Azərbaycan dialektologiyasının banisi

 

 

 

Sentyabrın 18-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda akademik Məmmədağa Şirəliyevin 110 illik yubileyi ilə bağlı “Azərbaycan dialektologiyasının banisimövzusunda dəyirmi masa keçirilib.

İnstitutun direktoru, akademik Möhsün Nağısoylu görkəmli alimin yubileyi ilə bağlı ölkə başçısının sərəncamını xatırladaraq bildirib ki, M.Şirəliyev dilçilikdə daha çox görkəmli dialektoloq kimi tanınıb, bu sahə ona dünya şöhrəti qazandırıb. Onun rəhbərliyi altında 40-dan çox elmlər namizədi, onlarla elmlər doktoru hazırlanıb. Elmi irsi dilçiliyimiz üçün dəyərli olan M.Şirəliyev Azərbaycan filoloji elmində dilçilik coğrafiyasının banisidir.

Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli çıxışında diqqətə çatdırıb ki, M.Şirəliyev “Azərbaycan dialektologiyasının əsasları” monoqrafiyasına görə 1972-ci ildə Dövlət mükafatına layiq görülüb. Bu tədqiqat əsəri nəinki Azərbaycanda, eləcə də digər türk respublikalarında dialektoloji araşdırmalar üçün bir örnək kimi dəyərlidir.

Elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli, professorlar Qara Məşədiyev, Kamil Bəşirov, İsmayıl Kazımov və digər çıxış edənlər Azərbaycan dialektologiyasının əsaslarının yaradılmasında və türkoloji dilçiliyin inkişafında M.Şirəliyevin müstəsna rolunu qeyd ediblər.

 

Mədəniyyət.- 2019.- 20 sentyabr.- S.4.