Təbrizdən gələn
qonağımızın arzusu
“Gəncədə tamaşa
oynayacağım günün həsrətini
çəkirəm…”
Üzeyir Hacıbəyli festivalının bir qonağı da İran İslam Respublikasından gəlmiş tanınmış aktyor və rejissor Babək Nəhreyn idi. Qonağımızın neçə vaxtdan bəri yaradıcılıq münasibəti qurduğu Azərbaycan Dövlət Akademik Musiqili Teatrı festivala qoşularaq, sentyabrın 20-də 110-cu mövsümü “O olmasın, bu olsun” komediyası ilə açdı. Babək Nəhreyn həmin tamaşada ilk dəfə Hambal rolunda çıxış etdi. İranda isə o, təkcə komik aktyor kimi yox, həm də “Babək” özəl teatrının rəhbəri, festival təşkilatçısı kimi məşhurdur. Bu barədə isə qonağımız özü danışsın.
Söhbətimiz tamaşadan öncəyə təsadüf edir deyə, nə qədər təcrübəli olsa da, Babək bəyin həyəcanı hiss olunur.
- Üç il Şərqi Azərbaycan Teatr Assosiasiyasının rəhbəri oldum, amma sonra davam etmək istəmədim. Gördüm ki, təşkilati işlər vaxtımı çox alır. Səhnəyə çıxmağa, tamaşa hazırlamağa vaxtım, demək olar ki, qalmır. Halbuki mən səhnədə olmağı çox sevirəm. “Əlif” beynəlxalq teatr festivalının da rəhbəriyəm. Ötən il ilk dəfə keçirilən festivala 8 ölkədən teatr kollektivi gəlmişdi. Çox şad oldum ki, birinci mükafatı Azərbaycandan Şövqi Hüseynov “Kontrabas” tamaşası ilə qazandı.
- Bəs bu il necə, Azərbaycandan teatr qonağınız olacaq?
- Bəli. Dekabrın 1-dən 5-dək növbəti festivalı keçirəcəyik. Azərbaycandan da teatrların gəlməsini gözləyirik.
- Azərbaycan teatrı ilə münasibətiniz necə yarandı?
- Uzun illər çox istəyirdim ki, İranla Azərbaycan arasında bir teatr körpüsü salınsın. Tehranda, İsfahanda Azərbaycan teatrları ilə tez-tez rastlaşırdım, amma nədənsə Təbrizdə tamaşa oynamaqları baş tutmurdu. Çox şadam ki, bu işi görmək mənə qismət oldu. 2016-cı ildə Musiqili teatrın direktoru Əliqismət Lalayevlə tanış olduq, birlikdə yaradıcılıq planları üzərində çalışdıq və yol açdıq. 2017-ci ildə Novruz bayramı üçün məxsusi “Bəxtəvər” tamaşası hazırladıq, çox yaxşı da qarşılandı. Sonra Üzeyir bəyin “Ər və arvad” tamaşası Tehranda, Təbrizdə qastrolda oldu. Bir dəfə də bizim aktyorumuz Camal Sadiqinejat da gəlib “999-cu gecə”də çıxış etmişdi.
- Bu gün də bizim teatrda “O olmasın, bu olsun” tamaşasında debütünüzdür.
- Elədir… Əvvəllər bu tamaşada heç vaxt çıxış etməmişəm. Tamaşaya da diskdə baxıb rolumu öyrənmişəm.
- Belə çıxır ki, Hambalı məşqsiz hazırlamısınız?
- Elədir. Özüm təkbaşına Hambalı hazırlamışam. Uzun illər əvvəl, rəhmətlik atam da “O olmasın, bu olsun”da Hambal rolunda çıxış edib.
- Deməli, atanız da aktyor olub?
- Bəli, atam Həsən Nəhreyn Təbrizdə çox məşhur teatr aktyoru, rejissor idi. Ümumiyyətlə, bizim ailəmizdə sənət adamı çoxdur: aramızda aktyor, musiqiçi, rəssam, dirijor var… Yəni, mən teatr işini sənət olaraq seçəndə kimsə təəccüblənməmişdi.
