Mətbəx nümunələrimiz xarici ölkə portallarında

 

 

Polşanın rondel.pl kulinariya portalında dünyanın ən ləzzətli vegetarian yeməkləri siyahısına Azərbaycan milli mətbəxindən pomidor çığırtması da salınıb.

Bu fenomenal bir yeməkdir” cümləsi ilə başlayan yazıda xörəyin inqrediyentləri sadalanır. Əlavə olunur ki, bu yemək təkbaşına da doyumlu olmasına baxmayaraq, azərbaycanlılar onu əsasən səhər yeməyi kimi yanında pendir məhsulları ilə birgə yeməyi sevir.

Özbəkistanın tnews.uz portalında isə Qarabağ mətbəxi haqqında geniş məqalə verilib. Rus dilində dərc olunanQarabağ mətbəxinin xüsusiyyətləri və tarixi” sərlövhəli məqalədə Azərbaycanın bu regionunun mətbəx mədəniyyətindən ətraflı söz açılır.

Məqalədə Bərdə, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl rayonlarının mətbəxi haqqında ayrılıqda bəhs edilir, bu rayonlarda bişirilən xörəklər, onların oxşar və fərqli xüsusiyyətləri izah olunur. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin informasiya dəstəyi ilə hazırlanan yazıda X əsr ərəb səyyahları, məşhur türk səyyahı Evliya Çələbi, rus alimi İ.L.Seqal və başqalarının  Qarabağın mətbəxi və məişəti haqqında fikirlərinə də yer ayrılıb.

 

Mədəniyyət.- 2019.- 20 sentyabr.- S.8.