir çox əcnəbi ölkələrə “ixrac” olunsa da, ÇXR-də öz vaxtını səbirlə gözləyən milli ideya daşıyıcısı kimi, yenidən uğurla dirçəlməkdədir.

 

Haqqında deyilmiş –

 

“Yüz min nəslin atası” kimi onlarla, əsərlərindəki “Elm, bilik o qədər böyük həzz mənbəyidir ki, insana hətta necə qocaldığını da unutdura bilər”, “Heç vaxt insan ümidiylə oynamayın; bu, onların yardımsız sahib olduqları yeganə nemətdir”, “Qaranlığı lənətləməkdənsə, bir şam yandırın”, “Almaz yonulmazsa, insan yanılmazsa, mükəmməlləşməz”, “Günah quyunun dərinliyində deyil, ipin qısalığındadır”, “Yaxşı insanlar həmişə məğlub olurlar – ədalətli döyüşdüklərinə görə” kimi yüzlərlə fikir-qənaətlər belə bir sübut-isbatda ki, bu çox qədim çinli bütün bəşər üçün çox-çox maraqlı Adam...

Lakin bu maraqlılıq orbitində iki barışmaz qoşalıq da fırlanmada. Belə ki, mütəxəssis-araşdırıcıların bir parası deyir ki, Konfutsi təlimində Allah anlayışı ümumiyyətlə yoxdur, başqa bir qisimsə “Çin və dünya fəlsəfi sisteminə Konfutsi qədər təsir göstərmiş filosof tapmaq çətindir” qənaətindədir. “Bu təsir o qədər güclü olmuşdur ki, “Konfutsianizm” adlı yeni bir din yaranmışdır”. Buyur, o boyda təlimində Allah anlayışına toxunmayan bir bəndə və dinyaratma? Hələ özünün söylədikləri içərisindəki “Tanrım! Səndən başqa hər şeyi olanlara yazığım gəlir!” postulatı!...

Konfutsi Çindəki daxili çəkişmələrin əxlaqi səbəblərdən qaynaqlandığını düşünür və bu fikrə düşür ki, həm fərdlərin, həm də dövlətin düzgün yönləndiriləcəyi təqdirdə keçmiş səltənəti, rifah və inkişafı bərpa etmək mümkün olacaq. “Öyrənməyi sevməkdən ötrü biliyə, fəaliyyətə yaxın olmaq üçün alicənablığa yaxın olmalısan”. Öz arzularını, düşüncələrini və davranışlarını təkmilləşdirmək həyat boyu davam edən prosesdir. Sən bir həftə ərzində ideal “ali insan” ola bilməzsən”.

Həmfikirlərindən biri ondan Çin dövləti başçısının fəzilətsizləri məhv edib-etməməli olduğu barədə soruşanda, belə cavab verir: “Sən idarə edənsən: öldürməyə nə gərək var? Əgər yaxşılığı arzu edirsənsə, xalq da yaxşı olacaq. Ali insanın fəziləti küləkdir, adi insanın fəziləti isə ot. Otun üzərindən külək əsəndə,  əlbəttə təzim edəcək”.

 

Və... taleyin ironiyası!

 

Bu ümumbəşər oğlunun atası şöhrətli bir savaşçı imiş, hamı ona hörmət edər, yolunu gözləyərmiş. Ancaq çoxsaylı övladlarının hamısı qız olduğu üçün özünü bədbəxt adam sayan ata öz kənizilə evlənir. Kənizdən doğulan oğlu isə xəstə və şikəst! 66 yaşlı döyüşçü bu dəfə 20 yaşlı qızla nikaha girir və Konfutsi dünyaya gəlir...  

O dövr qaydalarına görə, öz kənizinə evlənmək və bu azmış kimi, onu boşayıb cavan bir qız almaq “ikiqat barbarlıq” sayılırmış və... belə çıxır ki, Konfutsi özü, əsasını qoyduğu və bütün həyatı boyu mühafizəkarcasına müdafiə etdiyi təlimin “ritual normaları pozuntusu” nəticəsi imiş; yəni o ata bu oğulun təlimilə oturub-dursaymış, dünya Konfutsi fenomenindən xali qalacaqmış(?)...

Bu dahinin yaratdığı cahanşümul “Tzya-tzyao” (intellektual şagirdlər məktəbi) təlimdə öz adının olmaması da təsadüfi deyildi; onun məram-məqsədi yeni təlim yaratmaq yox, uzaq keçmişlərin insanayaxın hər nəsnəsini sevmək, onları yaşatmaq olub.

Bu məqamda qeyd edək ki, konfutsiçilərin sələfləri sonralar Onüçkitabçılığın – konfutsiçiliyin qanun-qaydalarını təşkil edən, tarixi “Xan dövrü”nə – e.ə. 140-87-ci illərə gedib çıxan 13 qədim Çin klassik əsərinin bir hissəsini təşkil etmiş kitabları təlim etməklə dolanıblar.

“Bütün zamanlar azmanı” hesab edilən bu müdrik sağlığında bəzi uğursuzluqlara düçar olsa da, ölümündən sonra ideyaları tələbələri tərəfindən elə bir şövq və fədakarlıqla yayılıb ki, konfutsiçilik yaşayanlarçün fundamental fəlsəfəyə çevrilib...

 

 

Tahir ABBASLI

 

Mədəniyyət.- 2019.- 20 sentyabr.- S.7.