Tarixi-mədəni abidələrimiz maltalı qonaqda böyük təəssürat doğurub

 

Ölkəmizdə səfərdə olan Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondini bir sıra görüşlər keçirib.

 

Sentyabrın 23-də Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Malta Respublikasının UNESCO üzrə Milli Komissiyasının sədri Reymond Bondin ilə görüşüb.

Nazir müavini qonağı salamlayaraq Maltanın Respublika Günü münasibətilə təbrik edib, Azərbaycan-Malta münasibətləri barədə danışıb və bu əlaqələrin son illərdə dərinləşməsindən məmnun olduğunu deyib. Sevda Məmmədəliyeva, ölkəmizin digər sahələrdə olduğu kimi, mədəni irsin qorunması, bərpası, təbliği və UNESCO çərçivəsində əməkdaşlıq sahəsində də Malta hökuməti ilə qarşılıqlı əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd edib.

Görüş zamanı Reymond Bondin ölkəmizin zəngin mədəni irsinin onda dərin təəssürat oyatdığını bildirərək səfər müddətində bir sıra muzeylərdə, tarixi məkanlarda olduğunu deyib. Bildirib ki, Çıraqqala, Nardaran, Mərdəkan və Ramana qalaları dünya mədəni irsi baxımından unikal abidələrdir. Çıraqqalanın unikallığı qalanın böyük bir müdafiə səddinin tərkib hissəsi olması və təbii landşaftının antropogen təsirlərinə az məruz qalmasıdır. Reymond Bondin bu qalaların kompleks halda UNESCO-nun Dünya irs siyahısına salınmasının vacibliyini qeyd edib. Qonaq həmçinin Abşeron yarımadasında yerləşən “araba yolları”na bənzər abidələrin Maltada da olduğunu qeyd edərək bu abidələrin dünyaya tanıdılması və UNESCO siyahısına daxil edilməsi üçün əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb.

***

Sentyabrın 20-də qonaq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində olub.

Dövlət xidmətinin rəisi Zakir Sultanov ölkəmizdə mədəni irsin, tarixi abidələrin qorunması, bərpası və təbliği sahəsində görülən işlərdən danışıb. Ölkəmizin bu istiqamətdə beynəlxalq təşkilatlarla, xüsusilə UNESCO ilə sıx əməkdaşlıq etdiyi vurğulanıb. Z.Sultanov həyata keçirilən layihələrdən bəhs edərək hazırda Azərbaycanın ən qədim tarixi abidələrindən olan Çıraqqalada bərpa-konservasiya işlərinin aparıldığını, Mərdəkan qalasında da yaxın vaxtlarda bərpa işlərinin başlanacağını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

***

Sentyabrın 23-də “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunda Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondin ilə görüş keçirilib.

İnstitutun direktoru Telman Kərimli tarix və mədəniyyət abidələrində aparılan bərpa və konservasiya işləri ilə bağlı qonağa geniş məlumat verib.

Tədbirdə Çıraqqala abidəsinin bərpa və konservasiya layihəsi ilə bağlı təqdimat nümayiş olunub, layihə ilə bağlı müzakirələr aparılıb, gələcəkdə hər iki dövlətin mütəxəssisləri arasında təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub.

 

Mədəniyyət.- 2019.- 25 sentyabr.- S.3.