Məşhur musiqiçilər nəslinin görkəmli nümayəndələri

 

Soltan və İsmayıl Hacıbəyovlara həsr olunmuş elmi konfrans

 

Sentyabrın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar Soltan Hacıbəyovun (1919-1974) 100 və İsmayıl Hacıbəyovun (1949-2006) 70 illiyinə həsr olunan elmi konfrans keçirildi. Tədbir XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunmuşdu.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə konfransı açaraq Azərbaycan simfonik musiqisinin inkişafında xidmətləri olan Soltan Hacıbəyovun yaradıcılığından danışdı. Qeyd etdi ki, bəstəkar simfoniya, simfonik lövhə və süitalar, həmçinin operabalet, dram tamaşalarına musiqi, mahnı və romanslar yazaraq Azərbaycanın mədəniyyət xəzinəsinə töhfələr verib. Onun “Gülşən” baleti, “İsgəndər və çobanuşaq operası, “Qızılgül” musiqili komediyası, “Karvansimfonik lövhəsi, habelə simfonik, kameraxalq çalğı alətləri orkestrləri üçün müxtəlif əsərləri musiqi salnaməmizdə özünəməxsus yer tutur. Soltan Hacıbəyov 1969-1974-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub.

Bəstəkarlar İttifaqının sədri bildirdi ki, Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq sənətkarın yubileyi ilə bağlı bu il ölkəmizdə silsilə tədbirlər keçirilir.

Firəngiz Əlizadə daha sonra bəstəkarın davamçısı - oğlu İsmayıl Hacıbəyovun yaradıcılığından söz açdı. Bildirdi ki, Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə Qara Qarayevin sinfində təhsil alan İ.Hacıbəyov 1972-ci ildən ömrünün sonuna kimi bu təhsil ocağının Bəstəkarlıq kafedrasında dərs deyib. İstedadlı sənətkar 57 illik ömründə maraqlı əsərlər  yadigar qoyub.

Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Adilə YusifovaSoltan Hacıbəyov yaradıcılığının naməlum səhifələri” mövzusunda çıxış etdi. Bildirdi ki, S.Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixinə özünəməxsus yaradıcılığı olan bəstəkar, pedaqoq kimi daxil olub. Yaradıcılığı saflığı və  şairanəliyi ilə fərqlənir. Musiqidə peyzaj yaratmağın gözəl ustası kimi tanınıb. O həm də yaradıcılığında Üzeyir bəyin ənənələrinə sadiq qalıb. Bəstəkar uşaqları da yaddan çıxarmayıb.

Onlar üçün də rəngarəng mövzularda əsərlər yazıb.

Tədbirdə daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru Natella İsgəndərovanın “Müasir Azərbaycan musiqisində İsmayıl Hacıbəyovun tarixi əhəmiyyəti”,  Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanovanın “İsmayıl Hacıbəyov Azərbaycan bəstəkarlıq məktəbinin parlaq nümayəndəsi kimi” mövzularında məruzələri dinlənildi.

Çıxışlardan sonra bədii hissəyə keçildi. S.Hacıbəyovun “Skertso”, “Uvertüra”, İ.Hacıbəyovun “Piano üçün Paqanini mövzusuna variasiyalar” əsərləri səsləndirildi. Bütün ifalar alqışlarla qarşılandı.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 25 sentyabr.- S.1-2.