İtaliyalı azərbaycanlı
“Nə vaxt dəvət
edilsəm, yenə Bakıya gələcəyəm”
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının qonaqlarından biri də İtaliyadan gəlmiş tanınmış pianoçu Aleksandr Hacıyev idi. İtaliyalı olsa da, əslində, soydaşımızdır. Bunu onun soyadından da təxmin etmişdik, Bakıda isə öz dilindən eşitdik.
Sentyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində keçirilən solo konsertdən öncə ifaçıdan qısa müsahibə almaq imkanımız oldu.
- Aleksandr, Sizi italiyalı pianoçu kimi təqdim etsələr də, Azərbaycanla bağlılığınız var. Elə deyilmi?
- Bəli, mən əslən azərbaycanlıyam. Atam və ata tərəfdən qohumlarım azərbaycanlıdır. Atam Siyavuş Hacıyev Bakıda doğulub, pianoçudur. Ali təhsil almaq üçün Moskvaya gedib. Təhsilini bitirdikdən sonra orada pedaqoji fəaliyyətlə məşğul olub. 25 il əvvəl isə İtaliyaya köçüb. Hazırda orada həm yaradıcılıq, həm də pedaqoji fəaliyyətini davam etdirir. Onun tələbələri dünyanın tanınmış pianoçularıdır. Mən İtaliyada dünyaya gəlmişəm. Əfsus ki, atam işləri ilə əlaqədar mənimlə gələ bilmədi. Onu da deyim ki, bu mənim Bakıya ilk səfərim olsa da, atam öz doğma şəhərinə gəlib-getməyə vaxt ayırır. Nənəm də İtaliyaya – bizim yanımıza köçdüyü üçün bir az gediş-gəlişimiz azalıb. Bu festivalda iştirak etmək mənim həyatımda böyük hadisədir.
- Atanızın yolunu özünüz davam etdirmək istədiniz, yoxsa onun istəyi oldu?
- Mənim anam da pianoçudur. Evdə iki pianoçunun əhatəsində digər sahəni seçmək qeyri-mümkün oldu hər halda. Mənim ilk nəticələrim pis alınmadı və belə qərara gəlindi ki, mən bu işi davam etdirim. Bu sahə ilə məşğul olmağım isə bu gün mənim doğma vətənimə gəlməyimə vəsilə oldu.
- Yəqin ki, ailənizdə Azərbaycan musiqisi də səslənir.
- Əlbəttə, mütəmadi. Mən uşaqlıqdan milli musiqini də dinləmişəm, Azərbaycan rəqs havalarını da. Milli musiqi alətlərimizi də tanıyıram.
- Azərbaycan bəstəkarlarının əsərlərini necə, ifa edirsinizmi?
- Düzü, konsert proqramlarımda hələ Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət etməmişəm. Amma belə niyyətim var. Əslində, festivala dəvətlə bağlı bu arzumu reallaşdırmaq istərdim. Sadəcə, dəvət gözlənilməz oldu və bu arada planlanmış və gərgin iş qrafikim üzündən bu məsələni reallaşdıra bilmədim. Amma dəqiq deyə bilərəm ki, bu fikri həyata keçirəcəyəm.
- Bildiyimizə görə, hazırda Berlində yaşayırsınız. Bunun bir səbəbi varmı?
- Ona görə ki, orada həm təhsil alıram, həm də yaradıcılıqla məşğul oluram. Digər əsas səbəb isə odur ki, Berlin bu gün Avropanın ən böyük musiqi mərkəzlərindən biri sayılır. Orada çoxsaylı orkestrlər və musiqi zalları fəaliyyətdədir və musiqiyə gözəl münasibət var.
- Bu gün
dünyada tanınmış pianoçular çoxdur. Bu sırada seçilmək çətin deyil ki?
- Düşünürəm ki,
sadəcə öz potensialını inkişaf
etdirməlisən. İç dünyanda
nələr varsa, onu realizə etməyi bacarmalısan.
Bir də öz şəxsiyyətini bütövləşdirməlisən,
çox çalışmalısan.
Bundan sonra bütün yollar öz-özünə
açılacaq. Qeyd etdiyim
məqamlarla bərabər,
əgər sənin şansın və irəli getmək istəyin varsa, bu, reallaşaq.
Bunun
üçün oturub nəyisə düşünməyə
ehtiyac yoxdur.
- Bakını gəzə bildinizmi?
- Atam həmişə mənə deyirdi ki, Bakı İtaliya
şəhərlərinə bənzəyir. Bunun şahidi oldum.
Güclü külək də
qəribə hisslər
yaşadır. Arxitektura, külək,
şəhərin özəlliyi
qəribə bir mif hissi yaradır.
- Evinizdə Azərbaycan
yeməkləri hazırlanırmı?
- Anam sloveniyalıdır. Amma evimizdə milli mətbəx hazırlanır.
Bir əsas səbəb var ki, milli
yeməyin dadını
əldə etmək üçün məhz yaxşı məhsullar, yəni uyğun məhsullar lazımdır.
İtaliya ərzaqları ilə
hazırlanan Azərbaycan
yeməyi isə heç də Azərbaycanda hazırlanan
yeməyin dadını
verə bilməz.
Burada daha dadlı, daha təbiidir.
- Beynəlxalq Muğam
Mərkəzinin səhnəsini
bəyəndinizmi?
- Çox gözəl səhnədir. Binanın arxitekturası çox
gözəl təəssürat
yaradır. Səsləndirmə də standartlara uyğundur. Azərbaycanın milli muğam
sənətinin simvolu
olan səhnədə
çıxış etməyim
də mənim üçün bir hadisədir.
- Sizi Bakıda bir də nə
vaxt gözləyək?
- Bəlkə də inanmayacaqsınız, amma mən birgünlüyə
gəldim və konsertdən sonra gecə qayıdıram. Səbəb isə odur ki, sabah Buxarestdə, daha sonra Romada
konsertim olacaq. Amma nə vaxt dəvət
edilsəm və zamanım olsa, mütləq yenə Bakıya gələcəyəm.
İnanıram ki, gələcəkdə
belə bir fürsət olacaq və mən burada xeyli qalmaq
imkanı əldə edəcəyəm.
***
İtaliyalı soydaşımızın solo konsertini
sənətsevərlər səbirsizliklə
gözləyirdilər.
Musiqi axşamında
Mədəniyyət naziri
Əbülfəs Qarayev,
musiqi ictimaiyyətinin
nümayəndələri iştirak
edirdi. İfaçının proqramına L.Bethoven,
F.List, S.Prokofyev kimi klassik bəstəkarların
əsərləri daxil
edilmişdi. Aleksandr Hacıyevin
ifası tamaşaçıların
zövqünü oxşadı,
gur alqışlarla qarşılandı. Gənc pianoçunun
ata-baba vətənində
ilk çıxışı yəqin ki, onun yaddaşında da, musiqi tarixi
səhifəmizdə də
uzun zaman qalacaq.
L.AZƏRİ
Mədəniyyət.- 2019.- 25
sentyabr.- S.1;4.