Ankarada Azərbaycanı tanıdan daha bir məkan
Mədəniyyət, incəsənət, milli mətbəx bir arada
Memar-rəssam Nurlan Yusifov Türkiyədə Azərbaycanı
tanıdan bir sıra əsərlərin
müəllifidir. Ankaranın Keçiörən rayonunda salınan Xocalı parkındakı abidə, Qızılcahamam
rayonunda Xocalı park-muzeyi sənətkarın əməyinin məhsuludur.
Ankarada ən böyük və gözəl parklardan biri olan Heydər Əliyev parkının yenilənməsi də Nurlan Yusifovun memarlıq üslubu əsasında ərsəyə
gəlib.
2011-ci ildə parkın
yenilənməsi ilə
bağlı qərar qəbul edildikdə N.Yusifovun rəhbərliyi altında hazırlanan layihə Azərbaycan və Türkiyə rəsmiləri tərəfindən
qəbul edilir. Tanınmış
memar bildirir ki, həmin layihə üzrə
2012-ci ildə başlanan
işlər iki il davam
edib: “10 hektarlıq ərazi Türkiyə dövləti tərəfindən
park salınmaq üçün
Azərbaycana verilib. 2005-ci ildə parkda
böyük öndər
Heydər Əliyevin heykəltəraş Natiq Əliyev tərəfindən
hazırlanan heykəli
qoyulub. Bizə isə parkı
yeniləmək həvalə
olundu. Onu da qeyd edim ki, bu
parkın konsepsiyası
Türkiyədəki parklardan
fərqlidir. Biz çalışdıq ki,
o, Bakı parklarına
bənzəsin. Bu məqsədlə şam ağacları da daxil olmaqla Bakıdan
müxtəlif ağaclar
gətirilib əkildi”.
Hazırda parkda fəaliyyət göstərən amfiteatr
və kafe də N.Yusifovun təklif etdiyi layihə üzrə inşa olunub. Memar bu barədə deyir: “Hər parkda bir kafe
olmalıdır. Məsələn, bir ailə parka gəlir, bəzən olur ki, uşaq
yorulur, su, çay istəyir. Bu parkın ətrafında
da satış yerləri yoxdur. Ona görə də parkın içərisində
kafeyə ehtiyac var idi. 2014-cü ildə yenilənmə işləri
başa çatdı”.
Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma
Dərnəyi
2018-ci ildə Nurlan
Yusifov həm də Azərbaycan Mədəniyyətini Yayma
və Yaşatma Dərnəyini qurub. Kafeyə isə
Azərbaycanın milli
naxış elementi olan butanın (“Buta Bakı”) adı verilib. Hazırda bütün fəaliyyətlər
bu dərnək çərçivəsində həyata keçirilir.
Beləliklə, Türkiyədə Azərbaycan parkı deyə tanınan bu məkanda həm ölkəmizin mədəniyyəti təbliğ
edilir, həm də milli mətbəx
nümunələri təqdim
olunur. Nəticədə görülən işlər bir-birini tamamlayır.
Həmsöhbətim deyir ki, “Buta Bakı”
kafesi sanki mədəniyyət evidir:
“Bura gələn insan Bakı haqqında məlumat alır, film seyr edir, musiqi dinləyir.
Qonaqlara təqdim etdiyimiz menyu da Azərbaycan
mətbəx nümunələrindən
ibarətdir. Çay, kəllə
qənd, noğul, mürəbbə və s.
Azərbaycandan gəlir.
Bizim mətbəx zənginliyi,
yeməklərimiz sakinlərin
də xoşuna gəlir”.
Qeyd edək
ki, qısa müddətdir ki, fəaliyyətə başlasa
da, bu məkan
Ankarada məşhurluq
qazana bilib. Nəinki sadə
vətəndaşlar, dövlət
adamları da buraya gəlir. Ankara Böyükşəhər
Bələdiyyəsinin müxtəlif
ölkələrdən Türkiyəyə
təşrif gətirən
qonaqlarını da burada görmək mümkündür. Ən çox
sevdikləri yemək isə “Şah plov”dur. Tanınmış elm və siyasət
adamı, Türkiyə
Cümhuriyyəti Təhlükəsizlik
və Xarici Siyasət Şurasının
üzvü İsmayıl
Safi “Buta Bakı”ya gələn qonaqlar sırasındadır. Budəfəki gəlişi reportaj hazırladığım günə
təsadüf etmişdi.
O, fikirlərini belə
ifadə etdi: “Bu məkan açılandan bəri artıq 6-cı dəfədir ki, gəlirəm.
Çox gözəl qarşılayırlar. Azərbaycanın gözəl yeməklərini
dadıram. Dovğa, qutab,
kabab, plovu çox bəyənirəm.
Qardaş Azərbaycan süfrəsi
əsl türk süfrəsidir. Azərbaycan musiqiləri
altında onları dadmaq insana zövq
verir”.
Gələcək planlar – musiqi festivalları
“Buta Bakı”da müxtəlif mədəniyyət
tədbirləri keçirilir. Nurlan Yusifov: “Ayda bir dəfə tanıtım axşamları
keçiririk. Qışdan bəri isə muğam axşamları düzənləyirik. Özümüzün
muğam triomuz var. Bu il milli
bayramımız olan Novruzu möhtəşəm
şəkildə qeyd
etdik. Bu tədbirlərin
hər biri anşlaqla keçir”.
Gələcək planlardan da bəhs edən həmsöhbətim bildirir
ki, Azərbaycan Mədəniyyətini Yayma
və Yaşatma Dərnəyinin xətti ilə musiqi festivalları düzənləməyi
də düşünürlər:
“İşbirliyi olarsa,
daha böyük layihələrə imza ata bilərik. Azərbaycanın Türkiyədəki səfirliyi ilə birlikdə tədbirlər
keçirmişik. Bu istiqamətdə Azərbaycan
Respublikası Mədəniyyət
Nazirliyi ilə əməkdaşlıq qurmaq
fikrindəyik. Azərbaycanın musiqi qruplarını yay festivallarımıza dəvət etməyi düşünürük. İstəyirik ki, bu tədbirlərimiz insanların
yaddaşında iz buraxsın və Azərbaycan mədəniyyətini
bu məkandan Türkiyəyə yayaq”.
Mehparə SULTANOVA
Bakı
Mədəniyyət.- 2019.- 25
sentyabr.- S.6.