Milli mədəniyyət mücahidi
Milli Kitabxanada Üzeyir Hacıbəyliyə həsr olunmuş sərgi açılıb
Sentyabrın
18-də Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət
mücahidi” adlı tədbir keçirilib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq bildirib ki, Azərbaycan xalqının dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü mədəniyyət tariximizin əlamətdar günü – milli musiqi bayramıdır.
Direktor dahi bəstəkarın misilsiz xidmətlərindən bəhs edərək onun insan ömrünün gücünə, qüdrətinə sığmayan ölməz əsərlər yaratdığını söyləyib. Diqqətə çatdırılıb ki, Üzeyir Hacıbəyli Azərbaycan xalq musiqisini nota salaraq elmi əsaslarla tədqiq edib, milli musiqimizi dünya səviyyəsinə çatdırıb, “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, müsəlman Şərqində opera sənətinin əsasını qoyub.
Zəngin irsə malik Üzeyir Hacıbəyli eyni zamanda yazıçı,
publisist, jurnalist, ictimai xadim olub. Azərbaycan xalqı
onun mədəni irsini layiqincə qiymətləndirib, xatirəsini
hər zaman əziz tutub. Ümummilli lider Heydər Əliyev tərəfindən Üzeyir
Hacıbəyli irsinə
layiqli qiymət verilib, 1975-ci ildə bəstəkarın ev-muzeyi
açılıb, ulu
öndərin müvafiq
sərəncamı ilə
Üzeyir bəyin doğum günü – 18 sentyabr Milli musiqi günü kimi qeyd olunur.
Kərim Tahirov onu da
qeyd edib ki, dahi bəstəkarın
irsini layiqincə təbliğ etmək məqsədilə Milli Kitabxana tərəfindən
biblioqrafiya çap edilib, əsərləri dünya milli kitabxanalarına göndərilib.
Kitabxananın direktor müavini Ədibə İsmayılova
da çıxış
edərək Üzeyir
Hacıbəylinin həyat
və yaradıcılığı
haqqında söhbət
açıb.
Sonda tədbir
iştirakçıları bəstəkarın həyat və
fəaliyyətindən bəhs edən kitab
sərgisi ilə tanış olublar. Sərgidə
Üzeyir Hacıbəylinin operaları, musiqili komediyaları, publisistik
əsərləri, haqqında yazılan kitablar
və dövri mətbuat materialları nümayiş olunur.
Mədəniyyət.- 2019.- 20
sentyabr.- S.6.