Bülbül ömrünün xatirəsi...

 

 

Xalqın məhəbbəti sənətkar üçün ən yüksək mükafatdır. Bu məhəbbəti bütün varlığı ilə öz elinə, vətəninə bağlanmış, xalqın yaradıcılıq dühasından bəhrələnmiş və kamala yetmiş, sənətin çətin və zəhmətli yollarından keçib zirvəyə qalxan sənət xadimləri qazanır. Xalqın məhəbbətini, elin rəğbətini qazana bilən sənətkarlar xoşbəxtdirlər. Bülbül də belə sənətkarlardandır.

Mədəniyyət tariximizdə böyük iz qoymuş sənətkarın vəfatından (26 sentyabr 1961) 58 il keçir. Ölməzliyə qovuşmuş sənətkar ömrü həm də xatirələrdə yaşayır.

Fikrimizcə, Bülbülün dostları, həmkarları arasında, eləcə də ailədə necə bir insan, şəxsiyyət olması oxucular üçün də maraqlı olar...

***

Bülbülün ömür-gün yoldaşı Adelaida xanımın xatirələrindən:

“Əhvali-ruhiyyəsinin yaxşı olmasının Bülbül üçün böyük əhəmiyyəti var idi. Bu, hər bir artist üçün, ən bacarıqlı olsa da, belədir. Mən də, bir şey anlamağa başladıqları ilk gündən uşaqlar da onun kefinə  dəyməməyə, qanını qaraltmamağa çalışırdıq. İşdən ayrıldığı və ailəsinə bəxş etdiyi hər bir saat, hər bir gün bizim üçün bayrama çevrilirdi... İstirahət saatlarında Bülbül tamam başqa adam olurdu. Bütün işi, fikir və qayğıları bir tərəfə ataraq, başını hər cür yükdən azad edir, sevincə, şadlığa qərq olurdu. O bu vaxtlar sanki işıq saçırdı, bu nur bizim də üstümüzə düşürdü, öz “ailə kvartetimizlə” (Bülbül belə adlandırmağı sevirdi) gəzməyə çıxanda biz bu işığı daha parlaqlığı ilə hiss edirdik.

Hər yay biz uzaq bir yerə səyahətə çıxardıq. Hər şeyi bilmək istəyən, hər şeylə maraqlanan Bülbül səyahət ehtirasını, yeni-yeni yerlərlə, adamlarla tanış olmaq həvəsini ömrünün axırına kimi hifz etmişdi. Yorğunluq bilməzdi, maşında saatlarla gedər, çox mənzərəli yerə çatanda maşınını saxlamağı xahiş edərdi. Uşaqlıqdan təbiətin qoynunda böyüyən Bülbül bütün ömrü boyu təbiəti sevmişdi...

Hara getsəydi, həmişə çoxlu adamın əhatəsində olardı. Ünsiyyətli, mehriban, nəcib adam olduğundan, həmişə ətrafındakıları cəzb edər, məftun edərdi...

O, məzuniyyət zamanı səsinə tam istirahət verirdi, oxumurdu, məşq etmirdi. Bununla bərabər, bulaqdan su içir, hətta dondurma yeyirdi, özü də dondurmanı çox yeyirdi. Uşaqlar təəccüblənirdilər, onlar Bülbülün simasında özlərinə dondurma yoldaşı tapmışdılar. Qonaqlar, səs-küy, şənlik evimizdən əskik olmazdı. O da belə şeylərin xəstəsi idi, səliqəli, bəzəkli süfrəni xoşlardı. Təsadüfən nahara gəlib çıxmış adamlar “siz qonaq gözləyirsiniz” deyə, soruşanda, Bülbül həmişə zarafat edərdi: “Mən özüm bu evdə ən əziz qonağam”.

Evimizə bəstəkarlar, şairlər, yazıçılar, artistlər, musiqiçilər gəlirdi. Axşamlar, bayram günləri stol arxasında incəsənət haqqında qızğın mübahisələr gedir, yeni mahnılar, romanslar, ariyalar səslənir, yeni poemalar, şeirlər oxunurdu. Şəhərimizə gələn məşhur adamlardan, necə deyərlər, evimizin yanından keçib bizə gəlməyənlərin adını çəkmək, əlbəttə, çətindir. Qonaqpərvər ev sahibi gələnləri həmişə açıq ürəklə, səmimiyyətlə, gülə-gülə qarşılardı.

O, böyük həvəslə at belində gəzərdi. Atla səhnəyə çıxanda tamaşaçılar titrəyə-titrəyə çilovdan yapışan, indicə yıxılacağından qorxan artist deyil, igid atlı görürdülər.

