“Qədim Avropaya səyahət”
Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında “Qədim Avropaya səyahət” adlı konsert təşkil olundu.
XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan konsertdə “D`accordo” barokko musiqi ansamblı çıxış etdi.
Ansamblın təsisçisi və bədii rəhbəri İlahə Sadıqzadə bildirdi ki, kollektiv 2016-cı ildə yaradılıb. Ötən müddət ərzində ansambl geniş repertuarı mənimsəməyə nail olub. Hazırda repertuara Qərbi Avropa barokko və renessans dövrü bəstəkarlarının 40-dan çox əsəri daxildir. “D`accordo” ansamblı Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən təşkil edilən “Gənclərə dəstək” layihəsində iştirak edib. Eyni zamanda ölkənin müxtəlif festivallarında uğurlu çıxışları ilə yadda qalıb. 2018-ci ildə ansambl Sankt-Peterburq şəhərində keçirilən “Gümüş lira” kamera musiqisi festivalında çıxış edib.
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında artıq ikinci ildir iştirak etdiklərini söyləyən İlahə Sadıqzadə bildirdi ki, ansamblın heyətində gənc və peşəkar musiqiçilər yer alıb. Yaxın zamanlarda tamaşaçılar “D`accordo” musiqi ansamblının heyətində Azərbaycanın klassik musiqi alətlərini də görə biləcəklər.
Sonra konsert proqramı təqdim edildi. Ansamblın ifasında Bokkerini,
Sammartini, Ramo, Teleman və başqa bəstəkarların
əsərləri səsləndirildi.
FARİ
Mədəniyyət.- 2019.- 20
sentyabr.- S.2.