Yurdda musiqi
bayramı
Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 134-cü ildönümü və 18 sentyabr – Milli Musiqi Günü Ağcabədidə təntənə ilə qeyd olunub.
Mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri Üzeyir Hacıbəylinin Qarabağ Muğam Mərkəzinin həyətindəki büstünü ziyarət edib, önünə çiçək dəstələri düzüblər.
Sonra Qarabağ Muğam Mərkəzində dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Ağcabədi şəhər Uşaq incəsənət məktəbində də tədbir keçirilib. Çıxış edənlər Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi xəzinəsinə verdiyi töhfələrdən danışıblar. Bəstəkarın “Arşın mal alan” operettasından və “O olmasın, bu olsun” musiqili komediyasından səhnələr göstərilib, mahnı və romanslar ifa olunub.
Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində “Üzeyir Hacıbəyli günləri” sentyabrın sonunadək davam edəcək.
***
Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbində Milli Musiqi Günü münasibətilə konsert proqramı təşkil edib.
Çıxış edənlər dahi bəstəkarın zəngin həyat və yaradıcılığından bəhs ediblər.
Tədbir məktəb kollektivi tərəfindən hazırlanmış konsert proqramı ilə davam edib. Təqdim olunan rəngarəng musiqi nümunələri maraqla qarşılanıb.
***
Milli Musiqi Günü münasibətilə daha bir tədbir Beyləqan rayon Mədəniyyət Mərkəzində keçirilib.
“Üzeyirin musiqi dünyası” adlı ədəbi-bədii tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova çıxış edib. Uşaq musiqi məktəbinin “Aranqala” instrumental ansamblının, “Odlar yurdu” uşaq xor kollektivinin və Uşaq yaradıcılıq mərkəzinin rəqs kollektivinin iştirakı ilə konsert proqramı təqdim edilib.
***
Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Milli Musiqi Günü münasibətilə tədbirlər keçirilib.
Sumqayıt şəhər Q.Qarayev adına Uşaq musiqi məktəbində keçirilən tədbirdə Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında məlumat verilib. Məktəbin şagird və müəllim kollektivinin ifasında dahi bəstəkarın əsərləri dinlənilib. Konsertdə həmçinin, görkəmli bəstəkar Soltan Hacıbəyovun əsərləri də ifa edilib.
Sumqayıt şəhər Bülbül adına Uşaq incəsənət məktəbində keçirilən tədbirdə məktəbin tar, qarmon, klarnet, skripka şöbələrinin şagirdlərinin ifasında dahi bəstəkarın əsərləri dinlənilib. “Ümid” rəqs kollektivinin ifasında milli rəqs nömrələri təqdim edilib.
F.Əmirov adına Uşaq musiqi məktəbində
xalq çalğı alətləri orkestrinin ifasında bəstəkarın “Koroğlu” operasından uvertüra,
“Arşın mal alan”
operettasından müqəddimə, “Sənsiz” romansı, “Qaragöz” mahnısı və s.
əsərləri ifa olunub.
Mədəniyyət.- 2019.- 20
sentyabr.- S.1;3.