Tahir Salahovun çap olunmayan əsərləri
Görkəmli fırça ustası Tahir Salahovun sənət aləmində
1957-ci ildən başlanan
zəfər yürüşü
bu günə kimi davam etməkdədir. V.İ.Surikov
adına Moskva Rəssamlıq İnstitutunun
tələbəsi kimi
diplom işi olaraq yaratdığı “Növbədən qayıdanlar”
tablosu ilə SSRİ məkanında böyük
şöhrət qazanan
gənc rəssam Bakıya qayıdacağı
təqdirdə onu bir çox məişət problemlərinin
gözlədiyindən xəbərdar
idi. Lakin Moskvada qalmaq
imkanı olsa da, gənc rəssam
Bakıya qayıtmağa
qərar verir.
Hələ tələbə ikən ailə həyatı quran Tahir Salahov
doğma şəhərə
dönəndə həyat
yoldaşı Vansetta Qarayaqubova və qızı Alagöz də onunla idi. Otuzuncu illərdə atası
repressiya olunmuş rəssamın bir neçə uşaq böyüdən anasının
maddi vəziyyəti də ürəkaçan
deyildi. Odur ki, rəssamı
yaradıcılıqla yanaşı,
müəyyən məsələlərin
həlli də ciddi maraqlandırırdı.
Həmin
anlarda onun kiçik problemlərindən
sayılan mənzil məsələsini gənclərə
böyük sevgisi olan məşhur mənzərə ustası
Səttar Bəhlulzadə
“həll edir”. Başqa sözlə desək, Səttar yeni inşa olunan “Rəssamlar evi”ndə ona ayrılan ikiotaqlı mənzili gənc həmkarına bağışlayır
və deyir: “Mənim Əmircanda ata evim var,
çətin olsa da, şəhərə gedib-gələrəm!”.
Tahir Salahov uzun illər ərzində bu yaxşılığı unutmur. Hətta
Aydın Dadaşovun ssenarisi əsasında çəkilən “Yubiley”
televiziya filmində (əsər Səttar Bəhlulzadənin 80 illiyinə
həsr olunub) o, olub-keçənləri xatırlayaraq
“Mən Səttara hələ də borcluyam!”, - deyir.
Beləcə, Tahir Salahovun yaradıcılığının
problemsiz “Bakı mərhələsi” başlayır...
Qənaətimizcə, çox qısa bir müddətdə
onun Bakıda bir-birinin ardınca maraqlı tablolar (“Neftçi”, “Səhər eşelonu”, “Təmirçilər”,
“Bəstəkar Qara Qarayevin portreti” və s.) yaratmasının
kökündə rəssamın
heç vaxt bitməyən məişət
qayğılarından qismən
azad olması da durur, desək,
yanılmarıq. Altmışıncı illər də onun yaradıcılığında
dərin iz buraxdı. Dediklərimizi onun süjetli
kompozisiya və portretləri də təsdiqləyir. Bununla belə,
gənc rəssam yeri gələndə paytaxtdakı müəyyən
təşkilatlardan ona
edilən müraciətləri
də cavabsız qoymayıb. Belə sifarişlərdən biri ona Xalq
Təhsili Muzeyindən
gəlib. Altmışıncı
illərin əvvəllərində
muzeyə direktor təyin olunan Tahirə Əhmədzadə
(o, 37 il (1961-1998) bu muzeyə rəhbərlik etmişdir)
ekspozisiyanı bir qədər yeniləşdirmək
üçün oranı
yeni eksponatlarla, o cümlədən təsviri
sənət əsərlərilə
zənginləşdirməyə qərar verir. Arzuladığı portretləri çəkdirmək
üçün müəllif
axtarışına çıxan
direktor elə də vaxt itirmir.
Soraqlaşdığı hər kəs
ona bu işi
adı artıq respublikada kifayət qədər məşhur olan gənc və istedadlı rəssam Tahir Salahova tapşırmağı tövsiyə
edir. Rəssamı muzeyə dəvət
edən Tahirə xanım görüşləri
zamanı məqsədini
ona bildirir.
