Dahi bəstəkarın əbədi musiqi işığında

 

11-ci dəfə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına 10 ölkədən tanınmış ifaçı və kollektivlər gəlib

 

Paytaxtımız növbəti beynəlxalq musiqi bayramına ev sahibliyi edir. Sentyabrın 18-də XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirildi.

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən festival 11-ci dəfədir müxtəlif ölkələrdən dirijor, solist, ifaçı və kollektivləri dahi bəstəkarın musiqi işığında Azərbaycan sənətçiləri ilə bir araya gətirir. Ənənəvi olaraq böyük bəstəkarın doğum günündə başlanan festival bu dəfə həm iştirakçı sayına, həm də müddətinə və tədbirlər proqramının zənginliyinə görə əvvəlki illərdən fərqlənir.

Festivalın M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşən açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, digər rəsmilər, dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdi.

Mərasim yenə də öz təmtərağı ilə musiqisevərlərə əsl bayram əhvalı yaşatdı. Gecə Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifası ilə başlandı. Birinci hissədə səslənən Üzeyir Hacıbəylinin “Koroğlu” operasından məşhur uvertüra bu dəfə də öz möhtəşəmliyini, müəllifin sənətinin ölməzliyini, hər zaman zirvələrdə olduğunu sübut etdi.

Böyük alqışlarla qarşılanan ifadan sonra görkəmli bəstəkar, unudulmaz pedaqoq, SSRİ Xalq artisti, akademik Arif Məlikovun 6 saylı simfoniyası səsləndi. Əsər müəllifin əziz xatirəsinə həsr olunmuşdu.

 

Üzeyir bəyin bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi yad edildi

 

Festival günlərində Azərbaycanın musiqi tarixində silinməz iz qoyan sənətkarların, Üzeyir bəyin əsasını qoyduğu milli bəstəkarlıq məktəbinin layiqli davamçısı olmuş musiqi xadimlərinin yad edilməsi ənənəyə çevrilib. Builki festivalın açılış konsertində Arif Məlikov yaradıcılığına müraciət olunması bu ənənənin davamı idi.

6 saylı simfoniya səsləndikcə millətə, dövlətə hər zaman xidmətdə olan mənalı sənətkar ömrünün səhifələri canlanırdı gözlər qarşısında. Arif Məlikovun çoxşaxəli fəaliyyəti Azərbaycanın mədəniyyət tarixinin möhtəşəm səhifələrindəndir. O, musiqimizin gələcəyinin qayğısına qalır, yaradıcılığı boyu yiyələndiyi dəyərli təcrübənin bir zərrəsini belə əsirgəmədən gələcək nəsillərə çatdırırdı. Öz dəyərli musiqiləri ilə Azərbaycan musiqi xəzinəsinə incilər qatan bəstəkarın dünyanın bir çox məşhur səhnələrində səsləndirilən əsərləri böyük rəğbət və hörmətlə qarşılanır. Sözsüz ki, Azərbaycan musiqisi dünyada Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Arif Məlikov və digər dəyərli sənətkarların əsərləri ilə təmsil olunur.

 

Musiqiyə sevginin təcəssümü

 

Konsertin ikinci hissəsində azərbaycanlı musiqiçilərlə yanaşı Rusiyanın tanınmış skripka ifaçısı, P.Çaykovski adına XVI beynəlxalq müsabiqənin qalibi Sergey Doqadin də səhnəyə çıxdı. Festivalın qonağı Yan SibeliusunSkripkaorkestr üçün konsertini məharətlə ifa edərək tamaşaçıların sevgi dolu alqışları ilə mükafatlandırıldı.

Qonaq musiqiçi qısa müsahibəsi zamanı bildirdi ki, ölkəmizdə olmağından çox məmnundur: “Azərbaycanda təşkil edilən çoxsaylı klassik musiqi festivalları burada musiqiyə olan dərin sevginin təcəssümüdür. Çox şadam ki, festivala dəvət almışam”.

Bəli, festivalın açılış konserti onu göstərdi ki, Üzeyir bəy ənənələri bu günböyük sevgi ilə davam etdirilir. Böyük bəstəkarın şərəfinə təşkil olunan musiqi bayramı Azərbaycan mədəniyyətinin təbliğinə töhfələr verir.

 

Festivalın zəngin proqramı var

 

Qeyd etdiyimiz kimi, sentyabrın 30-dək davam edəcək XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının zəngin proqramı var. 13 gün ərzində ümumilikdə 40-dək tədbir nəzərdə tutulub. Müqayisə üçün deyək ki, ötən il festivalda tədbir sayı 30 idi.

Festivala Rusiya, Gürcüstan, ABŞ, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan və Ukraynadan tanınmış musiqiçilər – Sergey Roldugin, Xatia Buniatişvili, Alyona Bayeva, Miroslav Kultışev, Sergey Doqadin, Filipp Kopaçevski, Veliçka Yoçeva, Yevgeni Avramenko, Lorenzo Tazzieri, Dmitri Xoxlov, Aleksandr Hacıyev, Marqarita Aleksandroviç, Murat Səlim Tokac, Regina Rüstəmova, Cəbrayıl İdrisov, Giorgi Çelidze, Ümid İsrailov dəvət olunub. Eləcə də Türkiyədən Çukurova Dövlət Simfonik Orkestri (Adana), Çin Xalq Respublikasından “Silk RoadFilarmonik Orkestri festivalın qonağıdır. Azərbaycanın musiqi kollektivləri, dirijor və ifaçıları da musiqi bayramına öz töhfələrini verəcək. Rauf Abdullayev, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Fəxrəddin Kərimov, Murad Adıgözəlzadə, Murad Hüseynov, Əyyub Quliyev, Mustafa Mehmandarov və başqalarının iştirakı ilə konsert proqramları təqdim olunacaq.

Konsert və tədbirlərin coğrafiyası paytaxtla məhdudlaşmayacaq. Sentyabrın 25-də Ağcabədi rayon Qarabağ Muğam Mərkəzində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər və baş dirijor Ağaverdi Paşayev) və solistlərin iştirakı ilə konsert təşkil ediləcək. Həmin gün Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı truppasının iştirakı və Sevil Hacıyevanın dirijorluğu ilə Üzeyir bəyin “O olmasın, bu olsun” ikipərdəli musiqili komediyası nümayiş olunacaq.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 20 sentyabr.- S.1-2.