“İfa zamanı qəlb
və ağıl bir arada
olmalıdır...”
XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında müxtəlif ölkələrdən musiqiçi və kollektivlər iştirak edir. Paytaxtımızın qonaqlarından biri də rusiyalı violin ifaçısı, P.Çaykovski adına XVI beynəlxalq müsabiqənin qalibi Sergey Doqadindir. İfaçı artıq bir neçə dəfə Bakıda olub və Azərbaycan bəstəkarlıq məktəbinə bələddir.
Festival çərçivəsində musiqiçinin Beynəlxalq Muğam Mərkəzində ustad dərsi (19 sentyabr) də təşkil olundu. Bülbül adına Orta ixtisas musiqi məktəbi və paytaxtın musiqi məktəblərinin bir qrup müəllim və şagirdlərinin iştirak etdiyi dərsdə fasilə zamanı ifaçıya bir neçə sual ünvanladıq.
- Sizi Bakıda görməkdən məmnunuq. Festivalın açılışında çıxışınızla bağlı təəssüratlarınızı bilmək istərdik...
- Bakıda, bu möhtəşəm festivalda iştirakımdan hədsiz məmnunam. Son beş ildə dəfələrlə bu şəhərdə qonaq olmuşam. Bakı əsrarəngiz şəhərdir. Mən burada ruhən dincəlirəm. Üzeyir Hacıbəyli festivalında isə birinci dəfədir iştirak edirəm. Festivalın açılışında çıxışım da rəğbətlə qarşılandı. İlk konsertdə iştirak etmək, təbii ki, xoş oldu. Təşkilatçılara minnətdaram ki, məni bu festivala dəvət ediblər. Bu tədbirdə bir çox ölkələrdən tanınmış ifaçılar iştirak edirlər və onların bir çoxu ilə gözəl dostluq münasibətlərimiz var. İnanıram ki, Azərbaycan tamaşaçıları onların ifalarından böyük zövq alacaqlar. Əfsus ki, özüm festivalı axıracan izləyə bilməyəcəyəm. Çünki qarşıda konsert proqramlarım var. İlin sonuna kimi dünyanın müxtəlif şəhərlərində 46 konsertim reallaşacaq. Azərbaycanı da, bu nağılvarı şəhəri də çox sevirəm.
- Bildiyimizə görə, Rusiyanı təmsil etsəniz də, Vyanada yaşayırsınız...
- Bəli, artıq üç ildir ki, Vyanada yaşayıram. Amma çalışıram ki, imkan olan kimi Rusiyaya gəlib Moskvada və doğma şəhərim Sankt-Peterburqda konsertlər verim.
- Bakıda dəfələrlə olmusunuz. Demək, Azərbaycan musiqisi ilə tanışsınız.
- Əlbəttə. Mən bir sıra Azərbaycan bəstəkarlarının əsərləri ilə tanışam. Təəssüf ki, çoxsaylı konsertlərə görə əlavə məşqə, proqrama yenilik etməyə vaxtım olmur. Növbəti dəfə Bakıya gəlişimdə, söz verirəm ki, mütləq Azərbaycan bəstəkarlarının əsərləri də repertuarımda olacaq.
- Ustad dərsinizdə iştirak edənlərin timsalında gənc istedadlarımızı necə dəyərləndirirsiniz?
- Bütün uşaqlara eşq olsun! Çox istedadlı və bacarıqlı şagirdlərdirlər. Düşünürəm ki, mənim kimi onlar da bu ustad dərsindən razı qaldılar. Çalışdım ki, onlarla detallı şəkildə və məhsuldar məşğul olum və mənimlə xoş təəssüratlarla ayrılsınlar. Son 3 ildə ardıcıl olaraq ustad dərsləri verirəm. Koreyada, ABŞ-da, Latviyada, Rusiya və digər ölkələrdə belə dərslərim təşkil olunub. Düzü, pedaqoji fəaliyyətlə məşğul olmağa o qədər də vaxtım yoxdur. Gənc həmkarlarımla tanış olmağın, onlarla ünsiyyətin yeganə yolu ustad dərsləridir və mən bu fəaliyyətimdən çox məmnunam.
- Azərbaycanlı musiqiçilərlə əlaqələriniz varmı?
- Əlbəttə. Azərbaycanlı dostlarımdan dirijor Mustafa Mehmandarov və Fuad İbrahimovu qeyd edə bilərəm. Eləcə də bir çoxları var ki, biz onlarla mütəmadi olaraq xarici ölkələrdə konsertlərdə görüşürük.
- Bir çox beynəlxalq müsabiqələrdə iştirakçı və qalib olmusunuz...
- Müsabiqələr hər bir yeni başlayan musiqiçi üçün vacibdir. Əgər böyük səhnəyə iddialısansa, mütləq yolun müsabiqədən keçməlidir. Müasir müsabiqələr böyük təcrübə olmaqla bərabər, həm də psixoloji cəhətdən çox gərginlik yaradır. Təsəvvür edin ki, çox geniş bir proqramı yaddaşına həkk edərək böyük orkestrlərlə bu müsabiqələrdə iştirak etməli və mütləq qalib olmalısan. Bu, sözsüz ki, çox çətindir və yalnız iradəli insanlar bu gərgin rejimlə çalışıb mötəbər müsabiqələrdə iştirak hüququ qazanırlar. Mənim bəxtim onda gətirdi ki, müsabiqələrdə iştirakım uğurlu oldu.
P.Çaykovski adına müsabiqədən sonra bu fəaliyyətimə son vermək qərarına gəldim. Bu mükafat hər bir violin ifaçısının ən böyük arzusudur və bizim sahə üzrə ən mötəbər mükafatdır.
- Bir az da ifa etdiyiniz alətlə bağlı danışardınız.
- Hazırda konsertlərdə ifa etdiyim alət italyan ustası Domeniko Montanyanka tərəfindən hazırlanan unikal alətlərdən biridir. Bu alətdən istifadə etmə müddətim 2020-ci ilə qədərdir. Daha sonrakı dövr üçün isə hələ ki, bəlli deyil.
- Gənc həmkarlarınıza məsləhətiniz varmı?
- Yaxşı olardı ki, ifa zamanı qəlbləri və ağıllarını işə salsınlar. Bu, saatlarla məşqdən azad olmanın ən yaxşı yoludur.
- Fəaliyyətinizdə uğurlar arzulayırıq.
- Sağ olun. Mən də bir daha Bakı tamaşaçılarına və festivalın təşkilatçılarına minnətdarlığımı bildirirəm.
Lalə AZƏRİ
Mədəniyyət.- 2019.- 25
sentyabr.- S.5.