Bu etimadı yüksək
dəyərləndirən Tahir
Salahov bir müddət düşündükdən
sonra, vaxtının azlığına baxmayaraq,
bu sifarişi icra etməyə razılıq verir. Çünki daima tamaşaçı qələbəliyi duyulan
bu muzeydə əsərinin yer alması gənc rəssam kimi onun üçün də xoş idi. Beləliklə,
o, təklif olunan sifarişləri – şair
Seyid Əzim Şirvani, ictimai-siyasi xadim Səməd
ağa Ağamalıoğlu
və məktəbli-qəhrəman
Tofiq Hüseynovun portretlərini çəkməyə
başlayır...
Bu gün Təhsil
Nazirliyinin nəzdindəki
Xalq Təhsili Muzeyinin daimi ekspozisiyasını bəzəyən
həmin portretlər ömrünün 92-ci baharını
arxada qoyan böyük sənətkarın
yaradıcılığının ilkin mərhələsinin
nümunələri kimi
dəyərləndirilməkdədir. Bu yazıda həmin sənət əsərləri
barəsində söz
açmağımız isə
onların rəssam haqqında çap olunmuş çoxsaylı
nəşrlərin heç
birində yer almaması ilə bağlıdır. İndiki halda
bunun niyə belə olduğuna əhatəli cavab axtarmaq niyyətindən uzağıq. Amma hər
halda onların bu vaxta qədər
diqqətdən kənarda
qalması və “unudulması” səbəbsiz
deyil. Bəlkə də uzaq altmışıncı illərdə
çəkilən bu
kiçikölçülü əsərləri sonralar daha möhtəşəm
tablolar yaratmış
sənətkar sadəcə
unudub? Bu versiya inandırıcı
olmasa da, hər halda mümkün olan məsələdir.
Rəssamın onları bədii xüsusiyyətlərinə görə
o qədər də yüksək hesab etməməsi də bu məsələdə rol oynaya bilərdi. Həmin əsərlərdə
rəssam imzasının
olmaması da bunu söyləməyə
əsas verir. Ancaq əlavə edək ki, Tahir Salahovun
1958-1960-cı illərdə yaratdığı və yuxarıda adları qeyd olunan tablolarında
da imzası yoxdur.
Hər halda, öncədən deyək ki, muzeyin ekspozisiyasını
bəzəyən və
geniş ictimaiyyətə
az məlum olan bu üç
portret dəyərli və məşhur “Tahir Salahov estetikası”nı
özündə yaşadan
əsərlərdir...
Adı XIX əsr Azərbaycan ədəbiyyatına qızıl hərflərlə yazılmış Seyid Əzim Şirvaninin portretini (1963. Kətan, yağlı boya; 60x80 sm) rəssam əsasını qoyduğu “sərt üslub”un bədii prinsiplərinə uyğun çəkmişdir. Əsərdə şairin obrazını səciyyələndirən ikonoqrafik xüsusiyyətləri qorumaqla, onun nurlu çöhrəsini dəqiqliyi ilə əsərdə əks etdirən Tahir Salahov, son nəticədə, qəzəl janrı sahəsində “Füzulinin yadigarı” kimi el məhəbbəti qazanan Seyid Əzimin gözoxşayan portretini yaratmağa nail olmuşdur.
Şairin papağının qara və əbasının boz rəngi ilə göyümtül fon-yerlik arasında əldə olunan əlaqə harmoniyanın əldə olunmasına xidmət etdiyindən, obraz cəlbedici və yaddaqalandır. Kompozisiyanı təşkil edən ayrıntılarda işıq-kölgədən uğurlu istifadə bütünlükdə portretin bədii tutumunun oynaqlığını şərtləndirmişdir, desək, yanılmarıq...
