“Xəlqilik, millilik,
beynəlmiləllik”
Sentyabrın 18-də XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində “Xəlqilik, millilik, beynəlmiləllik” adlı tədbir keçirildi. Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə iştirak edirdi.
Tədbirdə ilk olaraq sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Akademik Üzeyir Hacıbəylinin elmi fəaliyyətindən səhifələr” adlı kitabı təqdim olundu.
Bildirildi ki, Beynəlxalq Muğam Mərkəzi tərəfindən “Təhsil” nəşriyyatında çap olunan kitabda dahi bəstəkarın Azərbaycan Elmlər Akademiyasında çalışdığı dövrdən bəhs edilir. Nəşr AMEA və Üzeyir bəyin ev-muzeyinin fondundan əldə edilən məlumatlar əsasında ərsəyə gətirilib. Akademiyanın İncəsənət İnstitutu (Memarlıq və İncəsənət İnstitutu) Üzeyir bəy tərəfindən yaradılıb, direktoru da bəstəkarın özü olub. Kitabda musiqi sahəsi ilə yanaşı, teatr, ədəbiyyat, dilçilik məsələləri də əksini tapıb.
Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının ifaları səsləndi.
Nazir Əbülfəs Qarayev Milli Musiqi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladı. Tədbir ədəbi-bədii gecə ilə davam etdi.
Konsertdən əvvəl Üzeyir Hacıbəylinin musiqi sənətimizə töhfələrindən bir daha söz açıldı. Vurğulandı ki, Azərbaycan, rus və dünya klassik incəsənətinin ənənələrini dərindən mənimsəyən bəstəkar doğma xalqının mədəniyyətini yüksəklərə qaldırmaq məqsədilə yorulmadan yazıb-yaradıb.
Diqqətə çatdırıldı ki, “Xəlqilik, millilik, beynəlmiləllik” adlı konsert proqramında Üzeyir bəyin məhz bu mövzularda ərsəyə gətirdiyi əsərlərdən nümunələr öz əksini tapıb.
Konsert proqramında əməkdar artistlər Səbuhi İbayev, Bəyimxanım Vəliyeva, Nərgiz Kərimova, Anar Şuşalı və xanəndələr Rəvanə Qurbanova, Səbinə Ərəblinin ifasında bəstəkarın şah əsərlərindən nümunələr səsləndirildi. Solistləri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edirdi. Konsertdə “Koroğlu” operasından “Cəngi” rəqsi, “Arşın mal alan” operettasından Tellinin nəğməsi, “Sən o yanda, yar bu yanda”, “Bənd oldum”, Əsgərin ariyası və s. nümunələr alqışlarla qarşılandı.
Tədbirdə musiqi ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları, məcburi köçkün soydaşlarımız da iştirak edirdi.
L.AZƏRİ
Mədəniyyət.- 2019.- 20
sentyabr.- S.2.