Bəli, Bülbül hər şeyə vaxt tapır, hər işi həvəslə görürdü. O, məruzələr hazırlayır, məktublar, müxtəlif məsələlərə aid məqalələr yazırdı. Bülbül elmin bütün sahələri ilə maraqlanırdı. Şeriyyət, təbiət, gözəllik aşiqi idi. Bu gözəl insan, həqiqətən, gözəlliyin, insan gözəlliyinin əsl vurğunu idi. Gözəl olan hər bir şey onun ruhunu oxşayırdı...”.

Dostları və müasirlərinin dilində...

Xalq artisti, bəstəkar Tofiq Quliyev yazırdı:

“Mən Bülbülü Elmi Tədqiqat Musiqi Kabinetinin (ETMK) təşəbbüsçüsü və təşkilatçısı kimi xatırlayıram. Buraya o həm Azərbaycan xalq musiqisinin yaşlı bilicilərini, həm də gənc musiqiçi tələbələri cəlb etmişdi. Onun iki qlobal məqsədi vardı: əvvəla, xalq musiqisi incilərini yazdırıb tarix üçün saxlamaq (axı, indiyədək xalq musiqisi nəsildən-nəslə şifahi şəkildə verilirdi). Nə qədər ki, C.Qaryağdıoğlu, S.Şuşinski, Q.Pirimov sağ idi, bunu eləmək vacib idi. İkincisi, bu yazılmalarla gənc musiqiçiləri doğma musiqinin saf bulağından su içməyə alışdırırdı, bu da gələcəkdə onların iri musiqi əsərlərində özünü büruzə vermişdi. Bu incilər təkcə ETMK-da yazılmırdı, onları yerindəcə yazdırmaq üçün Bülbül gənc musiqiçilərin respublikanın rayonlarına göndərişini təşkil edirdi. Bu gün, bu yazılışların dəfələrlə nəşr olunduğu zaman müddəti baxımından yanaşanda Bülbülün irəlicədən nadir görmə duyumuna heyran qalırsan. Axı, o vaxt o özü də cavan idi... Yazılış aparanların arasında A.Zeynallı, Niyazi, S.Rüstəmov, Q.Qarayev, C.Hacıyev, mən vardım, F.Əmirov da sonralar bizə qoşulmuşdu.

Üzeyir Hacıbəyovun “Azərbaycan xalq musiqisinin əsasları” kitabı üçün  ETMK-da toplanan materialların olduğunu da dediklərimizə əlavə etsək, aydın olar ki, Azərbaycan musiqi mədəniyyəti öz inkişafının bir çox mərhələlərində nəyə, daha doğrusu, kimə borcludur. Bülbülün tükənməz enerjisi üçün yalnız xalq mahnı və rəqslərinin yazılışı kifayət etmirdi. O, bizim bütün xalq musiqimizin bünövrəsi olan dərin fəlsəfi muğamların nota köçürülməsi ideyası ilə yaşayırdı. Mənimlə bu barədə dəfələrlə danışmışdı. 1935-ci ildə Z.Bağırovla mən tarixdə ilk dəfə olaraq Mansurovun tarda ifa elədiyi üç Azərbaycan muğamını – “Rast”, “Dügah” və “Segah-zabul”u nota köçürəndə onun sevincinin həddi-hüdudu yox idi; həmin il bu muğamlar çap olunandan az sonra nadir tapıntıya çevrildi. Bülbül üçün bu, onun qaynar fəaliyyətində növbəti mərhələ idi. Muğamlar nota köçürüldükdən sonra ürəyində onların simfonik ifadəsini eşitmək arzusu oyandı və Fikrət Əmirov Bülbülün özünün təşəbbüsü, yaxından iştirakı və məsləhəti ilə gözəl “Şur” və “Kürd-ovşarı” simfonik muğamlarını yazmayınca sakitləşmədi. Bülbül çox mehriban, gülərüz, ünsiyyətsevən insan idi. Hara gedirdisə, ətrafına həmişə aktyorlar, ədəbiyyatçılar, musiqiçilər toplaşırdılar.

Cavan bəstəkarlarla dostluğu bir ayrı cür idi. Həmişə onları yeni əsərlər yazmağa həvəsləndirir, çox vaxt da onların əsərlərinin ilk ifaçısı olurdu.

Əlbəttə, biz bəstəkarların hər birimizin arzusu idi ki, Bülbül bizim mahnılarımızı, romanslarımızı oxusun. Onun da səxavətinin həddi-hüdudu yox idi. Xüsusi minnətdarlıq və iftixar hissi ilə xatırlayıram ki, Bülbül mənim çox mahnılarımın ilk ifaçısı olub, bu ifa da mahnılarımı məşhurlaşdırıb...”.

