Sülh mədəniyyəti naminə
Ölkəmiz Anqolada forumda təmsil olunub
UNESCO və Afrika Birliyinin təşkilatçılığı ilə 18-22 sentyabr tarixində Anqolanın paytaxtı Luanda şəhərində sülh mədəniyyəti naminə Pan-Afrika Forumu keçirilib. Beynəlxalq Sülh Günü (21 sentyabr) çərçivəsində təşkil olunan tədbirdə ölkəmiz də təmsil olunub.
Forumun açılışında Anqolanın Prezidenti Joao Manuel Goncalves Lourenco, UNESCO-nun baş direktoru Odre Azule, Mali, Namibiya, Konqo respublikalarının prezidentləri çıxış ediblər. Nobel sülh mükafatı laureatı Denis Mukvege və digər ölkələrdən yüksək səviyyəli rəsmilər müxtəlif sessiyalarda öz fikirlərini səsləndiriblər.
Forum çərçivəsində Azərbaycan və UNESCO-nun birgə təşkilatçılığı ilə “Bakı Prosesi” və onun qlobal proseslərdə roluna həsr olunan xüsusi sessiya keçirilib. Sessiyanın moderatoru, Mədəniyyət Nazirliyinin Aparatı rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə “Bakı Prosesi”nin tarixi, əhəmiyyəti və Afrikanın bu qlobal hərəkatda rolu barədə çıxış edib. Sonra “Bakı Prosesi”nə həsr olunan film nümayiş etdirilib.
Sessiyanın əsas çıxışçılarından olan Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov ölkəmizin Afrika ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığı, beynəlxalq qurumların xətti ilə bu qitənin ölkələrinə Azərbaycan tərəfindən göstərilən yardımlar barədə danışıb.
Hələ sovet dövründən Afrika dövlətləri ilə təhsil sahəsində əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran səfir qeyd edib ki, dövlət başçısı İlham Əliyevin göstərişi ilə Afrika ölkələrindən olan gənclərin ölkəmizdə təhsil alması üçün təqaüd proqramı təsis edilib.
Sessiyada, həmçinin “Bakı Prosesi” üzrə beynəlxalq işçi qrupunun akademik məsləhətçisi, Böyük Britaniyanın Koventri Universitetinin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin icraçı direktoru, professor Mayk Hardi çıxış edərək Azərbaycanın bu təşəbbüsünün beynəlxalq əhəmiyyəti, dünyada sülh və dialoqun qurulması və hazırkı çətinliklərin təhlili üçün müstəsna platforma olduğunu vurğulayıb.
UNESCO rəsmisi Huq Nqanda isə təşkilatın “Bakı Prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumunda əsas tərəfdaş olduğunu və növbəti illərdə Afrikanın bu prosesə daha fəal cəlb olunması üçün addımlar atılacağını diqqətə çatdırıb.
Yekunda V.Eyvazzadə Pan-Afrika Forumunda iştirakın əsas məqsədinin Luanda Forumu ilə “Bakı Prosesi” arasında bağlılığı artırmaq və Afrika ölkələrinin Bakıda keçirilən tədbirlərdə fəal iştiraka təşviq etmək olduğunu bildirib.
Forum çərçivəsində
keçirilən Tərəfdaşlar sessiyasında səfir
A.Kərimov Azərbaycanın Afrika ölkələri
və təşkilatları ilə əməkdaşlığının
perspektivlərindən bəhs edib.
Mədəniyyət.- 2019.- 25
sentyabr.- S.3.