Şəhər və rayonlarda vətəndaşların növbəti qəbulları keçirilib

 

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, sentyabrın 20-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Naftalan şəhərində Naftalan şəhəri və Samux rayonundan olan vətəndaşlarla görüşüb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev həmin gün Gəncə şəhər Heydər Əliyev Mərkəzində Gəncə şəhəri və Kəlbəcər rayonundan, nazir müavini Rafiq Bayramov Goranboy rayon Heydər Əliyev Mərkəzində Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul ediblər.

Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.

Nazir Əbülfəs Qarayev vətəndaşlarla görüşdən əvvəl yeni təmir-bərpa olunmuş Naftalan şəhər Mədəniyyət Mərkəzi, şəhər Tarix-Diyarşünaslıq MuzeyiNizami Gəncəvi adına Mərkəzi Kitabxana ilə tanış olub. Nazir mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində zəruri addımları diqqətə çatdırıb. Hərbi hissələrlə sıx əməkdaşlıq, hərbi hissələrdə konsert proqramlarının və səyyar kitabxanaların təşkil olunmasının vacibliyi vurğulanıb. Nazir həmçinin bölgəyə gələn turistlərin mədəniyyət müəssisələrinin göstərdiyi xidmətlərdən yararlanması, istirahət mərkəzlərində səyyar kitabxanaların təşkil olunması və digər bu kimi məsələlərin həlli istiqamətində tapşırıq və tövsiyələrini verib.

Naftalandakı Heydər Əliyev Mərkəzində keçirilən qəbulda şəhər sakinləri tərəfindən Uşaq musiqi məktəbi üçün yeni binanın tikilməsi və ya məktəbin fəaliyyət göstərdiyi binanın Mədəniyyət Nazirliyinin balansına keçirilməsi, kitabxanalara orta məktəb şagirdləri üçün yeni kitabların verilməsi, suvenir sənətinin inkişafı ilə bağlı məktəbin açılması və digər məsələlər haqqında xahiş və təkliflər səsləndirilib.

Həmçinin Samux rayonu ərazisində arxeoloji qazıntı işlərinin aparılması, xalçaçılığın inkişafı üçün zəruri ləvazimatların verilməsi, Samux rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir edilməsi, rayon Tarix-Diyarşünaslıq Muzeyinə ştatların verilməsi, işlə təmin olunma barədə müraciətlər olub.

***

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin Gəncədə keçirdiyi qəbulda Gəncə Şəhər Tarix-Diyarşünaslıq Muzeyinin təmir olunması, Mərkəzləşdirilmiş Kitabxana Sisteminə yeni nəşr olunmuş kitabların verilməsi, Kəlbəcər rayon Uşaq incəsənət məktəbində nağara sinfinin açılması, fəxri adların  verilməsi və işlə təmin olunma ilə bağlı müraciətlər səsləndirilib.

***

Nazir müavini Rafiq Bayramovun vətəndaşlarla görüşündə Goranboy sakinlərinin müraciətləri rayon ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş əşyaların Tarix-Diyarşünaslıq Muzeyinə verilməsi, rayonda yerləşən türbələr kompleksinin təmir-bərpası, folklor qrupunun milli geyimlərlə təminatı, “Faxralı” xalçalarının qədim nümunələrinin eskizlərinin əldə olunması barədə olub. Həmçinin Xocalı sakinlərinin məskunlaşdığı Aşağı Ağca kənd qəsəbəsində Mədəniyyət mərkəzinin yaradılması, Xocalı şəhər Uşaq musiqi məktəbində saz sinfinin açılması, işlə təmin olunma barədə müraciətlər edilib.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilən qəbullarda bütün müraciətlər diqqətlə dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll edilib, bəzilərinin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Ümumilikdə qəbullarda 50 nəfərə yaxın vətəndaş iştirak edib.

 

FARİZ

 

Mədəniyyət.- 2019.- 25 sentyabr.- S.4.