SSRİ Xalq artisti, bəstəkar Fikrət Əmirov:

“Ömrümün çox hissəsini mən əziz Bülbülün evində keçirmişəm. Bu evdə böyüyüb boya-başa çatmışam, bu evdə bəstəkarlıq yaradıcılığımın zirvələrinə yüksəlmişəm. Bülbül mənə ata əvəzi olub, həmişə qayğımı çəkib, müstəqil həyata qədəm qoyduqdan sonra nəzəri üstümdə olub. Bülbülün necə gözəl, xeyirxah insan olduğunu oxucular xatırladacağım məqamdan anlayacaqlar.

Simfonik muğamlar üzərində işləmək üçün Bülbül məni evlərinə dəvət etdi. Biz bütün günü gecəyədək işləyirdik. Müharibədən sonrakı vaxtlardı, güzəran ağır idi. Anamı, bacılarımı da mən saxlayırdım. Evdəki doğma adamlarım üçün narahat olduğumu hiss edən Bülbül, biz işlədiyimiz müddətdə ev qulluqçuları Mariyanı ərzaq dolu səbətlə evimizə göndərirdi ki, mən rahat işləyə bilim.

Simfonik muğamlar yazılıb qurtarandan sonra mən Moskvaya uçmalı idim, dirijor Rojdestvenski məni orada gözləyirdi. O, Bülbülə söz vermişdi ki, “Şur” və “Kürd-ovşarı” muğamlarını Moskva və Leninqradda ifa edəcək. Təyyarəyə minməyə az qalmış gördüm ki, notlar qoyulmuş çamadan yoxdur. Ümidsiz vəziyyətdə səhər tezdən aeroportdan birbaş Bülbülgilə gəldim. Məni görəndə Bülbül heyrətlə, ucadan: “Sən burda nə gəzirsən, axı, indi Moskvada olmalı idin?!” – dedi. Səbəbini biləndə, o dəqiqə beynində götür-qoy etdi və özü üçün aydınlaşdırdı ki, bu kimin işidir. Lakin həmin adamlar mənim səfərimə mane ola bilmədilər.

Bülbül özünü itirmədi, tez bizim not üzü köçürənimizə zəng vurdu, o da dedi ki, buna bir neçə gün vaxt lazım gələcək. Bülbül tapşırdı ki, nə qədər adam lazım olarsa, hamısını yığsın, notun qaralamaları bizdə qalıb, onlara ən yüksək zəhmət haqqı verəcək. Notlar sabah Moskvaya çatdırılmalıdır. G.Rojdestvenski bütün işlərini təxirə salıb, məşq üçün Fikrəti gözləyir.

Altı nəfər notköçürən bütün günü və gecəni işlədi. O biri günü səhər hər iki partitura hazır idi. Bülbül notköçürənlərə böyük məbləğdə pul verdi, işi yaxşı və tez gördükləri üçün onlara təşəkkür etdi, mən də paytaxt Moskvaya uçdum. Bülbülün dediyi kimi oldu: simfonik muğamların bütün dünyada zəfər yürüşü başladı...”.

Xalq yazıçısı Süleyman Rəhimov:

“Bizim Bülbül, nəğməkar, sənətkar Bülbül!... Bülbül deyəndə, gözümüz dolanıb axtaranda, Bülbülü kim, ya kimlərlə müqayisə etmək istəyəndə, gözümüzün qabağına Üzeyir bəy gəlir, Səməd Vurğun gəlir... Mənim mülahizəmə görə, Üzeyir bəy musiqi aləmində hansı bir yeri tutursa, Səməd Vurğun müasir şeirdə hansı bir mövqedə dayanırsa, Bülbül də vokal-səhnə sənəti aləmində belə bir yer tutur, belə bir mövqedə dayanır. “Koroğlu”nu Bülbülsüz təsəvvürə gətirmək çətindir, altında Qırat, döşündə sədəfli saz, əli ağır toppuzlu Koroğlu Bülbülün ifasında necə də öz klassik ifadəsini tapırmış. Biz müsamirələrdə, təntənəli musiqi məclislərində Bülbülsüz ötüşə bilmirik. Bülbül olmayan bir musiqi məclisində - bəs Bülbül hanı? – deyə bir-birimizdən soruşuruq və narahat oluruq”.

***

Bülbül, musiqiyə qabil, musiqisevər xalqının gələcəyinin xatirəsidir. Azərbaycan xalqının fəxri, bizim tariximizin iftixarıdır. Ölməzliyə qovuşmuş müğənnidir. Unudulmaz sənətkarı vəfatının 58-ci ildönümündə bu xatirələrdə bir daha yad etmək necə də xoşdur.

 

Nigar İSGƏNDƏROVA

 

Mədəniyyət.- 2019.- 25 sentyabr.- S.6.