Üzeyir bəyin yaratdığı ənənələr
sevgi ilə yaşadılır
“Bu gün dahi Üzeyir Hacıbəylinin musiqisi ölkəmizin hüdudlarından çox-çox uzaqlarda – Çində, Amerikada səslənir. Bu musiqinin işğaldan azad ediləcək Qarabağda səslənməsini hər bir azərbaycanlı arzulayır”.
Bu sözləri sentyabrın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində Milli Musiqi Gününə həsr olunmuş tədbirdə Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva dedi.
Tədbiri giriş sözü ilə ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov açaraq dahi bəstəkarın bənzərsiz yaradıcılığından söhbət açdı. Bildirdi ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan musiqi kollektivləri və ifaçılar iştirak edir. Sentyabrın 30-dək davam edəcək festival çərçivəsində ümumilikdə 40-a yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında diqqətə çatdırdı ki, Üzeyir Hacıbəyli zəngin yaradıcılığı ilə öz adını Azərbaycanın musiqi tarixinə əbədi olaraq həkk edib. Dahi bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və 1995-ci ildən başlayaraq 18 sentyabr tarixi ölkəmizdə Milli Musiqi Günü kimi yüksək səviyyədə keçirilir. Nazir müavini bildirdi ki, Heydər Əliyev hər zaman mədəniyyətə, incəsənət xadimlərinə xüsusi qayğı ilə yanaşıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sevda Məmmədəliyeva onu da qeyd etdi ki, bu günlərdə dövlət başçısının imzaladığı sərəncamlarla mədəniyyət xadimlərinin bir qrupu təltif olunub. Onların arasında Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov da var. Nazir müavini Sərdar Fərəcovu “Xalq artisti” fəxri adına layiq görülməsi münasibətilə təbrik etdi, yeni-yeni yaradıcılıq uğurları arzuladı.
Sərdar Fərəcov çıxış edərək ölkəmizdə mədəniyyət xadimlərinə göstərilən qayğıya və fəxri ada layiq görüldüyünə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.
Tədbirdə iştirak edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov musiqi bayramında Üzeyir Hacıbəylinin ev-muzeyində olmağından məmnunluğunu bildirdi. Dövlət tərəfindən mədəniyyətə daim böyük önəm verildiyini deyən icra başçısı vurğuladı ki, Üzeyir festivalı kimi böyük layihələrin həyata keçirilməsi Azərbaycan mədəniyyətinin inkişafına xidmət edən işlərdir.
Professor Telman Ağdamski, Əməkdar artist Yaqub Zurufçu çıxışlarında Milli Musiqi Gününün əhəmiyyətini yüksək qiymətləndirdilər. Üzeyir bəyin yaratdığı ənənələrin bu gün sevgi ilə yaşadıldığı vurğulandı.
Çıxışlardan sonra Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, G.Şaroyev adına 35 nömrəli Uşaq musiqi məktəbi, Şuşa şəhər Bülbülcan adına Uşaq musiqi məktəbi şagirdlərinin ifasında Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin əsərlərindən ibarət konsert proqramı təqdim edildi.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2019.- 20
sentyabr.- S.5.