Sonra da Təbrizdə, Ərəşdə
sənət təhsili
aldım. Təbrizdə öz adımı
verdiyim özəl teatrım var. Həm musiqili, həm də dram tamaşaları
qururuq. Orkestrimiz, balet qrupumuz,
aktyorlarla birlikdə
170 nəfərdən çox
heyətimiz var. Baletmeysterimiz
Pedram Nazir Bakıda xoreoqrafiya təhsili alıb. Hər ay bütün işçilər
aylıqlarını (maaşlarını
- red.) alırlar. Demək olar
ki, hər gün də tamaşa oynayırıq.
- Hər gün?...
- Bizdə sabit, geniş repertuar yoxdu. Bir tamaşanı hazırlayırıq,
oynayırıq, onunla
qastrola gedirik, tamaşa öz seyrçisini itirməmiş
digər tamaşanı
hazırlayırıq. Həmişə teatrımızın yeni tamaşası var deyə, salonda bir yer
də boş qalmır. Çox vaxt tamaşaya
bilet bir ay əvvəldən satılır.
Fəxr edirəm ki, İranda bilet satışına görə
bütün teatrlardan
birinciyik. Yayda Tehranda bir gündə
“Nəhəngi-əmbər” tamaşamıza 6 min bilet satılmışdı…
- Nə gözəl!... Bəs tamaşaları hansı
dildə oynayırsınız?
- Yalnız Azərbaycan dilində! İranda sayımız qırx
milyondur. Hansı şəhərə
getsək, orada Azərbaycan dilini anlayırlar. İranın, demək olar ki, bütün şəhərlərində, xüsusilə
də Tehranda tez-tez tamaşa oynayırıq, xaricə gedirik. Almaniya, Hollandiya ən
çox tamaşa oynadığımız ölkələrdir.
- Bəs Üzeyir
bəyin hansısa əsərində indiyədək
çıxış etmisiniz?
- Bəli, “Arşın mal alan”da Əsgəri
oynayıram, amma bir dəfə də Vəli kimi səhnəyə çıxmışam.
- Bəs deyirdiniz ki, sizdə davamlı repertuar yoxdu…
- Təbrizdə belə bir ənənə yaranıb ki, hər il
orucluqda “Arşın
mal alan” tamaşasını
mütləq oynayırıq.
Hətta təbrizlilər
deyirlər ki, orucluq gəlsəydi, “Arşın mal alan”a
baxardıq.
- Fikriniz hələ başlamamış tamaşada
olduğundan bəlkə
də yeni yaradıcılıq layihəsi
barədə soruşmaq
yerinə düşmür…
- Niyə ki? Çox istəyərəm
ki, Musiqili teatrla sıfırdan bir tamaşa quraq. Gərək Əliqismət müəllimlə
bu məsələ barədə düşünüb-daşınaq.
İstəyərdim ki, yığcam
bir tamaşa hazırlayaq və Bakı-Təbriz adıyla
dünyanı dolaşaq.
- Gözəl arzudur, Allah yerinə yetirsin!
- Dünyanın neçə
ölkəsini gəzmişəm,
amma təkcə Azərbaycanda özümü
evdəki kimi azad, rahat hiss edirəm. İranla Azərbaycan iki
qardaş ölkədir.
Allaha çox şükür ki, dövlətlərimizin
arasında heç bir problem yoxdur, ölkə başçıları
da həmişə mehriban görüşürlər.
- Bəs teatrla bağlı arzunuz?
- Əslən Gəncədənik. Ən böyük
arzum da Gəncədə səhnəyə
çıxmaqdır.
***
Babək Nəhreyn ilə teatrla, yaradıcılıqla
bağlı uzun və daha maraqlı
söhbət etmək
olardı. Amma nə qədər
təcrübəli səhnə
ustası olsa da, ilk dəfə oynayacağı rolun xofu, stresi özünü
göstərir. Həm
də necə olsa, “O olmasın, bu olsun”un
ən koloritli obrazına tam uyğunlaşmaq
üçün də
qrim etmək lazım idi. Üstəlik, tamaşanın
Məşədi İbadı
– Əməkdar artist Şövqi
Hüseynov da pərdə açılmamışdan
öncə birlikdə
səhnələrini təkrar
keçmək üçün
onu səhnə arxasında gözləyirdi…
Gülcahan MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 25
sentyabr.- S.5.