Azərbaycan tarixində daha çox ictimai-siyasi və dövlət xadimi kimi qalan Səmədağa Ağamalıoğlunun portretinin (1964. Kətan, yağlı boya; 75x75,5 sm) Xalq Təhsili Muzeyinin ekspozisiyasında yer alması həm də onun Qori Seminariyasının məzunu olması ilə bağlı olmuşdur. Xatırladaq ki, S.Ağamalıoğlu (1867-1930) zamanında Azərbaycan SSR MİK sədri, ZSFSR MİK sədri, ilk Xalq torpaq komissarı, “Şərqdə mədəni inqilab”ın banisi, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur.
Həm müstəqillik, həm də sovet dönəmində respublikamızın həyatında fəal iştirakı ilə tarixə qovuşan S.Ağamalıoğlunun portretində rəssam, onun şəxsiyyətinə xas olan müsbət keyfiyyətləri qabarıq əks etdirməyə çalışmışdır. Qənaətimizcə, rəssamın qəhrəmanını iri planda təqdim etməsi də buradan qaynaqlanır. Tünd-sumaxı rəngli xalça fonunda tünd geyimdə görüntüyə gətirilmiş portretin tamaşaçısına yönəli baxışlarında onun varlığında hifz olunan yaşayıb-yaratmaq yanğısı duyulmaqdadır. Çöhrəsinin bütün əzalarına hiss olunacaq bir aydınlıq bəxş edən rəssam bununla da obrazın yaşanan illəri ilə qürur hissi keçirdiyini ifadə etmişdir. “Sərt üslub”un estetikasından qaynaqlanan rəng-cizgi təzadının bu portretin bədii tutumuna müsbət təsir göstərdiyi birmənalıdır...
Üçüncü portretin qəhrəmanını isə müasirlərimizin əksəriyyəti tanımır. Belə ki, ötən əsrin əllinci illərinin sonunda bu məktəblinin etdiyi qəhrəmanlıqdan çoxları xəbərsizdir. Amma onun igidliyi rejissor Eldar Quliyevin 1972-ci ildə çəkdiyi “Var olun, qızlar!” filmində əks olunub.
1958-ci ilin yayında Bakıdakı 134 saylı orta məktəbdə təhsil alan Tofiq Hüseynov Abşeron çimərliklərinin birində dənizdə batan uşaqları xilas edərkən həlak olmuşdur. Üç qızı dənizdən çıxarandan sonra rəfiqələrin dördüncüsünü çıxarmağa çalışarkən yorulmuş yeniyetmə qızla birlikdə boğulur. Yeri gəlmişkən, deyək ki, zamanında onun xatirəsi oxuduğu məktəbə adının verilməsi ilə əbədiləşdirilmişdi, amma burada aparılan əsaslı təmirdən sonra təhsil ocağına qəhrəmanın adını qaytarmağı unudublar...
Tofiq Hüseynovun portreti (1965. Kətan, yağlı boya; 90x70 sm) də rəssamın bədii prinsiplərindən bütün əsərlərində uğurla istifadə etdiyi “sərt üslub”a tapınmaqla işlənmişdir. Üfüqi kompozisiyanın ön planında qəhrəmanı qabarıq təqdim edən Tahir Salahov arxa planda – sahildə onun hərəkətlərini həyəcanla izləyən insanları təsvir etmişdir. Təlatümlü dənizin fonunda görüntüyə gətirilən yeniyetmənin çöhrəsində yaşanan həyəcanı duymaq elə də çətin deyildir. Bu dəfə yığcam rənglərdən istifadə etməklə rəssam onun yaddaqalan obrazını yaratmağa nail olmuşdur...
Haqqında söz açdığımız bu üç əsər Xalq Təhsili Muzeyinin ən qiymətli eksponatlarındandır. Bunu muzeylə tanış olan seyrçilərin fikirləri də təsdiqləyir. Sizlərə də gənc Tahir Salahov fırçasının məhsulları olan həmin portretləri görməyi tövsiyə edirik...
Ziyadxan
ƏLİYEV
Əməkdar incəsənət xadimi,
professor
Mədəniyyət.- 2019.- 25
sentyabr.- S.7.