Nəsimi festivalı daş və divarları da “danışdıracaq”

 

 

Xəbər verdiyimiz kimi, sentyabrın 28-dən oktyabrın 1-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ikinci dəfə Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək. Festivalın zəngin proqramı var. Bakıda və şairin doğulduğu Şamaxıda ümumilikdə 30-dək tədbir keçiriləcək.

Festival çərçivəsində sərgisi açılacaq ənənəvi “Daşın nəğməsi” heykəltəraşlıq simpoziumunun iştirakçıları isə artıq bir neçə gündür ki, “QalaArxeoloji-Etnoqrafik Muzey Kompleksində öz əl işlərini hazırlayırlar.

“Daşın nəğməsi” IV Beynəlxalq heykəltəraşlıq simpoziumu İmadəddin Nəsiminin yaradıcılığına həsr olunub. Simpoziumda bu dəfə 8 ölkədən 11 heykəltəraş iştirak edir. Rusiya, Rumıniya, Belarus, Çin, İran, Latviya, Bolqarıstan və Azərbaycandan olan heykəltəraşlar aqlay daşından əl işlərini yonurlar.

İranlı heykəltəraş Səid Əhmədi layihədə ilk dəfə iştirak etdiyini deyib. O da digər həmkarları kimi, Nəsimi yaradıcılığından bəhrələnərək maraqlı nümunə ərsəyə gətirmək niyyətindədir: “Bu əsərləri hazırlamaq müəyyən vaxt və təbii ki, əziyyət tələb edir. Ancaq bütün bu əziyyətlərin nəticəsinin yaxşı olduğunu düşünmək lazımdır. Tam gücümüzlə buna çalışırıq”.

Belaruslu heykəltəraş Aleksey Vrublevski bildirib ki, Nəsimi yaradıcılığı ilə yaxından tanışdır. Şairin qəzəlləri onda xoş təəssürat yaradıb. O, yaradacağı əsərdə daha çox şairin poeziyasından ilhamlandığını söyləyib: “Mən də bu tədbirə birinci dəfədir qatılıram. Bir neçə gündür birlikdə çalışırıq. Nəsimi yaradıcılığı ilə tam vəhdət təşkil edəcək sənət əsərinin meydana gəlməsinə inanıram”.

Azərbaycanlı heykəltəraş Fərman Qasımov simpoziuma fərqli və olduqca maraqlı “Təcəlli” əsəri ilə qatılmaq istəyir: “Simpoziumda müxtəlif ölkələrdən olan sənətkarların bir araya gəlməsi, həm də sənət və təcrübə mübadiləsi deməkdir. Digər müsbət cəhəti də ondadır ki, xarici ölkədən olan sənətkarlar Nəsimi yaradıcılığına dərindən bələd olur. Bir sözlə, sənətin dili ilə şairin zəngin yaradıcılığını insanlara çatdırırlar. Hamıya uğurlar arzulayıram”.

Dünyanın əksər ölkələrində belə simpoziumlarda iştirak etdiyini deyən rusiyalı heykəltəraş Nikolay Karlıxanov hər ölkədə fərqli-fərqli əsərlərlə çıxış etdiyini söyləyib və burada Nəsimi yaradıcılığından bəhrələnərək kamil bir əsər yaradacağına əminliyini ifadə edib.

Qeyd edək ki, “Daşın nəğməsi” adlı heykəltəraşlıq simpoziumu 2016-cı ildən keçirilir. Dördüncü simpoziumun yekun sərgisi sentyabrın 30-da açılacaq.

İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində həmçinin “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VIII Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılacaq. Bundan əlavə, Qala qəsəbəsində istifadəsiz sənaye anbarının divarları üzərində işlənmiş rəsm əsərlərindən ibarət “Danışan divarlar” incəsənət layihəsinin ictimai təqdimatı olacaq. Layihə üzrə Azərbaycan, Braziliya, Cənubi Afrika, İspaniya, NiderlandFransadan olan rəssamların “urban/street art” (şəhər/küçə incəsənəti) janrında yaratdıqları əsərlər, Buzovna və Mərdəkan qəsəbələrindən olan yaradıcı uşaqların rəsmləri əsasında divar pannosu da nümayiş olunacaq.

Ümumilikdə isə festival günlərində bir sıra sərgilər təşkil olunacaq. Sentyabrın 28-də Şirvanşahlar sarayında açılacaq “İrfani sirlər” sərgisində Azərbaycan, Türkiyə, Fransa və Özbəkistandan olan 10 rəssam və heykəltəraşın əsərləri nümayiş etdiriləcək. Azərbaycan Milli Xalça Muzeyinin Nəsimiyə həsr etdiyi xalça eskizi müsabiqəsinin yekun sərgisi də bu günlərdə açılacaq. Heydər Əliyev Mərkəzində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin əsərləri nümayiş olunacaq.

 

Mədəniyyət.- 2019.- 25 sentyabr.- S.8.